Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyədəki Ümumdünya Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin erkən yaşlarından könlünü al-əlvan rənglər dünyasına bağlayıb. Bu barədə söz düşəndə deyir ki, Qazax rayonunda, indiki Ağstafanın Zəlimxanlı kəndində orta məktəbdə oxuyarkən onu "balaca rəssam" deyə çağırarmışlar. Bütün siniflərin divar qəzetini o hazırlayarmış. İstedadına həyan olan, rəsmlərinə ilk sahib çıxan isə yanında böyüdüyü nənəsi olurmuş. Kənd məktəbində sərgiləri təşkil edilirmiş.
Onunla Səməd Vurğun bağında görüşüb, yaxınlıqdakı emalatxanasına getdik. İçəri girəndə heyrətə gəldim. Rəssam kiçik otaqda elə böyük sənət dünyası yaradıb ki, bilmirsən nəyə baxasan. Hər tərəfində ayrı bir gözəllik var. Heykəltəraşlıq və rəsm əsərlərinin hər birinin öz cazibəsi var. Sənət əsərlərinə göz gəzdirə-gəzdirə sorğu-suala başladım, hər bir əsərin tarixçəsini öyrəndim. Mərhum şair Akif Səmədin portretini göstərib onunla olan dostluğundan söz açdı, bu portretin onun üçün xüsusi dəyər daşıdığını dedi. Mən də bu yerdə hansı rəsmini “şah əsəri” hesab etdiyini soruşdum.
– 1988-ci ildə milli azadlıq hərəkatının yeni başlanan vaxtları idi, – deyə cavab verdi. – Məhəmməd Hüseyn Şəhriyarın portretini çəkmişdim. O vaxtı bu əsər böyük əks-səda yaratdı, mətbuatda haqqında xoş sözlər yazıldı. Məncə, şah əsərim elə Şəhriyarın portreti olub.
Nəvai Mətin 1989-cu ildə Pedaqoji İnstitutun (indiki ADPU) bədii qrafika fakültəsini bitirib. Onun əsərlərinin mövzusu çoxşaxəlidir. Portret janrına daha çox üstünlük verən rəssam, naturadan təbiət təsvirləri çəkməyi də çox xoşlayır.
Budur, onun “Göyəzən” adlı peyzajına baxıram. Seyr etdiyim ecazkar mənzərə məni xəyal qanadlarında uzaqlara aparır. Unudulmaz Xalq şairimiz Səməd Vurğunun “Göylərə baş çəkir Göyəzən dağı” misrası yadıma düşür. Göyəzənin adi bir qaya olduğunu bilə-bilə niyə dağ kimi təsvir etdiyini soruşanlara Səməd Vurğun “Hünər odur qayanı dağ kimi təsvir edəsən, dağı qaya kimi yox” cavabını vermişdi. Nəvai Mətinin “Göyəzən”i də Vurğun şeirində olduğu kimi əzəmətlidir, vüqarlıdır.
Nəvai Mətin xalqımızın başına gələn faciələrə də biganə qalmayaraq, ağrılı mövzularda bir sıra rəsm çəkib. Onun Xocalı soyqırımına, Bakıda 2015-ci il mayın 19-da baş verən və 15 nəfərin ölümü, 64 nəfərin yaralanması ilə nəticələnən yanğın hadisəsinə həsr etdiyi rəsmlərinə etinasız yanaşmaq olmur.
Rəssamın yaşayış binasında yanğına həsr etdiyi əsər Azərbaycan rəngkarlıq sənətində yeni üslub tərzi ilə seçilir. Həmin əsər 3D formatlı rəsmin Azərbaycan rəssamlığında ilk nümunələrindən biri kimi, vitraj və peyzaj yaradıcılığının vəhdətindən ibarət təsirli sənət örnəyidir. Rəsmə baxdıqca, sanki, adamı alov qarsır, özünü faciənin qoynunda hiss edirsən.
Soydaşımızın əsərləri bir çox xarici sərgilərdə də maraq doğurub. Onun rəsmləri Amerika, Polşa, İsveçrə, Türkiyə, Rumıniya, Qazaxıstan incəsənət həvəskarlarının kolleksiyalarına daxildir. Elə bu yaxınlarda Türkiyənin İzmir şəhərində “Amazonlar və Tiranlar” adlı sərgidə iştirak edib. Bir qayda olaraq, öz əsərləri ilə fərqlənməyi bacaran rəssam gənclərə də dəstək verir. Onların sərgilərinin təşkilinə, beynəlxalq incəsənət festivallarına qatılmalarına kömək edir.
– Sizin bir rəssam kimi ustadınız kim olub?
– Mənim ustadım Rəis Rəsulzadədir – Məhəmməd Əmin Rəsulzadənin nəvəsi. O vaxtlar sovet senzurası səbəbindən biz Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu bilmirdik. Emalatxanada Rəis müəllim tez-tez babası haqqında söhbətlər edərdi. Mən də onun kim olduğunu bilmədiyim üçün öz babamdan danışardım (gülür). 1988-ci il mitinqləri başlananda Azadlıq meydanında Rəsulzadədən danışıldığını eşidəndə təəccüblənmişdim. Ən yaxındakı telefon köşkünə gedərək oradan Rəis müəllimə zəng edib, həyəcanla demişdim ki, müəllim burda sizin babanızdan danışırlar.
– Tez-tez xarici səfərlərdə olursunuz, getdiyiniz ölkələrlə bağlı sənət təəssüratlarınız necədir: onlar və biz seçilirikmi?
– Ümumiyyətlə, bu gün dünyada incəsənət arxa plana keçib. Mənəviyyat maddiyyata məğlub olur. Amma sənət yaşayır, mübarizə aparır. Azərbaycan dövləti daim mədəniyyətə, incəsənətə diqqət və qayğı göstərir. Sadəcə adamlar bu dəyərləri bəzən arxa plana keçirirlər. Sərgilərə az adam gəlir. Bu yöndə təbliğatı gücləndirmək lazımdır.
Nəvai Mətin haqqında təkcə sənət dostları deyil, sənətsevərlər də yüksək fikirdədirlər. Onun haqqında oxuduğum fikirlər, mötəbər sənət adamlarının qənaətləri, təbii olaraq, Azərbaycan və Türkiyənin mədəni mühitində, sənət dünyasında geniş tanınan Nəvai Mətinin obrazını yaradır. Bu obraz yazıçı Aslan Quliyevin dediyi kimi, “rənglər və işıq dünyasının adamı”, “həyatın işığını əsərlərinə hopduran” bir rəssamın portretini göz önündə canlandırır.
Rüfət MƏHƏRRƏMOV