Müdafiə Nazirliyində xidməti müşavirə

post-img

Mayın 15-də müdafiə naziri gene­ral-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandan­ları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən qəzetimizə bildirilib ki, nazir Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısın­da qoyduğu tapşırıqları müşavirə iştirakçıla­rına çatdırıb.

Azərbaycan–Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliy­yat şəraiti təhlil edilib. Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab veril­diyini, Ermənistan silahlı qüvvələrinin törət­diyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vu­rulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.

Müşavirədə qış dövrü ərzində qoşun­ların döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar qoşun növü komandanlarına çatdırılıb.

General-polkovnik Z.Həsənov Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi, habelə qoşun­ların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Sonda müdafiə naziri bütün növ döyüş təminatı bölmələrinin gücləndirilmiş hazır­lığına xüsusi diqqətin yetirilməsini tapşırıb.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər