Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçinin anadan olmasının 80-ci ildönümü münasibətilə şənbə günü Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı kollektivi bu sənət ocağı ilə sıx əməkdaşlıq edən dramaturqun yubileyinə onun sonuncu pyesi “Otelloya xəyanət” tamaşasını hədiyyə etdi. Yazıçının özünün, yaxınlarının, sənət dostlarının, ölkənin yaradıcılıq qurumları rəhbərlərinin və tanınmış ziyalıların iştirak etdiyi təntənəli premyera Elçinsevərlərin yubilyar ədibin yaradıcılığına böyük marağının və verdikləri yüksək qiymətin nümayişinə çevrildi.
İlk tamaşanın əvvəlində səhnəyə müxtəlif qurumlar adından təbrik əklilləri qoyuldu. Teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski və Xalq yazıçısı Elmira Axundova fəxri lojada əyləşmiş Xalq yazıçısı Elçini salamladılar, tamaşaçılara onun dramaturgiyasının özəlliklərindən və məhsuldarlığından, milli teatr səhnəsinə gətirdiyi yeniliklərdən söz açdılar, görkəmli yazıçı-dramaturqu ölkənin mədəni elitası adından səmimi təbrik etdilər. “Teatr içində teatr” formasında qələmə alınmış, meydan tamaşası üslubunda quruluş verilmiş yeni əsər böyük maraqla izlənildi və müəllifin yubiley hesabatının uğurlu nümunəsi kimi qarşılandı. Sonda yubilyar səhnəyə dəvət edildi, alqışlar altında gül-çiçəyə qərq edildi, şərəfinə yubiley tortu kəsildi.
Tamaşaçılara yüksək sənət zövqü gətirmiş, Elçin dramaturgiyası ilə canlı təmas yaratmış və müasir rejissorluq fəndləri ilə ərsəyə gətirilmiş səhnə əsərinin bəzi məqamlarını oxucularımızın nəzərinə çatdırırıq.
...Reallıqla xəyal arasında sərhəd nə zaman aradan götürülür? Səhnənin işıqları sönəndə, pərdələr salınanda aktyorlar nə hiss edirləır? Eyni bir rolu uzun illər ərzində oynamaq hansı hisslər yaradır? Bu və digər çoxsaylı suallara “Otelloya xəyanət” tamaşasına baxmaqla cavab tapmaq olar.
İlk dəqiqələrdən bəlli oldu ki, “Otelloya xəyanət” teatr içində teatr, tamaşa içində tamaşadır. Bu da Elçinin istedadlı dramaturq olması ilə yanaşı, həm də çağdaş dünya teatr proseslərinə dərindən bələdliyindən və yüksək estetik zövqündən, geniş əbəbiyyatşünaslıq görüşlərindən qaynaqlanır. Tamaşada aktyorlar aktyor obrazlarını oynayırlar. Məşhur Qəmərli (Azərbaycanın Xalq artisti Məbud Məhərrəmov) özünün baş rolu ifa etdiyi “Otello”da 500-cü tamaşasına hazırlaşır. Onun üçün reallıqla illüziya, gerçəkliklə oyun arasında sərhəd çoxdan silinib. O, artıq kimsəni görmür: həyatında yalnız teatr var, səhnə var, bir də Dezdemona adında məhəbbət var.
“Otello”nun səhnədən düşmədiyi 16 ildə Dezdemona obrazını oynayan bir çoxları dəyişib, baş qəhrəman isə həminki olaraq qalıb. Qəmərli hətta özünün bütün tərəf-müqabillərinin adlarını da xatırlamır. Onun üçün onlar hamısı, olsa-olsa, Şekspirin personajlarıdır. “Sonuncu” Dezdemona (Əməkdar artist Natəvan Hacıyeva) aktyora tələbəlik dövründən aşiq olub, amma o, bunu görmür...
Sirli-sehirli yad qadın (Gövhər Şabanova) Qəmərlinin yoluna çıxaraq onu məcbur edir ki, Otello haqqında düşünsün, əsl həqiqətdə onun kim olduğunu anlasın: qisasçıdırmı, qısqancdırmı, yoxsa, sadəcə, hiyləgər Yaqonun aldatdığı birisi... Bəs, yad qadın özü kimdir – aktyorun daha bir pərəstişkarı, yoxsa mələk cildində şeytan? Bəlkə, Qəmərlinin hər bir replikasını, hər bir mizanını əzbər bildiyi pyesin süjet xəttini dəyişməyə elə məhz o qadirdir?
Qocaman aktyor Qəmərli “Otello”nun 500-cü yubiley tamaşasında oynamağa hazırlaşır. Baxışa dünyanın hər yerindən qonaqlar dəvət olunub, teatr tənqidçiləri resenziyalar hazırlayır, müdiriyyət tanışlar-yaxınlar üçün əlavə bilet axtarır, yer tədarük edir və həddən çox köntöy suallar verən jurnalistlərdən yaxa qurtarmağa çalışır.
...Yenə səhnə, yenə tamaşa. Budur, Otello qısqanclığına üstün gələrək, həddən artıq tanış olan bu sözləri deməlidir: “Sən gecə dua etdinmi, Dezdemona?” Qəfildən sözləri unudur və mətndə olmayan elə ifadələr işlədir ki, elə bil, daha Şərin müttəfiqi olmaq, Yaqonun yalanına inanmaq istəmir. Başqa sözlə desək, Şekspirin dörd əsr əvvəl yazdığı faciənin süjet xəttini dəyişir. Tamaşa salonuna sakitlik çökür, səssiz bir həyəcan baş qaldırır. Heç kim nə olduğunu anlamır, amma qəfildən alqışlar qopur, camaat yeni süjet xəttini qəbul edir...
Tamaşadan sonra yubiley gecəsindən aldığı yüksək sənət təəssüratını bizimlə bölüşən həmkarımız, “Mədəniyyət” jurnalının baş redaktoru, Əməkdar jurnalist Zöhrə Əliyeva bildirdi:
–“Otelloya xəyanət” əsəri tamaşaçını teatrın təbiəti ilə bağlı düçüncələrə daldırır, bu güzgünün arxasına boylanmağa, aktyorlarla birlikdə insan təbiətini duymağa vadar edir. Baş qəhrəmanı narahat edən suallar hər birimizin duyğu və düşüncələri ilə səsləşir. Tanınmış rejissor İlqar Safatın quruluş verdiyi tamaşa seyrçilərin böyük marağına səbəb oldu. Tamaşada çoxlu cəlbedici rejissor tapıntısı var, bədii ifadə vasitəsi olan gözəl musiqi səslənir.
Elə aktyor heyəti də möhtəşəmdir. Lüdmila Duxovnaya və Məbud Məhərrəmov kimi sevimli xalq artistlərini səhnədə növbəti dəfə, həm də Elçin kimi sevimli bir dramaturqun yubiley gecəsində müəlliflə səhnədə görmək paytaxtın mədəni elitasına xüsusi zövq verdi. Tamaşaçılar da Məbudla bərabər, əzabverici şübhələrə, həyəcanlara qatıldılar, Aristotel demiş, mənəvi təmizlənmə keçirdilər. Əməkdar artistlər Salman Bayramov, Natəvan Hacıyeva, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova və digərləri də rollarının öhdəsindən məharətlə gəldilər. Bütün bunların nəticəsidir ki, tamaşa dəfələrlə sürəkli alqışlarla qarşılandı. Elçin dramaturgiyası öz orijinallığı və sirli bir cazibəsi ilə bu axşam bir daha sənətsevərlərin duyğu-düşüncələrinə hakim kəsildi.
Teatrsevər həmkarımızın verdiyi maraqlı məlumata əlavə olaraq qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Humay Həsənova, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulə Türkandır.
Tahir AYDINOĞLU,
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


