Azərbaycanın milli-mədəni irs nümunələrindən olan tar musiqi alətinə sevgimizin tarixi qədimdir. Konsertlərdə geniş istifadə olunan tarın xalq mahnılarının, muğamların ifasında məxsusi yeri var. Qardaş Türkiyədə isə musiqilərin bu ecazkar alətin müşayiəti ilə təqdimatına az rast gəlinir. Səbəb orada tarın tapılmamasıdır. Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, sənətşünaslıq elmləri doktoru, professor, Türk Xalq musiqisinə xidmət mükafatçısı İlqar Cəmiloğlu qardaş ölkə mətbuatında bu mövzuda dəfələrlə çıxış edib.
Müsahibimiz söhbət zamanı dedi ki, son vaxtlara qədər Türkiyədə tar musiqi aləti istehsal olunmayıb. İllərdən bəri türk musiqiçiləri tar çalmaq istəsələr də, bu aləti tapmaq çətin məsələ idi. Azərbaycandan oraya tar aparmaq da asan deyildi, çünki yolda sına bilərdi.
– Bəzən risk edərək Bakıdan tar gətirdən musiqiçilər də olurdu, – deyə o bildirdi. – Fəqət Ərzurum Atatürk universitetində çalışdığım 2000–2006-cı illər arasında və 2007-ci ildən günümüzə kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında, tarın tədrisində bu alətə olan marağın qarşısında çarəsiz idim. Əslən Şuşadan olan, uzun illər qədim Gəncə torpağında ömür-gün sürmüş ustadım tarzən Fazil Əlizadədən mənə əmanət qalan tarın səsini dinləyən tələbələrim bu alətdən əldə edə bilməməyin məyusluğunu yaşayırdılar.
Çözüm yollarını axtarırdım. Bir xoş gündə Mustafa Akkaya adlı səmimi bir qardaşımızla tanış oldum. Ətraflı söhbətdən sonra hiss etdim ki, Qaziantepdə, türk təbiri ilə desək, “tar alətini bütün incəliklərinə kimi yapsa, Mustafa bəy yapar. Hər görüşümüzdə ona tardan danışır, bu alətin özünəməxsusluğunu, “sirr”lərini göstərir, şəkil və video görüntüləri açıb tökürdüm ki, marağını çəkə biləm. Şükürlər olsun ki, cəhdim hədər getmədi və Mustafa bəy söz verdi ki, vaxt tapan kimi bu alətdən düzəltməyə başlayacaq.
Nəhayət ki, arzum gerçəkləşdi və yeni tarın işıq üzü görməsinin şahidi oldum. Məramım həyata keçdi, arzum göyərdi. İlk tarın yapılması ilə əlaqədar ötən il Azərbaycan mətbuatında məqalə də verdim. Qaziantep şəhərində yaşayan sənətkar Mustafa Akkaya adlı ustanın “hünər”ini, necə deyərlər, aləmə yaydım.
– Həmin tar orada təkdirmi, yoxsa?..
– Xeyr. Ötən ayın sonlarında Qaziantepin məşhur bağlama ustası-sazbənd Mustafa Akkayanın araya-ərsəyə gətirdiyi ikinci şahanə görkəmli tarı da onun emalatxanasında ziyarət etdim. Həyəcanla bağrıma basdım, kökləyib çaldım.
Bu yerdə yada ölməz şairimiz Mikayıl Müşfiqin misraları düşür:
Oxu, tar, oxu, tar,
Səni kim unudar?...
İlqar Cəmiloğlu həmin anlardan daha ətraflı bəhs etdi:
– Xeyli müddət tarın bütün sirlərini, incəliklərini istedadlı sənət adamı Mustafa bəyə anlatdığım üçün nazlı-qəmzəli görünüşü olan sevimli aləti əlimdən yerə qoya bilmirdim. Hey çalmaq istəyirdim. Sanki, sehirli bir qüvvə köksümü tarın çanağına yapışdırmışdı. Məcnun kimi vurulmuşdum bu ağacdan cana gəlmiş tar isimli Leyliyə. Həyatda çox sevinclər yaşasam da, bu sevincimin tayı-bərabəri yox idi. Anidən bağlama ustası-sazbənd Mustafa bəyi tar qarışıq qucaqlayıb alnından öpməklə sevincimi ifadə etdim. Xeyir-duamı verərək bu cür gözəl görünüşlü, cilvəli, kövrək, zərif, bəzən incə, bəzən də hayqırtılı sədaları olan tarların qardaş ölkədə daha da çox olması gərəkliyini dilə gətirdim. Məhz o gün, yəni 24 iyun tarixi məndən ötrü min aya dəyən gün oldu.
Beləcə, İlqar bəyin səyləri, Mustafa bəyin çalışmaları sayəsində tar yenidən qardaş ölkədə – Anadoluda musiqi cameəsinə bəxş edildi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”