Şah İsmayıl dövrünün Azərbaycan intibahı

post-img

Azərbaycan mühacirlərindən Əbdülvahab Yurdsevərin (1898–1976) Şah İsmayıl Xətai ilə bağlı 1954-cü ildə yazdığı geniş yazının bir bölümü “Şahın sarayı” adlanırdı. Güneydə Azərbaycan dilinin rəsmən sıxışdırılmasının tarixi ədalətsizlik olduğunun vurğulandığı bu yazıda əks olunmuş həqiqətin fonunda bir daha aydın görünür: 

“Şah İsmayıl şeir yazmaq, Azərbay­can türkcəsini inkişaf etdirməklə yanaşı, Səfəvi dövlətinin sarayını Azərbaycan ədəbiyyatının, musiqi və sənətinin və bütün mədəni fəaliyyətlərin mərkəzinə çevirmişdi. Şah şeir və ədəbiyyat qədər musiqi və rəssamlığı da sevərdi. Ağqo­yunlular zamanında və Səfəvi dövlətinin ilk dövrlərində hökumətin mərkəzi olan Təbriz Yaxın Şərqin ən mədəni və sıx əhalisi olan bir şəhərinə çevrilmişdi.

Daha öncə Elxanilər (Hülakülər sü­laləsi) tərəfindən 1294-cü ildən etibarən paytaxt elan edilən Təbriz XVI əsrin or­talarına qədər bu adını qorumuşdu. XV–XVI əsrlərdə Azərbaycana gələn Avropa səyyahları Təbrizin böyüklüyünü, canlı­lığını və adamların çoxluğunu görərək mübaliğəyə qapılır və əhalinin sayını bir milyona qədər təxmin edirdilər. Fəqət, nə də olsa, bu təxminlər göstərir ki, Təb­riz şəhəri o dövrün Orta Doğu bölgəsin­də çox mühüm bir yer tuturmuş. Əsrlər boyunca paytaxt vəzifəsini daşıyan Təb­rizdə Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər tərəfindən yüksək memarlıq əsərləri olan bir çox gözəl bina, məscid və böyük bir bazar ərsəyə gətirilmişdi.

Şəhər həm böyük bir ticarət mərkəzi, həm də qızıl, gümüş və ipəkdən hazırla­nan incə əl işi sənətinin inkişaf etdiyi bir mahal idi. Belə əl işi sənətləri ilə bu gün də Təbriz böyük şöhrət qazanıb. Ədəbiy­yata hər baxımdan müstəsna əhəmiyyət verən Şah İsmayıl öz sarayında ədəbi məclis qurmuş və başına tanınmış Azər­baycan şairi Həbibini “Məliküş-şüəra” ünvanı ilə gətirmişdi. Bu məclisdə Süru­ri, Şahi, Tufeyli, Kişvəri, Matəmi, Qasimi və digər ədiblər iştirak edirdilər. Şeir və ədəbiyyat o dərəcədə etibar qazanmışdı ki, Səfəvi dövlətinə tabe olan bölgələrin əmirləri də sənət aşiqi Şah İsmayılı təq­lid edərək şeir yazır, saraylarda ədəbi toplantılar təşkil edirdilər.

Səfəvi dövrü ədəbiyyatının əsas qayəsi şiəliyi müdafiə etmək idi. Buna görə də qəsidə janrında vəsf etməyə, yəni, Həzrət Əlinin sülbündən gələn on iki imamın fəzilət və xarakterini tərif və tövsif edən şeirlərə rast gəlinirdi.

Şahın özü isə bir hökmdardan daha çox, bir mürşid və ya bir məzhəb başçısı sifəti ilə qəsidələrdə mədh olunmaqda idi. Şahın əmri ilə sarayda möhtəşəm bir kitabxana yaradılaraq tanınmış klassik ədiblərin əsərləri bir araya gətirilmişdi. Məşhur xəttatlar bu əsərlərin surətini kö­çürürdülər. Rəssamlar bu əlyazmalara miniatürlər hazırlayırdılar. Beləcə, rəs­samlıq getdikcə inkişaf edirdi. 

Şərqin Rafaeli adı ilə böyük şöh­rət qazanan Kəmaləddin Behzad bu rəssamlıq məktəbinə mənsub və onun rəhbəri idi. Behzad o dönəmin məşhur rəssamı təbrizli Seyid Əhmədin tələbəsi idi. Əslən heratlı idi, 1506-cı ildə Təbrizə köçmüşdü. Şah İsmayılın 1521-ci ildə verdiyi xüsusi əmrlə bu vəzifəyə başla­mışdı və oğlu Şah Təhmasib dövründə də mövqeyini qoruyub saxlamışdı.

Behzad ilə yanaşı, Ağa Mirək Təbri­zi, Sultan Məhəmməd Təbrizi, Müzəffər Əli Nəqqaş və Hafiz Təbrizi kimi istedad­lı sənətkarlar dövrün rəssamlıq sənətinə qəti forma və üslub vermişdilər. Bu üs­lubun özünəməxsus cəhəti rəssamlıq­la ədəbiyyatın əl-ələ bərabər şəkildə yürüməsidir. Rəssamlıq başlıca olaraq miniatür sənətinə təmayül göstərdiyi üçün poemalardakı lirik səhnələrin bü­tün incəliklərlə təsviri və canlandırılması vacib idi. Bu isə rəssamın, eyni zaman­da ədəbi zövq və düşüncə sahibi olma­sı ilə mümkün idi. Hazırda Avropa mu­zeylərində nümunələri mühafizə edilən bu miniatürlər mütəxəssislər tərəfindən yüksək sənət əsəri olaraq dəyərləndirilir.

Beləcə, görürük ki, Şah İsmayıl yal­nız qılıncı ilə ölkələr fəth edib möhtəşəm bir səltənət quran hökmdar deyil, eyni zamanda qələmi ilə, ədəbi dühası və dərin sənət zövqü ilə Türk toplumuna xidmət etmiş böyük bir simadır.

Qısa sürən ömrü siyasi və mədəni səmərələri yönündən çox zəngin olub. O, həm böyük bir dövlət qurub, həm də bu dövlətin yaşaması və inkişafı üçün lazım olan ideoloji və mədəni gücləri hərəkətə keçirib.

Şah İsmayıl Türk tarixində qədri-qiy­məti əsla kiçildilməyəcək qədər mühüm bir yer tutur. Onun şəxsiyyəti və rolu ətrafında düşünərkən, həyatının və fəa­liyyətinin bütün mərhələləri göz önünə gətirilməlidir”.

“Azərbaycan” jurnalı, 

aprel, 1954

Hazırladı: Dilqəm ƏHMƏD

Mədəniyyət