“Avropa öz səmasını qorumalıdır”

post-img

Fransa prezidenti Emmanuel Makron bir daha müstəqil Avropa müdafiə sisteminin yaradılmasına çağırıb. Parisdə keçirilən konfransda o deyib ki, Avropa İttifaqı öz hava məkanını qorumaq üçün strategiya hazırlamalıdır. Fransa liderinin fikrincə, bu yolla ABŞ-dan asılılığı azaltmaq olar: “Biz bilməliyik ki, təhlükə nədir... Bəs biz – avropalılar – nə istehsal etməyə qadirik? Bizə nə lazımdır. Lakin “rəflərdə olan hər şeyi dərhal almamalıyıq”. 

Konfransda müzakirələr dron əley­hinə və raketdən müdafiə sistemlərindən gedib. İştirakçıların fikrincə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və döyüş əməliyyatlarının gedişi bu cür texnikanın etibarlığını, həm də qüvvələrin əlaqəli fəa­liyyətinin nə qədər vacib olduğunu göstər­di. 

Bundan başqa, müzakirələrdə nüvə təhlükəsinin qarşısının alınması da gün­dəmdə olub. Tədbirdə Almaniya, Böyük Britaniya, İsveç, Polşa, Slovakiya, Ma­carıstan, NATO və Avropa İttifaqının nü­mayəndələri iştirak ediblər.

Makron deyib ki, ABŞ-ın daha çox hərbi texnikanı standartlaşdırılması Avro­panın bu ölkədən asılılığını artırıb: "Ame­rikalılar bizdən daha çox hərbi məhsulları standartlaşdırıblar, onların federal agent­likləri istehsalçılarına böyük subsidiyalar verir. Hazırda Fransa və İtaliya tərəfindən hazırlanmış “Mamba” zenit-raket komp­leksi Ukraynada yerləşdirilib və fəaliyyət göstərir, əsas obyektləri və insanların həyatını qoruyur. Bu, Avropanı qoruyan, Avropanın özüdür”. Onun sözlərinə görə, “Mamba” sistemi artıq NATO-nun inteqra­siya edilmiş hava və raket hücumundan müdafiəsinin bir hissəsidir.

Qeyd edək ki, Fransa Almaniyanın Av­ropanın hava hücumundan müdafiə siste­mini gücləndirmək planlarını açıq şəkildə tənqid edir. Keçən ilin sonlarında başla­nan “European Sky Shield ” layihəsinə Fransa istisna olmaqla 17 Avropa ölkə­si, o cümlədən Böyük Britaniya daxildir. Fransa hökuməti hesab edir ki, o, Avro­panın strateji suverenliyinin möhkəmlən­məsini təmin etmir. Çünki ABŞ və İsrailin hərbi sənayesinə arxalanır. 

Çox güman ki, NATO-nun hava və ra­ketdən müdafiə sistemlərinə inteqrasiya olunmaq istəyən İsrailin “Arrow 3” sistemi və ABŞ-ın “Patriot”u da tezliklə “Europe­an Sky Shield” layihəsinə qoşulacaq.

 

Pünhan ƏFƏNDİYEV,

“Xalq qəzeti”

Dünya