Qəbələdəyik. Nə Yerin, nə Göyün üzü gülür, nə də buraya axışan insanların. Gurşad yağış yağır. Mayın 12-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Qarayevin 3 mərasimidir. Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şahmurad Abbasovla birlikdəyik. İkinci Vətən müharibəsinin iştirakçısı olan müsahibimiz kədərlə dillənir:
– Kimdən soruşsanız, Məhəmməd haqqında ancaq xoş söz deyər. Nümunəvi gənc idi. Vətən sevdalısı idi, topraq yolunda da şəhid oldu... O qədər mehriban, ünsiyyətcil idi ki, hamının sevimlisinə çevrilmişdi. Səhərdən mərasimə gəlib-gedənlərin sayı-hesabı yoxdur. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Məhəmmədin xidmət etdiyi hərbi hissənin nümayəndələri, əsgər dostları, hətta qonşu rayonlardan da gələnlər var...
Çadır boşalır-dolur. Məhəmmədin atası Mahir girişdə dayanıb. Gələnləri qarşılayıb, yola salır. Zəhmətkeş adamdır. Ömrü boyu dülgərliklə məşğul olub. İki övladını əlinin zəhməti ilə böyüdüb...
Yaxınlaşıb başsağlığı veririk. Cavab verməyə, necə deyərlər, heyi qalmayıb. Eləcə başını tərpədir. Nəsə deyir, hiss edirəm ki, təşəkkürünü bildirir. Əlli dörd yaşlı atanı başa düşmək o qədər də çətin deyil. Ailənin yeganə oğul övladını itirib. Həmişə boyu ilə fəxr elədiyi balasını torpağa tapşırıb. Məhəmməd Azərbaycan İqtisad Universitetinin məzunu idi. Hərbi xidmətini başa vurmağa cəmi 49 gün qalmışdı...
Yaxın dostu Fəqan Şeydayevin dedikləri:
– Həmişə deyərdi ki, hərbi xidməti başa vurandan sonra mütləq biznes quracaq, karyerasını düzəldəcək. Hərdən deyərdi ki, hamınız mənimlə fəxr edəcəksiniz...
Dostu Aqil Yunusov söhbətə qoşulur:
– Fəxrimiz idi. Onunla bir yerdə heç vaxt darıxmazdıq. Tələbə vaxtı Bakıda hamımızın yığışdığı yer onun kirayədə qaldığı ev olardı. Deyərdik, gülərdik. Sən demə, ömrümüzün ən gözəl, qayğısız günlərini yaşamışıq...
Məhəmməd Qəbələdəki 4 saylı məktəbi bitirib. Həmişə sayılıb-seçilib. 7 il sinif rəhbəri olmuş Səadət Həşimova söhbət zamanı kövrəlir, danışa bilmir. Ovutmağa çalışırıq.
– İndi məktəbdən gəlirəm, –deyir. Bu gün dərsə Məhəmmədi yad etməklə başlamışıq. Vətənpərvər, tərbiyəli və mehriban uşaq idi. Məktəbdə keçirilən bütün tədbirlərdə başda olardı. Çox heyf...
Məhəmmədin atası Mahir Qarayevlə danışa bilmədik, anası Könül xanımla görüşməyə isə ürək eləmədik. Bir də axı nə danışacaqdıq, görüşüb nə deyəcəydik?
Yas mərasimindən çıxırıq, küçədə bir neçə qızla rastlaşırıq. İstər-istəməz düşünürük ki, görəsən, onların içərisində Məhəmmədin yolunu gözləyən kimsə vardımı...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Qəbələ

