Mütaliə mədəniyyətdir

post-img

"Xəzər Universiteti Nəşriyyatı"nda AMEA Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Abid Tahirlinin “Məhəmməd Altunbayın həyatı və yaradıcılığı” adlı yeni kitabı nəşr olunub.

Məhəmməd Altunbay Azərbaycanda repressiya dalğasının gücləndiyi illərdə köçüb getdiyi xaricdə ən fəal mücahidlər­dən olub. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1949-cu ildə Ankarada təsis olunan Azər­baycan Kültür və Dayanışma Dərnəyinin yaradılmasında yaxından iştirak edib, mətbuatda məqalələri çıxıb. Həmin yazı­lar Azərbaycan istiqlal mücadiləsi tarixini, onun bayraqdarlarının həyat və fəaliyyə­tini işıqlandıran dəyərli mənbələrdir.

***

Bakı Dövlət Universitetinin Azərbay­can ədəbiyyatı tarixi kafedrasının pro­fessoru Vaqif Sultanlı və yazıçı-publisist İrəc İsmayılın birgə tərtib etdikləri “Ana dili – milli varlığın təməli” kitabında Azər­baycanın bir çox görkəmli alimlərinin di­lin ayrı-ayrı problemlərinə həsr olunmuş məqalələri toplanıb.

Kitabda Azərbaycan türkcəsinin mifo­loji qatları, folklor qaynaqları, tarixi kök­ləri, türk dilləri içərisində yeri, dilin adı və ədəbi dil normaları ilə bağlı məsələlər əhatə olunub. Həmçinin Güney Azər­baycanda 40 milyondan artıq türkün ana dilində təhsil imkanlarının olmaması milli dili təhdid edən mühüm amil kimi dəyər­ləndirilib.

***

Şair Akif Əhmədgilin tərcüməsində Hacı Zeynalabdin Tağıyevin 1886-cı ildə hazırladığı “Neft sənayesinin təcili ehti­yacları” hesabat-məqaləsi kitabça halın­da “Qanun” Nəşrlər Evində çap olunub. 

Böyük neftxuda Tağıyevin həmin hesabatı Sənaye və Ticarətə Dəstək Cəmiyyətinin Bakı şöbəsinə müraciəti idi. Sənəddə neft sənayesi üzrə görülən işlər, yerli və xarici sərmayələr, sahənin inkişafı ilə bağlı çatışmazlıqlar rəqəmlər göstərilməklə geniş təhlil edilib.

Zamanında həmin hesabat böyük marağa səbəb olduğu üçün 1890-cı ildə “Kaspi” qəzeti tərəfindən rus dilində kitab halında nəşr olunmuşdu. Tərcüməçi hə­min nəşri M.F.Axundov adına Milli Kitabxananın arxivindən əldə edərək dilimizə çevirib. 

Əli ƏLİYEV, “Xalq qəzeti”





Mədəniyyət