İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində də sakinlərin məşğulluğunun təminatı işləri davam edir. Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Talış kənd sakinlərindən özünüməşğulluq proqramına cəlb olunan 7 nəfərinə mal və materiallar formasında aktivlər təqdim ediblər.
Verilmiş aktivlər hesabına onlar maldarlıq üzrə təsərrüfatlarını yaradıblar. Daha iki kənd sakini də yaxın günlərdə arıçılıq və qəssablıq fəaliyyət istiqamətləri üzrə aktivlərlə təmin ediləcək.
Media nümayəndələrinin həmin kənddə aktivlərlə təminat prosesi ilə tanışlığı üçün tur təşkil olunub. Mediatur iştirakçılarına bildirilib ki, Talış kəndinə köçürülən ailələrin hər biri ilə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri görüşlər keçirib, təhlillər aparılıb və kənd sakinlərindən 44 nəfər aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 29 nəfər qurumun dəstəyi ilə işlə təmin olunub. Daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər davam edir.
Kənddə özünüməşğulluq proqramına cəlb olunan sakinlər üçün ilk mərhələdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə biznes təlimlər təşkil edilib. Həmçinin ərazidə fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Müəssisə rəhbərləri ilə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq üçün hazırda işlər aparılır. Bu proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək. Bununla da proqram sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq.
Eləcə də, kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili də nəzərdə tutulub.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”


