(əvvəli qəzetimizin 30 aprel tarixli sayında)
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevlə bu mövzuda söhbətimizi aşağıdakı suallarla davam etdirdik.
– Nizami kimi bir şeyx, həkim titulu qazanmış ustadın yaradıcılığına çağdaş şiə ideoloqlarının baxış və yozumları ilə yanaşmaq, ziddiyyətli, bir-birini təkzib edən geniş müzakirə açmaq onun dünyəvi və bəşəri bir şair olmasını inkar etmək, ustadlığını şübhə altına almaq deyilmi?
– Bundan əvvəl də göstərdiyimiz kimi, İran şiə filosofu, əllamə Məhəmmədtəqi Cəfərinin xüsusi sifarişlə yazmış olduğu “Nizami Gəncəvinin şeirlərində hikmət, ürfan və etik mövzular” kitabı məhz bu məqsədə xidmət edir. Alimin gəncəli dahi haqqındakı fikri: “Nizami Gəncəvinin sənətkarlığı, ərəb və fars sözlərinə hakim olması və məzmunu, məkanı göstərmək üçün onlardan istifadə etməsi o qədər zəngindir ki, doğrudan da, misilsizdir, deyə bilməsək də, ən azı, deyə bilərik ki, o, fars ədəbiyyatının da qəti olaraq müqayisəolunmaz bir şəxsiyyətidir”. Müəllif ilk baxışda Nizami haqqında təmtəraqlı sözlər işlətsə də, cümlənin ikinci tərəfində, az qala, bu nəhəng söz üstadını sıravi bir şair səviyyəsinə endirmiş olur.
Fikrimizcə, bununla müəllif məqsədli bir şəkildə dahi Nizamini azərbaycanlı kimi Azərbaycan, fars kimi fars dilini mükəmməl bilməyən bir natamam şair olaraq təqdim etməklə, onu azərbaycanlıların da, farsların da gözündən salmağa cəhd göstərmişdir. Nizami bütün ruhu ilə mənsub olduğu Azərbaycan xalqının şairidir və yalnız ona məxsusdur. Qeyd edək ki, bu bədxah alim Nizami haqqında fikir yürüdərkən elmi dil və üslubdan yox, bu kitabın yazılmasını ona sifariş verən, xalqlar arasına nifaq toxumu səpən, fars şovinizminə xidmət göstərən Qumdakı mürtəce mollaların diplomatik dil və üslubundan istifadə etmişdir. Ona görə də hansı əqidənin sahibi olduğu dəqiq bilinməyən Məhəmmədtəqi Cəfəri Nizaminin sənətkarlığı və hətta milli mənsubiyyəti haqqında, Mövlana demiş, zahirən “la” desə də, batində, əsl həqiqətdə “illa” demiş olur.
Alimin şeiriyyətinə kölgə saldığı “həkim Nizaminin” “fars ədəbiyyatının görkəmli xadimlərinin birinci sıralarında” yer tutması haqqında fakt qarşısında qalaraq dilucu da olsa dediyi fikir, əlbəttə, korifey sənətkarın mənsub olduğu Azərbaycan xalqı üçün qürur mənbəyidir. Nizami kimi dahi şair haqqında İran və ya fars ədəbiyyatşünaslığının da ağızdolusu danışması bu nəhəng şəxsiyyətin bütün bəşəriyyət qarşısında göstərdiyi misilsiz xidmətin məntiqi nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin vaxtilə dahi Azərbaycan şairi Füzuli haqında dediyi: “Ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə belə hesab edirlər ki, o, türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmanları da deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun”, – fikrini dahi Azərbaycan şairi Nizamiyə də aid etmək olar. Nizamidən bütün xalqların “dədəsinin oğlu kimi” bəhs etməsi isə (akademik İsa Həbibbəyli), sadəcə, qürurverici bir haldır.
–İranlı müəllifin “ilahi elmləri, varlıq aləminə dair həqiqətləri dərindən bilir”,– deyə təqdim etdiyi həkim Nizaminin “bəzi səhvlərə yol verdiyini” ehtiyatlı bir üslubla təqdim etməsi, onun böyük şair haqqında müsbət düşüncədə olmamasının daha bir nümunəsidir.
–Söhbət ondan gedir ki, Nizaminin “Allahı gözlə görmək” fikrini səhv olaraq nəzərdən keçirib konkret beytlərlə təsdiqə çatdırmaq istəyən Cəfəri poetik konteksti öz məqsədinə uyğun şəkildə təhlil edir və şairin ideyasında təhrifə yol verir:
İşıqlıq bəsirət əhlinin nəzərində
Zahiri işıq deyil, təsəvvür etməkdir.
Bu beytində Nizami bu “görmə”nin batini yolla, bəsirət ilə mümkün olduğunu açıq şəkildə ifadə etmişdir. Bundan başqa, alim Nizaminin “Sən ki cövhər deyilsən, yox məkanın, vurğunun xəyalı sənə çata bilərmi?” beytini fərqli istiqamətdə, məzmunun əksinə təhlil edərək Nizamiyə və onun şeyxliyinə yanlış don biçməyə çalışmışdır. Bu, açıq-aydın Azərbaycan şairini farsa çevirə bilməyən İran aliminin acığını onun yaradıcılığından çıxması cəhdidir. Bütün bunlar zavallı Cəfərinin Nizami haqqında həqiqətləri söyləmək deyil, qərəzləri ortaya qoymaq məqsədindən xəbər verir.
Bu azmış kimi, müəllif Nizami Gəncəvi fikirlərinə etirazlarını aşağıdakı cümlələrdə daha da dərinləşdirir: ”Bu sahədə Nizami Gəncəviyə belə bir etiraz oluna bilər ki, zahiri gözlərlə Allahı görməyi mümkün hesab edən şair hansı səbəbə görə qəlbi və canı ilə Allahı görməkdə özünü aciz bilir?!” Kitab müəllifi burada, sanki, hər şeydə bir “əmma” axtaran qərəzkar bir opponent kimi çıxış edir.
–Yəni, nəyin bahasına olursa-olsun, Nizamiyə bir əmma qoşmaq... Müəllif unudur ki, böyük Nizami Gəncəvi, ilahiyyatçı deyil, ədəbiyyatçı – şair olmuşdur.
– Bəli, buna tənqid xatirinə tənqid deyirlər ki, əslində, qərəzdən başqa bir şey deyil. Belə bir zərərli baxışın nəticəsidir ki, şeyx olaraq dövründə böyük hörmət və ehtiram qazanmış dahi Nizami Gəncəvi Allahın sifətlərinin əzəli və əbədi olduğunu bildirdiyi halda, nədənsə, tədqiqatçı şairin bu fikri ilə razılaşmır. Allahın sifətlərinin iki qrupa: zahiri və fiili sifətlərə bölündüyünü iddia edən müəllif şeyx Nizaminin “səhvlərini təshih etməklə” məşğul olur. Əvvəldə də qeyd etdiyimiz kimi, müəllif kitabının adını “Nizami Gəncəvinin yaradıcılığında hikmət, ürfan və etik mövzular” formatında qoysa da, qeyri-etik olaraq Nizami sənətində səhvlər axtarmaqla məşğul olur. Digər bir məqamla əlaqədar da müəllifin iddiası narazılıq doğurur:
Çox vurnuxdu düşüncə, anlamadı sirrini
Çox axtarıb tapmadı Tanrının bənzərini.
Necə ürək eyləyib o ümmana girər can?
Necə, hansı hünərlə su içər o bulaqdan?
– misralarındakı fikirlər, guya, Həzrət Əlinin sözlərinə əsasən qəbul olunmur. Şair Nizami Gəncəvi ilə İslam aləminin mötəbər şəxsiyyətlərindən olan əmirəlmömin ilə həzrət Əlini qarşılaşdırmaq nə dərəcədə doğrudur?!
Müəllif “Xosrov və Şirin”də peyğəmbərimizin əmisi Həzrəti Əbutalibin İslamdan əvvəl bütpərəst olmasının göstərilməsi fikrinə də etiraz edir. Belə görünür ki, Məhəmmədtəqi Cəfəri bu kitabı yazmaqla, qarşısına məqsəd qoymuşdur ki, böyük şairi gözdən salsın. Təsadüfi deyildir ki,o, mömin bir bəndə, yüksək mərtəbəli şeyx olan qüdrətli şairi, az qala, dinsiz adlandırır, onu İslam qanun və hökmlərini inkar edən, ona zidd fikirlər söyləyən bir şəxsiyyət, söz ustası kimi səciyyələndirir.
Müəllif Nizaminin Həzrət İbrahim haqqında “Allah onu bütxanadan çıxartdı” cümləsini qəbuledilməz adlandırır, bu mülahizəni yanlış hesab edir. Elmi baxımdan Nizami haqlıdır, çünki Həzrət İbrahim dövründə bütpərəstliyin olmadığını iddia etmək cəfəngdir. Yenə müəllif şairin “Canlı varlıqların yaşaması onların varlıqlarından asılıdır” fikrinə də etiraz edərək onu “olduqca sadəlövh bir təsəvvür” adlandırır.
Kitabın adı “Nizami Gəncəvinin şeirlərində hikmət, ürfan və etik mövzular” olmasına baxmayaraq, burada daha çox irfan məsələlərindən bəhs edilmişdir. Əslində, bu kitabda Nizami şeirlərindən, poeziyasından yox, “Xəmsə”dən, məsnəvilərdən bəhs edilmişdir. Bu kitab filoloji tədqiqat yox, dini əsərdir, teologiya, ilahiyyat elminə aiddir. Çünki burada daha çox ilahinin qüdrətləri, onun nemətlərindən istifadə olunması, Allah və insan məsələlərindən tək Nizami Gəncəvi yaradıcılığında deyil, ümumiyyətlə, farsdilli ədəbiyyatdakı qoyuluşundan bəhs edilir.
Sonda fikrimizi yenə akademik Marrın sözləri ilə bitirmək istəyirik. Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın fikrincə, İran alimləri farsca yazdığına görə böyük sənətkarı İran-fars şairi hesab etsələr də, “Əz asare-Nizami buye-türk miyayəd” – “Nizaminin əsərlərindən türk iyi gəlir”– deyərək, şairin yaradıcılığını ruhən, candan-könüldən qəbul edə bilmirlər. Görünür, məhz bu səbəbdən İran alimi Məhəmmədtəqi Cəfəri böyük Azərbaycan şairi Nizami Gəncəvini həzm edə bilməmiş, aşağılamağa çalışmış, lakin özünü rüsvay etmişdir.
Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”


