Mən nə gətirdim...

post-img

(Milli hökumətin süqutundan sonra 

Təbrizdən Naxçıvana keçərkən yazılıb)

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım,

Bu kiçik qəlbimdə dəniz saxladım

Bir xilqət görmədi, pünhan gətirdim.

Ucuz tutmasınlar bu sovqatımı.

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

Ürək daş deyildir, bir parça ətdir,

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.

Qardaşım, illərlə istədin ki, sən

Öz ana yurdumda azad olum mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

Yenə Azərbaycan qan ağlayır, qan,

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim.

 

Əli TUDƏ

Mədəniyyət