Dünya çempionatında qızıl medal – Paralimpiadaya vəsiqə

post-img

Fransadan daha bir qələbə sorağı gəldi. Parisdə keçirilən dünya çempionatında komandamızın XVII Yay Paralimpiya Oyunlarına ikinci lisenziyası təmin edildi. 

Budəfəki vəsiqənin sahibi Azərbay­can Milli Paralimpiya Komitəsinin atleti­ka idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyevadır. İdmançımız yarışda 100 metr qaçış üzrə 11.99 nəti­cə göstərərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmaqla, həm də Paris Paralimpiyadasında iştirak hüququ əldə etdi. 21 yaşlı idmançı dünya çempionu olmaqla, həm də karyerasının ən böyük uğurlarından birini qazandı. 

İyulun 16-da təmsilçimiz 400 metr məsafəyə qaçış yarışının yarımfina­lında gücünü sınayacaq. Əminik ki, Azərbaycan atleti növbəti medal şans­larından da geniş bəhrələnəcək. Onu da vurğulamaq yerinə düşər ki, Lamiyə Vəliyeva “Tokio–2020” Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçış üzrə yarışda böyük hünər göstərib. Hə­min məsafə üzrə 55.00 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl me­dal qazanan istedadlı paralimpiyaçımız 2012-ci ildə Kuba atleti Omara Durand tərəfindən müəyyən olunan Paralimpiya rekordunu da (55.12 saniyə) yeniləyib. Paralimpiyaçımız dördilliyin ən nüfuzlu idman yarışında daha bir medalı qadın­ların 100 metr məsafəyə qaçışında qa­zanıb. Belə ki, idmançımız 11,99 saniyə nəticə ilə gümüş medala sahib olub. 

Qeyd edək ki, bundan əvvəl “Pa­ris-2024” Yay Paralimpiya Oyunlarına komandamız ilk lisenziyasını əldə edib. İlk lisenziyaya nüvə itələmə növündə 11.74 metr nəticə göstərməklə 4-cü yeri tutan komandamızın üzvü Oloxan Mu­sayev sahib olub. 

Xatırladaq ki, Tokio Paralimpiyada­sında 19 medal – 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan koman­dası ümumi sıralamada onuncu pillədə qərarlaşmışdı.

 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

İdman