AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının prezidentinin dəvəti ilə bu ölkədə səfərdədir. İ.Həbibbəyli əvvəlcə Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olub.
Mərkəzin direktoru Sofiya Şiqayeva-Metriska diqqətə çatdırıb ki, Universitetdə türkologiya və şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə 2013-cü ildən Azərbaycan dili, 2015-ci ildən Azərbaycan multikulturalizmi fənləri tədris olunur, yeni dərs ilindən isə Azərbaycan ədəbiyyatı fənninin tədrisinə başlanılacaqdır.
AMEA prezidenti Akademiyanın Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyini də ziyarət edib. Muzeyin direktoru, professor Stefan Aleksandrov muzey eksponatları barədə ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli dünyanın nadir qədim insan məskənlərindən biri olan Azıx mağarası və sairə barədə söhbət aparıb və arxeologiya sahəsində mövcud əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli akademiyanın Etnologiya və Folklor, Ədəbiyyat institutlarının rəhbərləri ilə də görüşüb. Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru Penka Vatova rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyəti barədə geniş söz açaraq, birgə tədqiqatların əhəmiyyətindən danışıb.
AMEA rəhbəri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar, əldə edilən mühüm elmi nəticələr barədə danışıb. Azərbaycanın Şəki və Bolqarıstanın Qabrovo şəhərlərinin timsalında satira və yumor üzrə birgə tədqiqat layihəsinin mətnini təqdim edən akademik İsa Həbibbəyli layihənin əhatə dairəsi, mahiyyəti, mərhələləri və əhəmiyyətini diqqətə çatdırıb.
***
AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski çıxış edərək Azərbaycanla Bolqarıstan akademiyaları tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsinin hər iki ölkənin müvafiq elmi qurumları arasında əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Bolqarıstanla elmi əməkdaşlıq sahəsində süni intellekt, elektron xidmətlər, seysmologiya, antropologiya, etnologiya, arxeologiya, ədəbi-mədəni əlaqələr və sair kimi elmi istiqamətlərin ön mövqeyə çəkiləcəyini qeyd edib, müştərək elmi layihələrin müəyyən edilərək həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
“Xalq qəzeti”