Şəhid ailələri və müharibə iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə daha 4 rayonda – Ağsu, Bərdə, İmişli və Şəkidə regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Yeni mərkəzlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həmin rayonlardakı ərazi filiallarının binasında fəaliyyət göstərir və ətraf bölgələr də daxil olmaqla, ümumilikdə, 23 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edir.
Belə ki, Ağsu rayonundakı vahid əlaqələndirmə mərkəzində – İsmayıllı, Qobustan, Şamaxı, Ağsu rayonları üzrə, Bərdə rayonundakı vahid əlaqələndirmə mərkəzində – Şuşa, Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər şəhər və rayonları üzrə, İmişli rayonundakı vahid əlaqələndirmə mərkəzində – Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları üzrə, Şəki rayonundakı vahid əlaqələndirmə mərkəzində – Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala rayonları üzrə xidmətlər göstərilir.
Beləliklə, ötən dövrdə DOST mərkəzlərində və DSMF-nin yerli bölmələrində olmaqla, artıq 71 rayon və şəhəri əhatə edən 16 regional vahid əlaqələndirmə mərkəzi yaradılıb.
Bu mərkəzlərdə 5 mərkəzi icra hakimiyyəti – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 71 yerli icra hakimiyyəti üzrə 26 növ xidmət “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.
Qeyd edək ki, ötən dövrdə bu mərkəzlərdə 83 min 700 şəxsə xidmət göstərilib.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

