OPEC+ çərçivəsində ziddiyyətlər nədən qaynaqlanır?

post-img

Son günlər dünya mediası Səudiyyə Ərəbistanının Rusiyanın neft hasilatını azaltma tempindən narazı olmasından, belə bir vəziyyətin isə son nəticədə neftin dünya bazarında qiymətlərinin artırılması planının həyata keçirilməsini çətinləşdirdiyindən yazır.

Bu, Moskva ilə Ər-Riyad arasında ciddi gərginlik yaşandığını deməyə əsas verirmi? “Аrqumentı i faktı” qəzetində eks­pert-energetik Aleksandr Frolov bu suala cavabında belə bir fikir ayrılığının ayrı-ay­rı nəşrlərin “uydurma məhsulu” olduğunu bildirir. O, “The Wall Street Journal”ın fəa­liyyətini bu baxımdan mənfi dəyərləndirir və belə bir mövqedə olan Amerika nəşr­lərinə diqqət yetirməməyi məsləhət bilir. A.Frolov, həmçinin Səudiyyə rəsmilərinin bəyanatlarında da belə bir iddia səslən­mədiyini, Ər-Riyadın Moskvanın hərəkət­lərindən narazı qalmağa ciddi əsası olma­dığını qeyd edir. 

Ümumiyyətlə, rusiyalı ekspertlərin sözlərinə görə, Səudiyyə Ərəbistanının, hətta formal da olsa, bu barədə iddia səs­ləndirməyə heç bir əsası yoxdur. Çünki bu ölkə cari ilin əvvəlində hasilatın 5 faiz azaldığını açıqlamışdı. Bu məqamda o da qeyd edilməlidir ki, Rusiya OPEC+ ittifaqı çərçivəsində belə öhdəliklər götürməyib. Əslində, bu, əvvəlcədən Rusiyanın könül­lü qərarı idi.

Bundan əlavə, məlumdur ki, Rusiya­nın neft sənayesi də sanksiyalar altında­dır. Buna baxmayaraq, hətta 2022-ci ildə bu ölkə tərəfindən demək olar ki, razılaş­dırılmış hasilat səviyyəsinə əməl edilib. Cari il mart ayından etibarən hasilat daha da aşağı salınıb, sutkada 9,7 milyon ba­relə qədər azaldılıb. Qeydə alınan 10,5 milyonluq icazə isə verilən kvota ilə, yəni 800 min barel “çatışmazlıq”la bağlıdır. Rusiyalı ekspertlər tərəfindən belə bir nə­ticə fonunda ölkələrinə qarşı vurğulanan tənqid sadəcə olaraq kobudluq adlandı­rılır. Ərəblər isə bu hərəkəti, belə demək mümkünsə, təkrarlamırlar. 

Rusiya mediası Amerika nəşrlərinin bu cür yanlış məlumat verməsini Rusiya­nın neft sənayesinə informasiya xarakterli də olsa, təzyiqin artması ilə əlaqələn­dirir. OPEC+ iclasından bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında neft istehsalçıları və ixracat­çılarının kartellərini qadağan edən qanun layihəsinə səsvermə keçirilib. Bu, həm də təzyiq alətidir və Vaşinqtonun fikrin­cə, OPEC+ ölkələrini alyansa üzvlüyün məqsədəuyğunluğu barədə düşünməyə vadar etməlidir. Alyansda heç bir razılaş­manın olmaması ilə bağlı məlumatlar da bu əsasa uyğun gəlir və iki aparıcı ölkə– Səudiyyə Ərəbistanı və Rusiya arasında qıcıq yaranır.

Bəs bununla amerikalılar nəyə nail olmaq istəyirlər? “Аrqumentı i faktı” nəşri sualın cavabı ilə bağlı bildirir: 

– Onlar ümid edirlər ki, OPEC+ daxi­lində danışıqlar səngiyəcək, bazar ba­lanssızlaşacaq və neft qiymətləri aşağı düşəcək. Bu, eyni zamanda, Rusiyaya zərbə vuracaq və seçki ilində Vaşinqton üçün son dərəcə vacib olan ABŞ-da inf­lyasiya ilə mübarizə aparmağa kömək edəcək. Beləliklə, Rusiyaya təzyiq yalnız artacaq…

“Аrqumentı i faktı” digər bir suala–Təsəvvür edək ki, Rusiya dünya bazarını tərk etdi, neft ixracını dayandırdı? Sonra nə olacaq? – cavabında yazır:

– Bu, mümkün deyil. Bu, bütün nöq­teyi-nəzərdən tamamilə qeyri-real ssena­ridir.

Nəşr daha sonra bildirir ki, Risiya tərə­findən real endirim heç vaxt 30 faizə çat­mayıb. Bu, yalnız “Argus” agentliyinin he­sabladığı və Avropaya çatdırılan Rusiya neftinin maya dəyərinə əsaslanan “kağız” endirimlər ola bilər... İndi heç kim dəqiq qiymətləri bilmir, neft qiymətinin bir barel üçün 60 dollardan nəzərəçarpacaq dərə­cədə yüksək və ya hətta 70 dolları keç­diyi açıq-aydın görünür. Endirimlər hələ də qalır, lakin 20 faizdən yüksək deyil və bu, yalnız “Urals” brendinə münasibətdə doğrudur. Digər sortlar isə praktiki olaraq endirimsiz ixrac olunur.

“Аrqumentı i faktı” yekunda “benzinin hazırkı bahalaşması neft məhsullarının xaricə tədarükü ilə bağlı deyilmi?”-sualını isə belə cavablandırır:

– Rusiya özünü motor yanacağı ilə tam təmin edir. Ümumi benzin istehsalının 90 faizi daxili istehlak üçündür, onun isə yal­nız 10 faizi xarici bazarlara çıxarılır. Belə bir ixrac həcmi daxili bazara köklü təsir göstərə bilməz. “Hər şey çıxarıldı, ona görə də qiymətlər qalxdı” kimi ifadələr isə əsassızdır.

 

V.BAYRAMOV, “Xalq qəzeti”



Dünya