Ukrayna–Rusiya: Sonu görünməyən savaş

post-img

Ukraynada ağır döyüşlər davam edir. Gün ərzində 40 hərbi toqquşma olub. Hazırda Ukrayna əsgərlərinin yaxşı hazırlanmış Rusiya müdafiə xəttini yarması çətindir. 

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyadakı hərbi sənaye müəssisələrindən birinə səfəri zamanı bildirib: "Əks-hücum hələ ilkin mərhələ­dədir. Biz bilirik ki, ukraynalıları çətin yol gözləyir. Onlar Rusiyanın ciddi müqa­viməti ilə üzləşirlər. Rusiya hərbçiləri minalanmış sahələr, tank əleyhinə sən­gərlər və “əjdaha dişləri” ilə müdafiə xət­ləri çəkiblər. Ukrayna Silahlı Qüvvələrinə onların öhdəsindən gəlmək üçün müasir texnika lazımdır. Əgər alyans Ukraynada uzunmüddətli münaqişəyə hazır olmaq istəyirsə, ilk növbədə, etibarlı müdafiə sənayesinə diqqət yetirməlidir. Bu qar­şıdurma getdikcə “logistika döyüşü”nə çevrilir”.

Yens Stoltenberq Almaniyanın müda­fiə naziri Boris Pistorius ilə birgə bəyana­tında deyib: “Ən önəmlisi avadanlıqları, dəstək və müxtəlif tip sistemləri təmir edə bilən uzunmüddətli etibarlı müdafiə səna­yesinə malik olmaqdır”.

Ukrayna Silahlı Qüvvələrinin əks-hü­cum zamanı ciddi müqavimətlə qarşılaş­dığını bu ölkənin dövlət başçısı Volodimir Zelinski və müdafiə nazirinin müavini Anna Malyar da təsdiq edir. Zelinski de­yib: “Döyüş meydanında irəliləmə istədi­yimizdən daha yavaş gedir”. 

Anna Malyar isə öz Telegram kanalın­da bildirib ki, ölkə silahlı qüvvələri əks-hü­cum əməliyyatları zamanı çətinliklərlə üzləşir və bu, Ukrayna hakimiyyətinin istədiyi qədər sürətlə getmir: “Aydındır ki, insanlar filmdəki kimi olmasını istəyirlər - montaj, çox tez, saat 13:00-da film baş­ladı və 1 saat 20 dəqiqədən sonra bitdi. Və nə baş verdiyi aydındır”. Onun qeyd etdiyi kimi, "həyatda belə olmur və müha­ribə tamamilə fərqli bir vəziyyətdir. Ukray­na Silahlı Qüvvələri şiddətli müqavimətlə qarşılaşır, çətinliklərlə, tədricən irəliləyir”.

Yüksək çinli xanım Ukrayna ordusu­nun əks-hücumunun təsirliyini yalnız irə­liləyə bildiyi kilometrlərlə və ya işğaldan azad olunmuş yaşayış məntəqələrinin sayı ilə qiymətləndirməyin düzgün ol­madığını bildirib: “Hücumun nəticələrini qiymətləndirmək üçün bir çox meyarlar var. Ukrayna hərbçilərinin qarşısında bir çox vəzifələr qoyulub. Bunlar yerinə yetirilməlidir. Hücumun başladığı bütün istiqamətlərdə, az da olsa, irəliləyiş var. Ordusunun əsas zərbəsi isə hələ qabaq­dadır”. 

Anna Malyar bildirib ki, bir sıra əra­zilərdə Ukrayna Silahlı Qüvvələrinin dö­yüşçüləri hücum əməliyyatı keçirir, digər ərazilərdə isə müdafiəyə keçərək Rusiya ordusunun hücumunun qarşısını almağa çalışırlar. 

Rusiya tərəfi isə əks-hücum zamanı Ukrayna ordusunun böyük itkilər verdiyi­ni bildirir. İyunun 13-də hərbi komandir­lərlə görüşündə Vladimir Putin Ukrayna qoşunlarının hücum zamanı böyük itkilər verdiyini və heç bir istiqamətdə uğur əldə etmədiyini söyləyib. İyunun 20-də Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov isə bildirib ki, Ukray­na Silahlı Qüvvələrinin əks-hücumunun dəf edilməsi “3 həftəyə” başa çatdırıla bilər. Bundan sonra, deputatın qeyd et­diyi kimi, Rusiya qüvvələri özləri “fəal hərəkətlərə” keçəcəklər.

Hazırda Rusiya hərbçiləri əsas səylə­rini şiddətli döyüşlərin getdiyi 4 istiqamət­də: Limanski, Baxmut, Avdeyevski və Maryinskidə cəmləşdirir. Bu istiqamət­lərdə ağır döyüşlər davam edir. Bundan başqa, Rusiya Krımın müdafiəsini güc­ləndirməyə başlayıb. Armyansk şəhə­rindən 3,5 kilometr şimalda Krımı Xer­son vilayəti ilə birləşdirən dar körpünün üzərində uzunluğu 9 kilometr olan geniş müdafiə zonası qurub. Rusiya üçün əsas məsələ yarımadaya nəzarətdir.

Ukraynanın Yujno-Donetsk, Zapo­rojye və Artyomovsk istiqamətlərində əks-hücum əməliyyatı iyunun 4-də baş­layıb. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin əsas zərbəsi cəbhənin Za­porojye istiqamətində cəmləşib. Kiyev NATO mütəxəssisləri tərəfindən təlim keçmiş və Qərb texnikası ilə silahlanmış briqadaları döyüşə atıb. 

Rəsmi Kiyevin mövqeyinə görə, mü­haribə Ukraynanın bütün torpaqlarının, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır. Bu planın həyata keçməsi üçün Qərbin hərbi yardımları davam edir. Artıq ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib. Bu paketin həcmi 1,3 milyard dollardır. Əvvəl də Vaşinqton Ukraynanı nə qədər lazımdırsa, dəstək­ləməyə hazır olduğunu söyləmişdi.

Xatırladaq ki, bu müharibədə Rusiya tərəfi 222 minə yaxın hərbçisini itirib.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

Dünya