Dünya daha nə birqütblü, nə də çoxqütblü olacaq

post-img

Yaxın gələcəkdə dünya nə birqütblü, nə də çoxqütblü olacaq. Dünyada hökümranlıq edən dövlətlər deyil, texnologiya şirkətləri olacaq. Bu fikirləri amerikalı politoloq Yan Bremmer “Foreign Policy” üçün yazdığı məqaləsində açıqlayıb.

Müəllif qeyd edib ki, “biz artıq birqütb­lü, ikiqütblü və ya çoxqütblü dünya­da yaşamırıq. Niyə? Çünki artıq bizim hərtərəfli gücə malik fövqəldövlətlərimiz - bütün sahələrdə qlobal gücə malik olan ölkələr yoxdur. Bəli, ABŞ və Çin bu gün fövqəlgüclər deyil, ən azından bu termin həmişə işlətdiyimiz mənanı ehtiva etmir. Fövqəlgüclərin olmaması isə vahid qlobal nizamın olmaması deməkdir. Əvəzində bu gün bizdə çoxlu ayrı-ayrı, lakin bir-biri ilə kəsişən dünya nizamları var.

Birincisi, biz birqütblü təhlükəsizlik qaydaları görürük. ABŞ dünyanın istə­nilən yerinə əsgər, dənizçi və hərbi texni­ka göndərə bilən yeganə ölkədir. Qalan­ları heç ona yaxın da deyil. Amerikanın təhlükəsizlik sistemindəki rolu 10 il əvvəl olduğundan daha vacibdir və əslində daha dominantdır.

Çin Asiyada hərbi potensialını sürət­lə inkişaf etdirir, lakin bu miqyas yalnız o regionda mümkündür. Bu, ABŞ-ın təh­lükəsizlik çətirinə həmişəkindən daha çox arxalanan onun Hind-Sakit Okean, regio­nundakı müttəfiqlərini daha çox narahat edir. Rusiya-Ukrayna münaqişəsi də eyni şəkildə Avropanı. ABŞ başda olmaqla NATO-dan daha çox asılı vəziyyətə sa­lıb”. 

Müəllif haqlı olaraq qeyd edir ki, “sa­hib olduğu hərbi güc” nə qədər böyük olur-olsun, bu, “Vaşinqtona qlobal iqtisa­diyyatda qaydaları müəyyən etməyə im­kan vermir, çünki iqtisadi nizam çoxqütb­lüdür. ABŞ hələ də dünyanın ən böyük, ən güclü və ən dinamik iqtisadiyyatına malikdir, lakin burada qlobal gücü çoxları bölüşür”.

Politoloq yazır ki, tezliklə hökumətləri hakimiyyətdən kənarlaşdıracaq texno­logiya şirkətlərinin rəhbərlik etdiyi rəqəm­sal sifarişlər daha çox təsirə malik ola­caqlar. Məhz texnologiya şirkətləri sosial şəbəkələrin köməyi ilə siyasətdə daha mühüm rol oynamağa başlayıblar. Bun­dan əlavə, korporasiyalar insanın identik­liyini müəyyənləşdirirlər: axı, insanın dav­ranışında təkcə genetika və tərbiyə yox, həm də fərdin niyə yaşadığını və nəyə inandığını müəyyən edən alqoritmlər rol oynayır.

Yan Bremmer yazır: "Texnologiya şirkətlərinin topladığı ağlasığmaz miq­yasda güc onları müstəqil geosiyasi oyunçulara çevirib. Bu, kommersiya su­byektləri artıq, uzun müddət cəmiyyətin, iqtisadiyyatın və milli təhlükəsizliyin döv­lətin müstəsna səlahiyyətində olan həmin aspektlərinə nəzarət edirlər". 

Məhz korporasiyaların qərarları bü­tün dünyada insanların qarşılıqlı fəaliy­yətinə, düşüncə tərzinə və həyatlarına təsir göstərir. Bundan əlavə, texnologiya şirkətləri hökumətlərin fəaliyyət göstərdi­yi qlobal mühiti formalaşdırır. Bremmerə görə, belə olan halda hadisələrin inkişafı­nın üç ssenari var. Birincisi, ABŞ və Çin arasında texnoloji soyuq müharibədir ki, bu, dünyanı iki yerə böləcək. Nəticədə qloballaşma dağılmağa və hissələrə ay­rılmağa başlayacaq.

İkinci ssenari şirkətlərin qlobal bö­yümə strategiyasını əsas götürəcəkləri­ni, fiziki və rəqəmsal rəqabət arasında boşluğu qoruyacaqlarını nəzərdə tutur. Bu, yeni qlobal rəqəmsal nizama gətirib çıxaracaq.

Politoloq fikrini davam etdirərək yazır: “Texnoloji nəhənglər, əsasən, mənfəət üçün bir-biri ilə rəqabət apararaq, rəqəm­sal məkanda suverenliklərini qoruyub saxlayacaq, hökumətlərlə isə geosiyasi güc uğrunda rəqabət aparacaqlar”

Əgər nəhəng dövlətlər rəqəmsal məkanda rəqabət apararsa və onların hakimiyyəti zəifləməyə davam edərsə, o zamn texnologiya şirkətləri üstünlüyü ələ keçirəcək ki, bu da rəqəmsal nizamın hökmranlığına səbəb olacaq.

"Bu baş verərsə, o zaman tale­yinə XXI əsrin geosiyasətində mərkəzi oyunçu rolunu oynamaq düşən texno­logiya şirkətlərinin texno-qütb nizamı – post-Vestfaliya dünyası yaranacaq ", – deyə Bremmer əlavə edib.

Onun fikrincə, hər üç ssenari inandı­rıcıdır. Onlardan hansının faktiki həyata keçəcəyi indiki strukturlardakı dəyişiklik­lərdən asılı olacaq.

 

Hazırladı: 

İLQAR, “Xalq qəzeti”

Dünya