Cavad Heyət zamanın hökmünə çox inanırdı

post-img

O, müstəqillik illərinin əvvəllərində Azərbaycana tez-tez gəlirdi. Hər gələndə də Nahid Hacızadə ilə mütləq görüşürdü. “Dalğa” qəzetinə verdiyi müsahibələrin ikisini mən qələmə almışdım. Bu qısa yazıda onunla görüşlərimizin hərəsindən bir məqamı yada salmaq istəyirəm.

Birinci görüşdə demişdim ki, Yaqub Zurufçu Cənubun səsi, Seyid Məhəmmədhüseyn Şəhriyar sözü, Cavad Heyət isə Cənubun özüdür. Onda həmkarlarımızdan biri “düzə­liş etməyə” çalışmışdı: “Yox, Cavad Heyət Cənubun varlığıdır”. Məlum olduğu kimi, Cavad Heyətin ərsəyə gətirdiyi “Varlıq” jurnalını nəzərdə tu­turdu. 

Ustad mənim qənaətimə düzəliş etmək istəyən həmkarımıza olduqca astadan, sakitcə, gülümsəyərək ca­vab vermişdi: “ Biz cənubda Süleyman Rüstəmi də, Bəxtiyar Vahabzadəni də, Rüstəm Əliyevi də ayrı-ayrılıqda Azərbaycan kimi qəbul edirik. Ona görə də bu cavan jurnalistin dediyini elə o şəkildə qəbul etmək olar”. 

***

İkinci görüşümüzdə soruşmuş­dum ki, 1945-ci ildə Hitler faşizminin qurbanı olmuş Almaniyanı güclü döv­lətlər parçalamışdı. Alman xalqı artıq bir neçə ildir ki, birləşib. Bəs biz nə üçün yüz illərdir ki, birləşə bilmirik?

Cavad bəy dedi ki, bunun üçün zaman yetişməlidir. Zaman çox məsələləri həll edə bilir. 

Dedim ki, bəlkə biz zamanı bir az tələsdirək?

Dedi ki, zamanı sürətləndirsək, bərk getməli olarıq, tərləyərik. Əlavə etdi ki, qramafon valları hansı tezlik­də yazılıbsa, o tezlikdə də oxudul­malıdır. Yoxsa səs təhrif olunur. Ona görə də biz öz üzərimizə düşən işləri məsuliyyətlə görməli, vaxtı, məqamı gözləməliyik. 

***

Ustadla üçüncü görüşümüz “Respublika” sarayında, “Kitabi Dədə Qorqud dastanı”nın 1300 illiyi müna­sibətilə keçirilən beynəlxalq məclisdə olmuşdu (Elə rəhmətlik foto-müx­birimiz Cahangir İbadov bu yazıda təqdim etdiyimiz fotonu da həmin tədbirdə çəkmişdi). Orada soruşmuş­dum ki, biz bu dastanın 1300 illiyini qeyd edirik, türkmənlər isə 1500 illi­yini qeyd ediblər. Bunların hansı doğ­rudur?

– Hər ikisi!

– Necə yəni? 

– Bu tədbirlərin adlarına fikir ve­rin. Türkmənlər “Dədə Qorqud” das­tanının 1500 illiyini qeyd ediblər. Yəqin ki, əllərində 1500 il əvvələ aid əsaslar var. Biz isə həmin dastanın kitab şəklinə salınmasının 1300 illiyi­ni qeyd edirik. Bizim də əlimizdə əsas var. Bizim keçirdiyimiz yubileyin adı­na fikir verin. Bunlar tamamilə fərqli məsələlərdir. Kimsə o dastanın, tutaq ki, 1800 il əvvələ aid bir əlamətini, sü­butunu tapsa, həmin tarixə də əsas­lanar. Yəni, dastanın şifahi şəkildə, dildən-dilə keçərək sonrakı nəsillərə ötürülməsi ilə onun kitab halına salın­ması tamamilə fərqli məsələlərdir. 

Allah Sənə rəhmət eləsin, böyük insan!

 

İ.QAÇAYEV,

“Xalq qəzeti”

Mədəniyyət