“Google” şirkətinə məxsus “YouTube” yeni funksiyalar və xidmətlər üzərində təcrübə aparmaqda davam edir. “Yonhap” xəbər agentliyinin məlumatına görə, şirkət iyunun 30-da Cənubi Koreyada canlı alış-veriş üçün ilk rəsmi kanalını açmağa hazırlaşır.
Yeni kanal Koreya dilində fəaliyyət göstərəcək və ilk olaraq 90 günlük layihə kimi fəaliyyət göstərəcək. Şirkət 30-a yaxın brendin alış-veriş məzmununu canlı yayımlamağı planlaşdırır. Bu markalara “LG Electronics”, “Samsung Electronics”, “Hyundai Motor”, “Shinsegae” və s. daxildir.
Kanal, həmçinin canlı ticarət əlaqəsini artırmaq üçün “YouTube”un bütün imkanlarından istifadə edəcək. İzləyicilər satıcılarla söhbət edə, virtual hədiyyələr və stikerlər göndərə, eksklüziv fan-klublara qoşula və premium məzmuna (ödənişli abunə xidməti, reklamsız videoya baxış və s.) daxil ola biləcəklər.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”