Litva anti-Rusiya sanksiyalarından yayınmağın qarşısını almağa çağırıb

post-img

Avropa İttifaqı anti-Rusiya sanksiyalarından yayınmağın bütün yollarını məhdudlaşdırmalıdır. Sputnik Litva xəbər verir ki, bunu Litvanın maliyyə nazirinin müavini Mindauqas Lutvinskas Aİ-nin maliyyə nazirlərinin Brüsseldə keçirilən iclasında səsləndirib.

“Təkcə sanksiyaların tətbiqi kifayət deyil. Sanksiyaların effektiv olması üçün onların tam şəkildə həyata keçirilməsini təmin etmək və üçüncü ölkələr də daxil olmaqla, dolama marşrutların qarşısını almaq lazımdır”. 

Lutvinskas onu da vurğulayıb ki, Vilnüs ardıcıl olaraq Rusiya və Belarusa qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.

Avropa İttifaqının maliyyə nazirlərinin görüşündə Avropa İttifaqının iqtisadi perspektivləri, bank sisteminin gücləndirilməsi, eləcə də Moskva və Minskə qarşı sanksiyaların effektivliyi müzakirə edilib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəzi Mərkəzi Asiya ölkələrinin Qərbin anti-Rusiya sanksiyalarına qoşula biləcəyini bildirmişdi.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya