Dünyanın idman mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda daha bir mötəbər turnir uğurla keçirildi. Bu dəfə mahir nişançılar Avropada ən böyük atıcılıq komplekslərindən biri olan Bakı Atıcılıq Mərkəzində bir araya gəldilər. Ölkəmizdə artıq üçüncü dəfədir keçirilən dünya kuboku yarışında 66 ölkədən 600-dən çox idmançı mübarizə apardı. Onu da qeyd edək ki, mötəbər yarış ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. Xatırlatmaq yerinə düşər ki, müxtəlif ölkələrdən ən güclü idmançılar ötən həftə xalqımızın ulu öndəri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Avropa tennis turniri, “Prezident kuboku-2023” beynəlxalq reqatası, “Baku Open-2023” beynəlxalq şahmat festivalı, həmçinin cüdoçuların yarışdığı Göygöl Avropa kubokunda iştirak ediblər.
Təqdirəlayiq haldır ki, bu yarışların ünvanı təkcə paytaxt Bakı deyil, həm də, ölkəmizin ayrı-ayrı regionları, rayonlarıdır. Bununla da, ölkəmizin idman siyasətində prioritet istiqamətlərdən biri olan bədən tərbiyəsi və idmanın kütləviliynə nail olmaq üçün onun daha geniş coğrafi məkanda inkişaf etdirilməsi uğurla həyata keçirilir. Bu nüfuzlu idman tədbirlərinin digər regionlarla yanaşı, artıq işğaldan azad olunmuş torpaqlarımızda da keçirilməsi ölkəmizin bütün sahələrdə olduğu kimi, idmanda da artan gücünü, böyük nüfuzunu göstərir.
“Prezident kuboku-2023” beynəlxalq reqatasının 100 illlik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilən Suqovuşan su anbarında start götürməsi özlüyündə rəmzi məna daşıyırdı. Bu gün düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və rayonlarda bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin təşkili bir daha göstərir ki, Qarabağa həyat qayıdır. Vəhşi düşmənin 30 il ərzində daşı daş üstündə qoymadığı doğma torpaqlarımızın dirçəlməsi dünyanın gözü önündə baş verir. Belə bir beynəlxalq turnirin təşkil edilməsi işğaldan azad edilən torpaqlara, həm də sülhün və sabitliyin qayıdışının gözəl nümunəsidir.
Azərbaycanda keçirilən hər hansı bir mötəbər idman tədbirinin iştirakçıları ölkəmizin tarixi nailiyyəti olan sülhün, sabitliyin, təhlükəsizliyin qorunmasını ilk növbədə vurğulayırlar. Təbii ki, bunu bütün ölkələr barədə demək olmaz. Buyaxınlarda Ermənistanda Avropa çempionatının açılış mərasimində ölkəmizin bayrağının vəhşicəsinə yandırılması dünyanın diqqət mərkəzinə gələrək qəti pislənildi. Düşmən ölkədə sülhün, həmrəyliyin bərqərar olmaması səbəbindən böyük tədbirlərin təşkili zamanı xarici qonaqların təhlükəsizliyi sual altına düşür. Ayrı-ayrı federasiyaların ən nüfuzlu idman yarışının ev sahibliyini Azərbaycana etibar etməsinin əsasında da bu faktorlar durur: İdmançıların öz potensiallarını üzə çıxarması üçün qurulan mükəmməl infrastruktur, yüksək səviyyəli təşkilatçılıq və ölkəmizdə sabitlik və təhlükəsizliyin hökm sürməsi. Elə ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin iştirakçıları da mətbuata verdikləri müsahibələrdə bu mühüm amilləri xüsusi vurğulayırlar.
Dünya kubokunda 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma üzrə yarışda qızıl medal qazanan Çin atleti Han Jiayun müasir üslublu Bakı Atıcılıq Mərkəzindəki meydançalarda yarışmağın ona xüsusilə zövq verdiyini qeyd edib. Yarışın yüksək təşkilatçılığını vurğulayan idmançı sabitlik adası olan Azərbaycanı çox bəyəndiyini, yerli sakinlərin xarici qonaqlara isti münasibətini xüsusi qeyd edib.
Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsində gümüş medal qazanan fransalı Klemen Besua isə Azərbaycanda dəfələrlə yarışlarda iştirak etdiyini bildirib. Ölkəmizdə yarışların təşkilatçılıq səviyyəsini qeyd edən atlet burada heç zaman hər hansı problemlə qarşılaşmadığını da deyib. Ən son tələblərə cavab verən Bakı Atıcılıq Mərkəzini isə dünyada ən yaxşılardan biri olduğunu söyləyib.
İngiltərə tarixinin ən uğurlu atıcı qadını 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə yarışın final mərhələsində qızıl medal qazanan Böyük Britaniya atleti Şona Makintoş artıq 4-cü dəfədir Azərbaycanda olur. Deyir ki, Bakı bəyəndiyi ən gözəl şəhərlərdən biri, Bakı Atıcılıq Mərkəzindəki atəş meydanları isə dünyada ən yaxşılardandır. Havanın küləkli olması belə qızıl medal qazanmağa mane ola bilməyib. Atlet bunun özünün də bir əyləncə olduğunu bildirib.
Qarşıda ölkəmizi daha böyük idman tədbirləri gözləyir. Mayın 17-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatı başlayacaq. Bu ayın sonunda isə taekvondo üzrə dünya çempionatı Bakıda təşkil ediləcək. Yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.
Avqustda isə atıcılıq üzrə dünya çempionatında iştirak etmək üçün planetin ən güclü idmançıları ölkəmizə gələcəklər. Paris Olimpiadasına ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq.
Beləliklə, müxtəlif növlər üzrə dünyanın ən güclü idmançıları Azərbaycana böyük arzularla gəlirlər. Ölkəmizdə keçirilən hər bir nüfuzlu yarış idmanın zirvəsinə aparan böyük uğurun qarantına çevrilir.
Leyla QURBANOVA, “Xalq qəzeti”

