Sabah Qazaxda Vaqif Poeziya Günləri start götürəcək

post-img

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə sabahdan ənənəvi Vaqif Poeziya Günləri başlayır. Əvvəlki illərdən fərqli olaraq, bu il Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin doğma şəhəri – Qazaxın Yuxarı Salahlı kəndindən start götürəcək. İyulun 14–15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Azərbaycan Yazıçılar Birliyinin yara­dıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, bu il Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması amili də poeziya günlərində nəzərə alınacaq. Belə ki, builki Vaqif Poeziya Günlərinin konsepsiyası ümumtürk məzmununda təqdim ediləcək. Bu məqsədlə türk ölkələ­rindən çoxsaylı qonaqlar çağırılıb. 

Tədbirlərdə bütün türk dünyasından olan ziyalılar, şairlər, yazıçılar, mədəniy­yət xadimləri iştirak edəcəklər. Bədii his­sədə Əlişir Nəvai, Yunus Əmrə və başqa türk dünyası dahilərinin yaradıcılığından bəhs ediləcək, poeziya gecəsi və elmi konfransların hər birində Vaqif və türk dünyası kontekstindən çıxış ediləcək.

Poeziya günlərinin türk dünyası ilə əlaqələndirilməsi təkcə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı deyil. Vaqif dövründə ədəbiyyatımızın fars təsirindən çıxıb türkdilli ədəbiyyat kimi formlaşmağa başlaması və Vaqifin bunda danılmaz pay sahibi olması faktı da bu qərarın verilməsin­də rol oynayıb. 

Qeyd edək ki, bu il ana­dan olmasının 100 illiyi qeyd edilən ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənə­li açılışı olub. Məhz bu səfər çərçivəsində ulu öndər Vaqif Poeziya Günlərinin keçiril­məsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə ye­kunlaşardı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirilməkdədir.

Rüfət MƏHƏRRƏMOV

Mədəniyyət