Mədəniyyət xəbərləri

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən (BTMİF)“Türk dünyasına baxış – 2040” konsepsiyasının əsas istiqamətlərindən olan “Türk dünyasının mədəni irs siyahısı”nın hazırlanması ilə bağlı iş aparılır. 

Qurumun təşəbbüsü ilə sözügedən mədəni irs siyahısının hüquqi mətni ha­zırlanır. Sənədlə bağlı Türk dünyasının akademik, hüquq və mədəni irs sahələ­rindəki mütəxəssislərinin iştirakı ilə ilk onlayn iclası keçirilib. Müzakirədə mə­dəni irs hüququ üzrə ekspertlər, maddi və qeyri-maddi irslə bağlı ixtisaslaşmış alimlər, sualtı irsin tədqiqi ilə məşğul olan beynəlxalq təşkilat və qurumların nümayəndələri iştirak ediblər. 

BTMİF prezidenti Günay Əfəndiye­va sənədin hazırlanmasına dair təşkilat tərəfindən mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıb. 

*** 

Sumqayıt şəhərindəki Poeziya Evində Tatarıstan Respublikasının Əmək­dar incəsənət xadimi, yazıçı-dramaturq, rejissor Danil Salixovla görüş keçi­rilib. 

Tədbirdə yerli yazarlar, Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları və mə­dəniyyət işçiləri iştirak ediblər. Həmkarları Danil Salixovun həyat və yaradıcılı­ğından danışıblar. Ona “Sumqayıt Poeziya Evinin fəxri qonağı” diplomu təqdim olunub. Sonda qonaq tatar folklorundan nümunələr səsləndirib. 

*** 

Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdləri üçün açıq havada sərgi-plener təşkil olunub. 

20 şagirdin iştirak etdiyi bədii aksiyada yağlı, akril və sulu boyalar vasitəsilə kətan və kağız üzərində mənzərələr əks olunub. Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov gənc rəssamlara gələcək fəaliyyətlərində yaradı­cılıq uğurları arzulayıb. 

 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət