Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19-da “Bulvarda kino axşamı” adlı layihənin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ilk nümayiş C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi olub.
Məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaq olan yeni layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.
Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib. Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksesuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.
“Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunun 127 illiyinə həsr olunacaq. Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş ediləcək.