“Bakı Yay Caz Günləri” festivalı davam edir

post-img

İyulun 3-dən Heydər Əliyev Mərkəzində başlayan “Bakı Yay Caz Günləri” festivalı çərçivəsində müxtəlif ölkələrin musiqiçiləri bir səhnəyə çıxmaqla maraqlı təcrübələr silsiləsini davam etdirirlər.

Tamaşaçıların konsertlərə böyük ma­rağı festivalın proqramının əvvəlki illərdə olduğu kimi, bu il də olduqca zəngin ol­masını bir daha təsdiq edir. Konsertlərin qapalı məkanlarla yanaşı, açıq havada da təşkil edilməsi cazsevərlər üçün daha da əlçatan olub. Caz günləri festivalında təqdim olunan bir-birindən fərqli, maraq­lı musiqi nömrələri tamaşaçılarda xoş ovqat oyadır. 

Bakı sakini Bəsti Məmmədova şəhərimizdə musiqi festivallarının təş­kilinin gözəl ənənə olduğunu bildirdi: “Xüsusən yay günlərində, açıq havada belə tədbirlərin təşkili insana böyük zövq verir. Bundan əvvəl – festivalın 3-cü günü açıq məkanda gürcüstanlı pianoçu Giorgi Mikadze ilə yanaşı, Azərbaycandan olan gənc pianoçuların çıxışlarını da dinlə­dik. Yaxşı deyirlər ki, musiqinin sərhədi yoxdur. Yəqin bu ona görədir ki, ruhun məhsulu olan musiqi dilindən, millətindən asılı olmayaraq bütün insanları birləşdirir. Caz sənətçilərinin sevə-sevə yaratdıqları əsərlər tamaşaçıların ruhuna hakim olur, zövqünü oxşayır. Belə gözəl musiqi bay­ramına görə təşkilatçılara minnətdarıq”. 

Tamaşaçı Elcan Qafarov caz mu­siqisi ilə hələ yeniyetməlik vaxtından maraqlandığını söylədi. Qeyd etdi ki, hər kəsdə musiqi duyumu fərqlidir. Kimi muğam, kimi rok, kimi də rep dinləməyə üstünlük verir. O isə caz musiqisinin vurğunudur: “Ötən il də analoji festival çərçivəsində təqdim olu­nan musiqi nümunələrindən böyük zövq aldım və xoş təəssüratlarım var. Budəfəki musiqi tədbirinin də olduqca zəngin proq­ramı var. Caz axşamları onsuz da ecaz­kar olan Bakı gecələrinə xüsusi füsun­karlıq verir. Övladlarım da caz musiqisi ilə maraqlanırlar. Konsert proqramları ürəyimizcədir”. 

Əvvəlki konsertlərin birində pianoçu Elçin Şirinov və kvartetinin konsertində olduğunu bildirən Elcan Qafarov qeyd etdi ki, ötən illər ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışan və dün­yanın bir çox ölkələrində gözəl konsert proqramları ilə çıxış edən E.Şirinovun israilli musiqiçilərlə səsləndirdiyi caz ritm­ləri onu valeh edib. 

Tamaşaçılar arasında 12 yaşlı Şəbnəm Tağıyevanın fikirləri də çox maraqlı oldu. Musiqi məktəbində təh­sil aldığını bildirən Şəbnəm bu yay günlərini musiqi festivalının daha da mənalı etdiyini vurğuladı: “Qrupumuzla birgə konsertə qatılmışıq. Azərbaycan­lı pianoçuların təqdim etdikləri musiqi nümunələri zövqümüzü oxşadı. Onların ən məşhur musiqiçilərlə bir səhnədə yer alması ürəyimizcə oldu. Bizim arzumuz da gələcəkdə belə mötəbər festivallarda iştirak etməkdir. Həmçinin, gürcüstanlı pianoçu Giorgi Mikadzenin çıxışına da maraqla tamaşa etdik. Bu konsertlər bizə unudulmaz anlar bəxş etdi. 

Beləcə, Bakıda unudulmaz caz ax­şamları davam edir. Bu gün caz günlə­rinin yekun konsertində dünya şöhrətli Oleq Lundstrem adına Caz Orkestrinin çıxışı olacaq. Əminik ki, cazsevərlər hey­ranedici şedevrlərdən bu dəfə də böyük zövq alacaqlar. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

Mədəniyyət