Xalqımızın misilsiz mənəvi sərvəti

post-img

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpozium dünən işini sessiyalarla davam etdirib.

“Muğamın toplama, qoruma, arxiv­ləşmə və yayılma problemləri” mövzu­sunda keçirilən sessiyada azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan və Qazaxıstandan olan alimlər də çıxış ediblər. Gün ərzin­də “Mətn və musiqi”, “Muğam, dəstgah və xanəndə avazı”, “Muğamın toplama, qorunma, arxivləşmə və yayılma prob­lemləri”, “Məqam musiqisinin ruhani və cismani təzahürləri” və “Məqam musiqi­si elmi mənbələr işığında” mövzularında sessiyalar keçirilib. 

Qərbi Kaspi Universitetinin dosen­ti, sənətşünaslıq üzrə elmlər doktoru Alla Bayramova “1920-ci illərdə Cənubi Qafqaz ekspedisiyalarının materialla­rında muğam” mövzusunda çıxış edib. "Muğam dünya kolleksiyalarında: mədə­ni irsin qorunması və müdafiəsi” mövzu­sunda çıxış edən Qazax Milli İncəsənət Universitetinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fatima Nurlıbayeva bil­dirib ki, muğam Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır.

Çıxışlarda qeyd olunub ki, xalqımızın milli sərvəti olan Azərbaycan muğamları, aşıq sənəti, ümumilikdə xalq musiqisi və ifaçılıq ənənələri müasir dövrdə mədə­niyyətimizi dünya səviyyəsində tanıda­raq, bu möhtəşəm sənət incilərinin in­teqrasiya edilməsində olduqca zəruri rol oynayan faktordur. Muğam və xalq mu­siqisini, eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümunələrini ifa edən və beynəlxalq arenada tanıdan məş­hur və istedadlı ifaçılar nəsli yetişdirən müasir dövrümüzün ustad sənətkarları xəzinəmiz olan muğamları gələcək nəslə ötürərək qoruyub saxlanılmasında böyük rol oynayır. 

Simpoziumda Azərbaycan mütəxəs­sisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qa­zaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edirlər. Simpoziumun məqsədi yeni tədqiqat istiqamətləri, maqam əsaslı musiqinin müasirləşdirilməsi, populyarlaşdırılması və qorunması üzrə məhsuldar müza­kirələr üçün əlverişli mühit yaratmaqdır.

“Muğam aləmi” 6-cı Beynəlxalq Mu­siqi Festivalı çərçivəsində keçirilən elmi simpozium iyunun 22-dək davam edə­cək.

“Xalq qəzeti”

Mədəniyyət