“Şahnamə” miniatürü 6.1 milyon dollara satılıb

post-img

Məşhur “Sotheby” hərracında Şah Təhmasibin “Şahnamə”sinin əlyazmasının illüstrasiyalı vərəqi 6,1 milyon dollara satılıb.

Bu barədə jurnalistlərə məlumat verən hərracın İslam və Hindistan in­cəsənəti departamentinin direktoru Benedikt Karter qeyd edib ki, İran–Tu­ran müharibəsinin rəsmini əks etdirən bu qiymətli nümunə auksionda ən çox təklif alan əsərlər sırasında olub. O əlavə edib ki, bu illüstrasiyalı vərəq dünyanın orta əsrlərə aid ən nadir əsərlərindən biridir. Bu unikal nümunə 1658-ci ildə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən Osmanlı Sultanı II Səlimə hədiyyə edilib.

Hərracda, həmçinin, XVII–XVIII əsrlərə aid Yaxın Şərq, Şimali Afrika, Türkiyə, İran, Hindistan və Cənubi Asiyadan müxtəlif İslam əsərləri də satılıb. B.Karter bildirib ki, ümumilikdə, 135 əsər kolleksiyaçılar tərəfindən alı­nıb. Onların arasında Osmanlı impe­riyası zamanında – XVII–XIX əsrlərdə məşhur müsəlman xəttatları tərəfin­dən yazılmış Qurani-Kərimin nadir nümunələri də var. Osmanlı sultanla­rının XVII əsrə aid qızıl naxışlı xəncəri isə 254 min funt sterlinqə satılıb. Hə­min əsrdə hazırlanan “Qızıl buynuz” vazasının satışından 126 min dollar, müxtəlif geyim, keramika, metal əşya­lar və rəsm əsərlərindən isə “Sotheby” hərracı 15,7 milyon dollar əldə edib.

B.Karter vurğulayıb ki, son illər hər­racda İslam əsərləri və irs nümunələ­rinə tələbat xeyli artıb. Kolleksiyaçılar onların nadir olmasına xüsusi əhəmiy­yət verirlər. Ən çox tələbat isə Qura­ni-Kərimin müxtəlif əsrlərdə xəttatlar tərəfindən yazılmış nümunələridir.

 

“Xalq qəzeti”

Mədəniyyət