“Sea Breeze Resort” kompleksinin “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında teleaparıcı, Milli Məclisin deputatı, müasir Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri Anar Məmmədxanovun şərəfinə adlı ulduzun açılışı olub.
AZƏRTAC xəbər verir ki, Anar Məmmədxanovun adı ölkənin incəsənətinə, televiziyasına və ictimai həyatına mühüm təsir göstərmiş şəxslərin ehtiramla anıldığı rəmzi məkan olan Şöhrət xiyabanına təntənəli mərasimlə yazılıb.
Tədbirdə Anar Məmmədxanovun anası Səidə İbrahimova, oğlu İslam Məmmədxanov, həyat yoldaşı İradə Məmmədxanova, bacısı Naidə Məmmədxanova, qızı Məryəm Məmmədxanova, nəvələri Əlişa və Leyli Hacıhəsənovlar iştirak ediblər. Qonaqların arasında Azərbaycanın Xalq artisti, iş adamı Emin Ağalarov, Xalq artisti Tünzalə Ağayeva, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Xalq artisti Ənvər Sadıxov, əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvləri də olublar. Anar Məmmədxanovun çoxşaxəli istedadı, tamaşaçıların qəlbini fəth edən xüsusi yumor hissi, təkrarolunmaz aktyorluq məharəti və insani cazibəsi haqqında xoş sözlər söylənilib.
Çıxış edənlər onun parlaq obrazlarını, televiziya layihələrini və Azərbaycanda gənclər televiziyasının inkişafına verdiyi töhfələri xatırladıblar. Anar Məmmədxanovun peşəsinə bağlılığı, milli mədəniyyəti inkişaf etdirmək istəyi xüsusi qeyd olunub.
Mərasimin açılışı Anar Məmmədxanovun oğlunun sözləri ilə əlamətdar olub. O qeyd edib ki, bu tədbirdə iştirak etmək onun üçün böyük şərəf və sevinc mənbəyidir: “Atam bütün həyatı boyu sevincini ətrafdakı insanlarla bölüşüb. O, nur, təbəssüm, hərarət bəxş edən bir insan idi. Atam artıq 14 ildir aramızda yoxdur, amma indi də bizə işıqlı və sevincli anlar bəxş edir”.
O, ailəsinin adından belə bir hədiyyəyə görə təşəkkürünü bildirib və sözü anası İradə xanıma verib.
İradə xanım deyib: “Bu, sadəcə bir məkan deyil, həm də Emin Ağalarovun və digər insanların səyləri ilə təcəssümünü tapan “canlı xatirə məktubu”dur”. O, belə bir ləyaqətli insanın xatirəsini əbədiləşdirdiyinə görə təşkilatçılara və həyat yoldaşı ilə uzun illər səmimi münasibət saxlamış insanlara təşəkkür edib.
Sonra çıxış edən Azərbaycanın Əməkdar jurnalisti, Xalq yazıçısı, “Kapitanın taleyi” kitabının müəllifi Elmira Axundova deyib: “Anar hələ uşaqlıqdan - məktəbdə, universitetdə, KVN-də, parlamentdə ulduz olub. “Birinci” sözü ona yaraşırdı. O, hər şeydə birinci olub - ən gənc deputat, elektron portalını ilk yaradan insan kimi xatırlanır. Anar olduqca istedadlı publisist idi və çox şeyi, hətta bizim Qarabağdakı Qələbəmizi belə görürdü və uzun illər bu günü gözlədi. Hər dəfə Şuşaya gedəndə, onu xatırlayıram”.
“Bakılı oğlanlar” KVN komandasının keçmiş bədii rəhbəri, ssenarist, rejissor, NTV kanalının baş prodüseri Timur Vaynşteyn dostunun unikallığını qeyd edib: “Anar həmişə parlayan ulduz olub. Mən bir neçə insan tanıyıram ki, Anarı ömründə bir-iki dəfə görüb, amma onu həmişəlik xatırlayır. Təsəvvür edin, illərdir ətrafda olanlar deyil, sadəcə təsadüfən öz nuru ilə işıqlandırdığı insanların yaddaşında qalmaq üçün onun cazibəsi kifayət idi. O, həqiqətən diqqət, təbəssüm, mehribanlıqla insanlar qarşı səxavətli olmağı bacarırdı, hamını xoşbəxt etməyə çalışırdı, hətta bəzən sadəcə onların yanında olmaqla. Anar burada olsaydı, “Sea Breeze”ə pərəstiş edərdi. O, istedadla və can-başla görülən hər işi yüksək qiymətləndirirdi”.
“Xəzər” telekanalının baş direktoru, Xalq artisti Murad Dadaşov da Məmmədxanovla bağlı xatirələrini bölüşüb, Azərbaycanı Anarsız təsəvvür etməyin çətin olduğunu qeyd edib: “Bunu dəfələrlə və çox ucadan təkrar edərək vurğulayırıq: onun yoxluğu dözülməz bir vəziyyətdir. O, ölkənin mədəni şüurunun bir hissəsinə, onun daxili işığına çevrildi. Sabah Anarın ad günüdür. Nə qədər çətin olsa da, yenə də sevincli bir gündür. Bizim üçün ilham mənbəyinə çevrilən bir insanın dünyaya gəldiyi günü qeyd edirik”.
Azərbaycanın xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov çıxışında qeyd edib: “Anar hələ də böyük plakatdan bizə baxıb gülümsəyir. O, həmişə parlaq və pozitiv insan olub, yaddaşlarda da belə qalıb. Eminə belə bir tədbiri təşkil etdiyi üçün minnətdaram”.
Sonra Anar Məmmədxanovun adlı ulduzunun təntənəli açılışı bu görkəmli şəxsiyyətin qohumlarının, dostlarının və yaradıcılığının pərəstişkarlarının gurultulu alqışları altında baş tutdu.
“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında artıq 28 əfsanəvi şəxsiyyətin – Müslüm Maqomayev, Vaxtanq Kikabidze, Devid Foster, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Vaqif Mustafazadə və bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin adlı ulduzları təqdim olunub.