Son zamanlar Heydər Əliyev Fondunun, xüsusən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin ən qədim sahələrindən olan muğam sənətimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği istiqamətində həyata keçirdiyi layihələr xalq arasında böyük maraq və hörmətlə qarşılanır. Ancaq hələ də bu dəyərli sənət növü haqqında bildiklərimiz muğamın fəlsəfəsini tam əks etdirmir. Nə yaxşı ki, bir çox tədqiqatçılarımız muğamın həm tarixini, həm fəlsəfəsini, həm də əsas mahiyyətini araşdırmaqla məşğuldurlar.
AMEA-nın Ədəbiyyat, Fəlsəfə və Sosiologiya institutları elmi şuralarının qərarı ilə nəşr edilmiş “İslam, muğam və Füzuli”, “Füzuli düşünərkən” və “Muğam həqiqətlər, dini-fəlsəfi baxış” kitablarının müəllifi, tədqiqatçı Rəhim Müseyibovu xalq musiqisinin xiridarları arasında tanımayan yoxdur. O, “Muğam dünyası” elmi-bədii-publisistik jurnalının baş redaktoru kimi “Füzuli yaradıcılığında” sufi (təsəvvüf) motivləri və muğam sənəti. Fəlsəfi-estetik təhlil” mövzusunda 30-dan çox elmi-publisistik məqalə ilə çıxış etmişdir. Rəhim Müseyibovun bir məqaləsini oxuculara təqdim edirik.
Sovet dönəmində bu sənətin musiqi-elmi cəhəti, yəni dəstgahların melodiya və lad intonasiya əsaslarının vəhdəti daha çox öyrənilsə də, onun fəlsəfə və mahiyyətinin şərhində, idrak prinsipi kimi muğamın məğzi olan ruhi tərəfinin qavranılmasında boşluq müşahidə olunurdu. İslam mədəniyyətinə xas olan estetik düşüncə tərzi ilə, xüsusilə, təsəvvüf ( islam əxlaqı) və irfanla bağlı olan dəstgah sənətinin dini-fəlsəfi tədqiqatı, ümumən, aparılmamışdır.
Aydındır ki, mahiyyətdən kənarda, forma (quruluş) səviyyəsində öyrənilən biliklər tam ola bilməz. Xüsusi ifa üslubuna malik, dünyəvi xarakterli musiqi janrı kimi təqdim olunan bu sənətin məzmunu, mahiyyəti, fəlsəfəsi, ideyası düzgün açılıb təhlil edilmirdi. Elmi ədəbiyyatlarda ümumi halda bildirilirdi ki, dəstgahların şöbələri müəyyən bədii fikri müxtəlif ifadə vasitələri ilə əyan edir və dəstgahın əsas ideyasının tədricən açılmasında müxtəlif mərhələ rolunu oynayır. Yaxud, dəstgah küll halında məntiqi inkişaf qaydası üzrə hissələrin mütəşəkkil məcmusudur. Dəstgahın vahid (əsas) inkişaf xətti ardıcıl surətdə, məntiqi qaydaya əsaslanaraq, öz bütövlüyünü, tamlığını saxlayır və s.
Göründüyü kimi, bu izahlarda dəstgahın məzmunu (daxili proseslərin əlaqə və inkişaf prinsipləri və s.), mahiyyəti (daxili inkişaf qanunları və meyillərini müəyyən edən xassələrin açıqlanması və s.), fəlsəfəsi (konkret olaraq hansı ideyanın tədricən inkişaf edərək açılması) açıqlanmır.
Sual olunur: Dəstgahlardakı məntiqi inkişaf niyə və necə baş verir? Bu məntiqi inkişafın xarakteri necədir? Bu suala cavab tapmaq üçün, həm də musiqişünas alimlərin tövsiyələrini nəzərə alaraq, muğam dəstgah sənətinin fəlsəfi köklərinin İslam zəminində təhlilini nəzərdən keçirək. Araşdırmada təsəvvüf və muğam dəstgah sənətinin əlaqələndirilməsi, yəni dəstgah fəlsəfi konsepsiyasının “Vəhdəti vücud” nəzəriyyəsinə bağlılığı, onların ortaq və oxşar cəhətlərinin aşkarlanması məsələsi öz əksini tapıb.
Ümumən, muğam irsinin dərk olunmasında, o cümlədən bir mütəhərrik musiqi forması kimi dəstgah sənətinin spesifikasının düzgün anlaşılması, eləcə də idrak prinsipi kimi muğamın ruhi tərəfinin qavranılmasında faydalı ola biləcəyini nəzərə alaraq, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Elmi Şurasının qərarı ilə çapı məsləhət görülmüş “Muğam həqiqətinə (yaranışığına) dini-fəlsəfi baxış” adlı tədqiqat əsərinin nəticələrinə istinadən yazdığım “Muğam ariflər üçündür” məqaləsində qeyd etmişəm ki, dünyəvi xarakterli musiqi janrı kimi təqdim edilən dəstgah sənətinin təsəvvüf zəminində aşkarlanan özünəməxsus fəlsəfi-estetik xüsusiyyətləri, müasir ifaçılıq sənətində tam məsuliyyəti ilə nəzərə alınmır.
Məlumdur ki, idrak prosesi getdikcə daha mükəmməl, daha geniş həqiqətə doğru hərəkət kimi baş verir. Fəlsəfi baxımdan vacib tələblərdən biri, dəstgahın ifası boyu inkişaf etməli olan ideya bəlli-aydın olmalıdır ki, idrak prosesində ideyanın mühüm cəhətləri müəyyən edilə bilsin. İdrak prosesinin dialektikasına görə, dəstgahın ifası zamanı şöbələrin bir-birinə zəruri olan bağlılığını həm ideya daşıyıcısı olan qəzəlin, həm də muğam şöbəsinin musiqi məzmunu təmin etməlidir. Belə ki, dəstgahın tədricən inkişafında ideya və musiqi (muğam) baxımından hər şöbə sonrakı şöbələrin inkişafı üçün zəmin kimi çıxış edir. Bu inkarı inkar qanununun tələbidir.
Deməli, dəstgahın tədrici inkişafı boyu tələb olunan dinamik yüksəlişin təmin olunması üçün ifa olunan qəzəllər bədii forma və məzmun baxımından tənzimlənməlidir. Başqa sözlə, ifa üçün seçilən qəzəllərin kompozisiyasında musiqi ilə əlaqə (rabitə) yaradılmalıdır. İfa zamanı belə əlaqə-rabitənin olmaması, bədii forma və məzmun arasındakı vəhdəti (birliyi) pozur, dərketmənin hissi və əqli ünsürlərinin inkişafında anlaşılmazlıqlar yaradır, idrakın daha geniş həqiqətə doğru inkişaf prinsipini pozur və tələb olunan konseptuallığın, yəni dəstgahın ifası zamanı təqdim olunacaq zehni obrazın, o cümlədən ümumi fikrin (anlayışın) yaranmasında çaşqınlıq, qeyri-müəyyənlik yaradır.
Fəlsəfi baxımdan əgər hər hansı bir ideya, müvafiq bədii formada, bədii obrazlar halında ifadə edilməyibsə, bu ideya hələ incəsənət əsəri deyildir! Hegelin təbirincə desək: İliadanı İliada edən, məzmunun ifadə olunduğu poetik formasıdır.
Bu mənada ideyası Allaha məhəbbət olan dəstgah sənətinin birbaşa təsəvvüfün elmi məqsədinə – kamil insan və mənəvi təmizlənmə ideyasına xidmət etdiyini tam əminliklə qeyd edə bilərik:. Böyük şairimiz Füzuli deyirdi:
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq, kim,
Bu Fəzilət daxili-əhli-kamal eylər məni.
Bəli, yuxarıda verilən şərh və izahlardan göründüyü kimi, muğam dəstgah sənətinin əvvəli də ilahi eşqə yetmək ideyasıdır, yekunu da bu məqama çatmaq, vəhdətə nail olmaqdır. Aşkar görünən də formaca çoxsəslilikdən kamil tək (zil) səsə doğru, buradakı gizlinlik də xanəndənin dini-mistik halı ilə – yəni birmənalı olaraq ulu yaradanla bağlıdır.
Bəli, doğrudan da, MUĞAM – varlığa bəsirət gözü ilə baxan, insani kamilliyi ali həqiqətlə vəhdətdə qavrayan zövq və hal əhli olan ariflər üçündür!
Rəhim MÜSEYİBOV,
muğam tədqiqatçısı