Təhsildə sertifikatlaşdırma Azərbaycan məktəbinə nə verir?

post-img

İyulun 6-da ADA Universitetində elm və təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşüb. Tədbirdə yüksək nəticə göstərmiş müəllimlərlə yanaşı, mətbuat nümayəndələri, təhsil ekspertləri və digər şəxslər də iştirak ediblər. Nazir “Sertifikatlaşdırma: Peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda brifinq keçirib, imtahanlarla bağlı statistikanı ictimaiyyətə təqdim edib. 

Nazir bildirib ki, 2022–2023-cü illərdə 38 min müəllim sertifikatlaşdırma imtaha­nında iştirak edib. Prosesin birinci mərhələsi 2022–2027-ci illəri əhatə edəcək, sonra ikin­ci hissə başlanacaq. Müəllimlik peşəsinin ən rəqabətli sahə olmasını nəzərə alsaq, bu baxımdan, sertifikatlaşdırmanın üstünlükləri çoxdur. Bu proses həm də müəllimlərin hə­yatının maddi cəhətdən yaxşılaşdırılmasına hesablanıb.

Nazir deyib ki, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keç­miş səhvlərdən nəticə çıxarmaqdır: “İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaş­dırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üzrə yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib. 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal, 10 faizi isə 10-19 bal toplayıb. 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib”.

E.Əmrullayevin sözlərinə görə, zəif nəti­cə toplayan ibtidai sinif müəllimlərinin çoxu orta ixtisas təhsillidir: “Sertifikatlaşdırma imtahanında iştirak edən ibtidai sinif müəl­limlərinin 53 faizi orta ixtisas, 47 faizi isə ali təhsillidir. Orta ixtisas təhsilli müəllimlərin orta balı 37, ali təhsillilərin göstəricisi isə 41 bal olub. 0-29 bal toplayanlardan 38 faizi orta ixtisas təhsilli, 20 faizi isə ali təhsillidir. Daşkəsən, Ağcabədi və Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu imtahanın birin­ci mərhələsində uğursuz olub. Bakı, Sumqa­yıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40+dur”.

İmtahanlarda suallarının çətin olacağına diqqət çəkən nazir deyib ki, bu, zamanla baş verəcək. Birdən-birə dərəcəni qaldırmaq fay­dasız olar: “Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib. Azərbaycanda 25 yaşdan yuxarı adamların, təxminən, 60 faizi oxuduğunu başa düşmür, yəni, əsas məqsədini anlamır".

Nazir bildirib ki, son 10 ildə müəllimlə­rin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2022-ci ilin yanvar və sentyabr aylarında, 2023-cü ilin isə fevral ayında artımlar olub. Onun sözlərinə görə, hazırda orta aylıq əmək haqqı 830 manat təşkil edir: “Sertifikatlaş­dırma imtahanında yüksək nəticə göstərənlər üzrə 35 faiz əlavə alanlar 1270 manat, 10 faiz əlavə alanlar 1030 manat, imtahanda iştirak etməyənlər 750 manat alırlar. Çalışırıq ki, əmək haqqı bundan sonra da artsın”. 

Müəllimin imtahanlarda 51-dən çox bal toplamağının dərhal direktor olmaq məna­sına gəlmədiyini diqqətə çatdıran nazir vur­ğulayıb ki, bunun üçün bəzi proseslər var: “Tövsiyə edərdim ki, yüksək nəticə toplayıb direktor olmaq istəyən müəllimlər peşəkar bir direktorun yanında müavin olsun, daha da püxtələşsin”.

Gələcəkdə yüksək bal toplayan müəllim­lərin metodist ola bilmələrini deyən E.Əm­rullayev bildirib ki, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: “Dü­şünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.

Təhsil naziri nazirliyin iki əsas məqsə­dinə də toxunub: “Bizim iki məqsədimiz var: birincisi, keyfiyyəti qaldırmaq, ikinci­si, həmin keyfiyyəti bərabər paylamaq. Biz savadsızlığa qarşı total reaksiya vermirik. Rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər. Müəllim­lər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır. 

Onun sözlərinə görə, son 3-4 ildə riyaziy­yatla məşğul olan insanın bu fənlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuq­lu bölməni həll edə bilmir. Belə şəxslərin sayı çox olmasa da, var”.

Nazir, həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktorlara həvəsləndirici or­den, medal və adların verilməsi çətindir: “Saxta yolla alim adı almış adamla əsl ali­mi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik".

Nazir sonda bildirib ki, problemləri na­zirlik təkbaşına həll edə bilməz. Burada cə­miyyətin məsələyə münasibəti köklü şəkildə dəyişməlidir. Dəyişməsə, təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək müm­kün olmayacaq.

“Xalq qəzeti”



Təhsil