Muğamsevərlərin böyük bayramı

post-img

Günlərdir ki, Bakıda könül oxşayan bir muğam ruzgarı əsir. Dalğa-dalğa yarımadaya yayılan, Xəzərin sularında əks-səda verən çeşidli ahənrüba səslər ruhumuzun əvəzsiz mənəvi qidasına çevrilib. Zil harayı, bəm sığalı ilə hər kəsi sehirləyir. “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı paytaxtı başdan-başa öz qanadları altına alıb...

Muğam deyəndə adı İsfəndiyar olan, amma bu sənətin xanı olduğu üçün Xan Şuşinski kimi tanınan xanəndələr “əmi”si, “Cahargah”ı böyük məharətlə “mayə”­dən yox, “Mənsuriyyə”dən başlayan, “Ağa” deyə çağrılan Seyyid Şuşinski, Əbülfət Əliyev, Yaqub Məmmədov, İslam Rzayev, Süleyman Abdullayev, eləcə də Şövkət Ələkbərova, Sara Qədimova, Fat­ma Mehrəliyeva, Tükəzban İsmayılova kimi ecazkar səs sahibləri yada düşür... 

O böyük sənətkarlar dünyalarını də­yişəndə istər-istəməz düşünmüşük ki, ilahi səslər də ölərmi, qara torpağa gö­mülərmi? Amma muğama yeni nəsillər gəldikcə, istedadlar üzə çıxdıqca həmin səslərin əbədi yaşadığına, sadəcə bir sinədən, bir boğazdan digərinə köçərək insanları heyrətləndirməkdə davam etdi­yinə əmin olmuşuq. 

Bir həftəyə yaxındır ki, davam edən “Muğam aləmi” VI Beynəlxalq Musiqi Fes­tivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konserva­toriyasının dəstəyi ilə gerçəkləşir. Bu bən­zərsiz bayramda ölkəmizi apreldə keçiril­miş Milli Muğam Müsabiqəsinin qalibləri layiqincə təmsil edirlər. Dünən–srağagün Bakıda və Ağcabədidə, bu gün Şuşada zil səslərinin dağı-daşı tərpətdiyi konsertlərin emosional məna tutumu, dəramədin, ay­rı-ayrı şöbə və guşələrin, hər şöbənin təs­nif və rənginin əlvan çalarları bulaqların, çayların, quşların səsinə-sədasına qarışa­raq könülləri ehtizaza gətirir. 

İlk gündə Heydər Əliyev Sarayında Alim Qasımovun möhtəşəm konserti ilə başlanan musiqi bayramına gündə bir özəl və gözəl möhür vurulur. Həm elmi simpoziumlar, digər tədbirlər, həm də rəngarəng konsert proqramları festi­valı daha da dolğunlaşdırır. Düşünürük ki, 2008-ci ildə Azərbaycan muğamları­nın UNESCO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi ilə daha da canlanan muğam aləmi milli mədəniyyə­timizin dərin köklərə malik olduğunu necə də sanballı şəkildə sübuta yetirir. NASA Azərbaycan muğamını “Voyacer” qızıl plastinkasına yerləşdirərək kosmik fə­zaya göndərib və indi ilahi səsləri göydə ulduzlar belə dinləyib razılıqla “qımışır”. 

Xalq artisti Səkinə İsmayılova, bey­nəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Bad­rinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyaten, Əfqanıstandan Daud Khan Sadozai, İrandan Mahan Mirarab və başqaları paytaxtımızın musiqi mə­kanlarında konsertlərdə iştirakları ilə səs sənəti heyranlarının təqdirini qazanıblar. 

Beynəlxalq festival çərçivəsində təşkil olunmuş elmi simpozium özünün geniş əhatəliliyi ilə seçilib. Dövlət Mədə­niyyət və İncəsənət Universitetinin “Ca­denza” orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikis­tandan Sardor Soliyevin ifaları musiqi bayramına rəng qatıb. Dahi Üzeyir bəyin doğulduğu Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert anşlaqla ke­çib. Artıq özlərini təsdiqləmiş xanəndələr İlkin Əhmədov, Günay İmamverdiyeva, Səbuhi İbayev, televiziya muğam müsa­biqələrinin qalibləri və iştirakçıları Nisbət Sədrayeva, Babək Şuşalı, Vəfa Orucova və Sərxan Bünyatzadənin ifa etdikləri muğam və təsniflər alqışlarla qarşılanıb. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda da muğam və poeziya ax­şamları nəzərdə tutulub.

Dünən Bakıda Misirdən Mustafa Said və “Asil” ansamblı, Azərbaycandan Firu­din Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Yunanıs­tandan “En Chordais” ansamblı səhnəyə çıxıblar.

Festivalın xanəndəlik və instrumental ifa kateqoriyasında qaliblər müəyyən­ləşdirilib. Xanəndəlik kateqoriyası üzrə Mirəli Tağızadə 1-ci, Daşqın Kürçaylı 2-ci, Dostmurod Negmurodov (Özbəkis­tan) 3-cü yerin qalibi olublar. Qran-pri mükafatı Özbəkistandan olan Mohiçehra Şahmurotova təqdim edilib. 

İnstrumental ifa kateqoriyası üzrə Anar Vəlizadə 1-ci, , Shoxijohan Yoriev (Özbəkistan) 2-ci, Cahandar Mikayılov 3-cü yerə layiq görülüblər. Bu kateqori­yada nəzərdə tutulmuş Qran-pri mükafatı ilə tarzən Vaqif Təhməzov təltif olunub. 

Xanəndə Mirəli Tağızadənin ürək sözləri:

– Festivalda qalib adını almağıma çox sevinirəm. Bu böyük uğuru bütün Azərbaycan mədəniyyətinin qələbəsi kimi dəyərləndirir və buna görə müəlli­mim Təyyar Bayramova dərin minnətdar­lığımı bildirirəm. 

Qalib iştirakçılar sırasında azər­baycanlı tələbələrinin olmasını yük­sək qiymətləndirən Təyyar Bayramov isə dedi:

– Fərqlənənlərin arasında mənim də yetirmələrimin olmasından son dərəcə məmnunam. Bu, bizim ümumi uğumuz­dur. Bu münasibətlə gənclərimizin hər birini təbrik edir və qarşıdakı çətin sənət yolunda onlara uğurlar arzulayıram. 

Londondan festivala təşrif buyur­muş ingiltərəli musiqiçi Symon Brot­hen də söhbətə qoşuldu:

– Muğamın bütün musiqi janrları içində ən mürəkkəb quruluşa və dərin fəlsəfi mahiyyətə malik olduğu etiraf edil­məlidir. Onu mənimsəmək və ifa etmək, həqiqətən də, çətindir, onun çalarlarını ayırd edə bilmək, musiqinin ahənginə və ritminə dərindən bələd olmaq lazımdır. Festivaldan zövq alan bir qonaq kimi mu­ğam tədbirinin təşkilatçılarına, münsiflər heyətinə və ifaçılara minnətdarlığımı bil­dirirəm.

Görüşlər, konsertlər davam edir. Sona yaxın, 24 saat ərzində eyni mə­kanda bir-birini əvəz edən 24 qrupun ifa­sında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq. Festival çərçivəsində beynəlxalq müsabiqə də keçiriləcək. Xanəndəlik və instrumental ifaçılıq üzrə qalibləri Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyə­dən olan beynəlxalq münsiflər heyəti seçəcək. Son akkordlar isə M.Maqoma­yev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bağlanış mərasimində vurulacaq, beynəlxalq müsabiqənin qa­libləri mükaftlandırılacaq və möhtəşəm konsert proqramı təqdim olunacaq.

Əli NƏCƏFXANLI,
Fidan SALMANOVA,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”





Mədəniyyət