Hansı ölkələr İranda casusluqla məşğuldur?

post-img

İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatının rəhbəri Məhəmməd Kazemi dünyanın 20 ölkəsini baş örtüyü ilə bağlı ölkəsində başlayan kütləvi etiraz aksiyalarını körükləndirməkdə suçlayıb. 

Briqada generalı Məhəmməd Kaze­minin açıqladığı siyahıda, hətta Tehranın münasibətləri normallaşdırmağa çalışdığı ölkələrin də adları var: “İslam İnqilabı Ke­şikçiləri Korpusunun kəşfiyyat xidmətinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, ölkədə təşkil olunan kütləvi iğti­şaşlarda 20-yə yaxın ölkə iştirak edib”. General bu sıyahıda ABŞ, Böyük Brita­niya, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Al­baniya, Avstraliya, İslandiya, İtaliya, Ko­sovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrailin adlarını çəkib. Maraqlıdır ki, kəşfiy­yatın rəhbəri bu zaman 18 ölkənin adını çəksə də, daha iki dövləti nişan verməyib. 

Kazeminin sözlərinə görə, İranın bu yaxınlarda diplomatik əlaqələri bərpa etdi­yi Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ də anti-İran kampaniyasında yaxından iştirak edirlər. Kəşfiyyat xidmətinin rəhbəri, həm­çinin iddia edib ki, İsrail və BƏƏ-nin xü­susi qurumlarının nümayəndələri İrandakı etirazlara necə və hansı formada dəstək veriləcəyini müzakirə etməkdən ötrü ərəb ölkələrindən birində vaxtaşırı görüşüblər. Bundan əlavə, general Səudiyyə Ərə­bistanı və Bəhreyni də İrana “düşmən ölkələr” adlandırıb. Kazemi xarici dövlətlə­rin ölkəsinə cəlb edilmiş kəşfiyyat orqan­larının daxili iğtişaşlarla bağlı məlumat və dəlillər toplamaq üçün əcnəbiləri, o cüm­lədən əfqan, pakistanlı və iraqlıları casus­luq fəaliyyətinə cəlb etdiyini vurğulayıb. O, məhz pozuculuq fəaliyyəti ilə bağlı qonşu ölkələrdən birinin və avropalıların 40-dan artıq vətəndaşının həbs edildiyini də icti­maiyyətin diqqətinə çatdırıb. 

Xatırladaq ki, 2022-ci il sentyabrın 17-də Tehranda əxlaq polisinin zorakılı­ğına məruz qalan gənc qızın ölümü İran ictimaiyyətinin səbir kasasını daşdırdı. Xalqın günahkarları cəzalandırmaq və an­tidemokratik qanunları aradan qaldırmaq tələbinin qarşısını hakimiyyət zorakılıqla yatırmağa qərar verdi. İranın bütün şəhər və qəsəbələrini bürümüş etiraz aksiya­larının 200-dən çox iştirakçısı indiyədək edam edilib, 500-dən artıq insan zindan­lara salınıb. Bundan başqa, 20 minə yaxın etirazçı həbsdə saxlanılır. 68-i yeniyetmə olmaqla 500-dən çox aksiyaçı etiraz təd­birlərində hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib.

QEYD: Briqada generalı Məhəmməd Kazemi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatı­nın rəhbəri vəzifəsinə təyin edilənə qədər uzun illər kəşfiyyat sektorunda çalışıb, milli təhlükəsizlik məsələlərində böyük təcrübəyə malikdir. Xatırladaq ki, ötən il mayın 22-də İran İslam İnqilabı Keşik­çiləri Korpusunun nümayəndəsi polkovnik Sayad Xodai Tehranda öldürülüb. Daha sonra İsrail yüksək rütbəli iranlı zabitin öldürülməsi ilə bağlı ABŞ-ı xəbərdar edib. SEPAH Xodainin qətlini terror aktı kimi qiymətləndirib.

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Dünya