“Co onu bağışlayacaq...”

post-img

Son illər Ağ evin keçmiş və hazırkı sahibləri ətrafında cərəyan edən hadisələr özünü demokratiya carçısı kimi dünyaya təqdim edən ABŞ haqqında formalaşan təsəvvürlərə kəskin zərbə vurmaqdadır. Xüsusilə son bir neçə ayda eks-prezident Donald Trampın məxfi dövlət sənədlərini evində gizlətməsi, vergidən yayınması, prezident Co Bayden və oğlu Hanter Baydenin korrupsiyada şübhəli bilinmələri ölkə daxilində çox böyük gərginliyə səbəb olub.

Bu günlərdə şərhçi Nik Hilbert­son “Breitbart” portalında dərc edilən məqaləsində yazır ki, respublikaçılar ABŞ Ədliyyə Nazirliyini ikiüzlülükdə günahlandıraraq istintaqın Hanter Baydenlə bağladığı razılaşmanı kəs­kin tənqid edirlər. Portalın oxucuları respublikaçıların ittihamlarına qoşu­laraq bildirirlər ki, “Demokratlar kons­titusiyadan tualet kağızı kimi istifadə edirlər”. 

Mühafizəkarlar Hanter Baydenin federal prokurorlarla mehriban söv­dələşməsini alt-üst ediblər. Sövdələş­məyə əsasən, prezidentin oğlu "fede­ral gəlir vergisini qəsdən ödəməməklə" bağlı iki ittihamda günahını etiraf edib və odlu silahları qanunsuz saxladığına görə qanun pozuntusu üzrə profilakti­ka proqramına qoşulmağa razılaşıb.

“Breitbart News”un böyük redakto­ru Joel Pollakın açıqlamasına görə, bu saziş Hanter Baydenin həbsxanadan yayındırılması deməkdir. Eks-prezi­dent Donald Tramp isə “Truth Social” sosial şəbəkəsində Hanterin cəzası­nı “yol cəriməsi” ilə müqayisə edərək yazıb: "Vau! Baydenin korrupsiyaya bulaşmış Ədliyyə Nazirliyi Hanter Baydeni yüz illərlə həbs cəzası olan cinayət işinə görə, sadəcə, yol hərəkə­ti qaydalarını pozmağa bənzər cərimə ilə cəzalandıraraq, xilas edib".

Hanterlə razılaşma Trampın pre­zidentlik müddətinin sonunda Mar-a-Laqoya apardığı iddia edilən məxfi sənədlərin saxlanması ilə bağlı 37 fakt üzrə məhkəmə qarşısına çıxarılmasın­dan düz bir həftə sonra əldə edilib. Pol­lak bildirib ki, Trampın bütün maddələr üzrə təqsiri sübut olunarsa və hakim hər bir maddə üzrə maksimum cəza təyin edərsə, eks-prezident, ümumilik­də, 400 il həbs cəzası ala bilər.

ABŞ-ın 45-ci prezidentinin oğlu ki­çik Donald Tramp baş verənlərlə bağlı bölüşdüyü rəyində yazır ki, bu razı­laşma "çox pis proteksionizm qoxusu verir və açıq-aşkar iki səviyyəli çürük ədliyyə sistemini ifşa edir". 

"Əgər siz respublikaçısınızsa, Baydenin Ədliyyə Nazirliyi cinayət mə­cəlləsinin maddələrini gözünüzə soxa­caq və sizi yüz illik dəmir barmaqlıqlar arxasına salmağa çalışacaq. Yox, əgər Hanter kimi düzgün soyadınız varsa, sizi qoruyacaq, sizinlə incə davrana­caqlar”, – deyə kiçik Tramp əlavə edib.

“Judicial Watch” hüquq müdafiə­çiləri təşkilatının prezidenti Tom Fitton da “Twitter” hesabında yazıb ki, sev­dalı sövdələşmə "üzə tüpürmək və qanunun aliliyinə hörmətsizliyin nüma­yişidir". O, bəyan edib ki, prokurorluq "xarici ölkədən rüşvət almaqla bağlı Coya (Bayden) qarşı irəli sürülən iddi­alardan da yayınır". 

Doktor Sebatsian Qorka Fittonla razılaşır və yazır: "Bu, onun atasının Ədliyyə Nazirliyinin və vergi idarəsinin istintaqla bağlı təklif edilən aşiqanə və çox mərhəmətli bir razılaşmadır. Sa­dəcə, onu cərimə ödəməyə məcbur etdilər və indi də Hanter öz kokain və rus fahişələri olan yuvasına qayıdır. Ədalət yoxdur!” 

Respublikaçıların prezidentliyə namizədlərindən biri Vivek Ramas­vami bu razılaşmanı "törətdikləri real cinayətlərə görə məsuliyyət daşımaq­dan həmişəkindən daha çox qorx­duqlarını göstərən geri çəkilmə immi­tasiyası" adlandıraraq deyir: "Hanter Baydenin istintaqla sövdələşməsi za­rafatdır. Əsl məqsəd səs yazılarıdir, çünki onlardan məlum olur ki, Hanter və Co Bayden Ukraynanın “Burisma” şirkətinin rəhbərindən rüşvət alıblar".

Respublikaçı senator Co Vens də çox sərt fikirlər səsləndirib. O bildirib ki, razılaşma "qanunun biabırçı ikili stan­dartlarını" nümayiş etdirir. Hər hansı digər amerikalıya analoji qanun po­zuntusuna görə daha sərt və amansız cəza veriləcəkdi. Prezidentin oğlunun isə əlini sıxıb razılaşırlar. Bu, Baydenin Ədliyyə Nazirliyinə təyin edilmiş şəxs­ləri niyə dəstəkləyə bilməyəcəyinizin mininci sübutudur. Bizim ölkəmizdə ikisəviyyəli ədliyyə sistemi fəaliyyət göstərir. Bu, rüsvayçılıqdır”. 

Respublikaçı senator Tom Kotton da təqribən eyni fikri bildirib: "Gəlin açıq və birbaşa danışaq: soyadı Bay­den olmayan hər hansı bir şəxs Hante­rin cinayətlərinin kiçik bir hissəsini belə etsəydi, onun üçün nəticələr çox ciddi olardı".

Maraqlıdır ki, Hanter Baydenin sövdələşmə xəbəri Trampın məxfi sənədlərlə bağlı məhkəmə prosesinin "sürətlə izlənildiyi" bir gündə yayılıb. Trampın məhkəməsinin daha əvvəl keçiriləcəyi və ona cəmi səkkiz həftə qaldığı bir vaxtda, Hanter Bayden is­tintaqla sövdələşərək bütün bu nout­buk işindən asanlıqla canını qurtarır. 

Respublikaçılar Partiyasında olan qanunvericilər Nümayəndələr Pala­tasının üzvü Marcori Taylor Qrin, se­natorlar Couş Houli və Rik Skott Əd­liyyə Nazirliyinin Baydenlərin işinə münasibətilə ABŞ prezidentliyinə əsas namizəd olan Trampa qarşı ittihamla­ra münasibətdə nə qədər kəskin fərq olduğuna işarə edirlər. Qrin yazır: "Hanter Bayden silah saxlamaqda və kiçik vergi cinayətlərində günahlarını etiraf etsə də, həbs cəzası almadı.Bu qondarma bir proses və baş aldat­maq üçün olan bir oyundur. Guya o, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir. Yazıq və qərəzli Ədliyyə Nazirliyi öz oyuncaq-prezidentini müdafiə edir, Co və Hanter Baydenləri qanunla ittiham etməkdən imtina edir”. 

Məqaləyə Rik Skottun “Twitter”ə yazdığı aşağıdakı sözlərlə yekun vu­rulub: "Hanter Bayden sadəcə əllə­rini bir-birinə vurur, Böyük Oğlan isə əsas siyasi rəqibini ovlamaqda davam edir. Burada hamı üçün bərabər olan ədalət mühakiməsi haradadır? Bu, bizim qanunlara qətiyyən hörmət qoy­mayan ailə tərəfindən qanunvericilik sistemimizi ələ salmaqdır”.

Hazırladı: İLQAR, “Xalq qəzeti”

Dünya