Böyük Britaniya Kralının tacqoyma mərasimi keçirilib

post-img

Dünən Londonda Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi təşkil olunub. Tədbirə çox sayda dövlət və hökumət başçıları, görkəmli elm və incəsənət xadimləri dəvət olunublar. Bütövlükdə, tədbirdə dünyanın 200-dək ölkəsindən 2,2 mindən çox insanın iştirak etdiyi bildirilib. Bundan əlavə mərasimi milyonlarla insan televiziya vasitəsilə izləyib. 

Qeyd edək ki, mərasim Londondakı Çarlzın anası, 96 yaşlı Kraliça II Elizabe­tin ötən ilin sentyabr ayında dəfn mərasi­minin keçirildiyi Vestminster abbatlığında təşkil olunub.

Tacqoyma mərasimi qeyri-adi bir təmtəraqla və şənliklərlə dolu bir hadisə­dir. Dünən Londonda yüz minlərlə insan Bukinhem sarayından Vestminster ab­batlığına gedən marşrut xətti boyu top­laşaraq mərasimi canlı izləyiblər. Saray­dan Vestminster abbatlığına gedən yolun uzunluğu 2,29 kilometrdir. Yol boyu çox sayda müşahidə platformaları açılıb. 

Yeri gəlmişkən, Çarlz və həyat yolda­şı Kraliça Kamilla xidmətə “Diamond Ju­bilee” ekipajı ilə gediblər. Yeni Kral 700 ildən artıqdır ki, Britaniya monarxlarının tacqoyma mərasimində istifadə edilən kürsüdə oturub. Bu, həmin kürsüdür ki, 1296-cı ildə Kral I Edvard tərəfindən şot­landlardan qənimət kimi ələ keçirilib. Kral Vestminister abbatlığında Qüdsdən gəti­rilən müqəddəs yağla məsh edilib. 

Tədbirdən sonra Çarlz və Kamilla 1762-ci ildə tikilmiş və 1831-ci ildən bəri hər tacqoyma tədbirində istifadə edilən məşhur kareta ilə Bukinhem sarayına qayıdıblar. Arabanı səkkiz boz at çəkib.

Xatırladaq ki, Çarlz 2022-ci il sent­yabrın 8-də anası, Kraliça II Elizabetin ölümündən sonra rəsmən Böyük Brita­niyanın kralı olub. Tacqoyma mərasimini ölkə əhalisi səbirsizliklə gözləyirdi. Belə mərasimlərdə sakinlər bir qayda olaraq yeni monarxı alqışlayır, ona ən səmimi və ülvi arzularını bildirməyə çalışırlar. İnsanlar bu unudulmaz anları ömür boyu xatırlayır və bundan qürur duyurlar. 

Dünən paytaxt Londonda həmçinin ölkənin bir çox böyük şəhər və qəsəbələ­rində ictimaiyyətin geniş iştirakı ilə geniş şənliklər keçirilib. Xatırladaq ki, sonuncu dəfə Böyük Britaniyada Kraliça Elizabetin tacqoyma mərasimi yetmiş il əvvəl keçi­rilib. 

Budəfəki tacqoyma mərasimində ək­sər tədbirlər təkrar olunsa da, müəyyən fərqlər də olub. 74 yaşlı kralı narahat edən məqamlar da var. Belə ki, son rəy sorğularına görə, ölkə ictimaiyyətinin əlli səkkiz faizi monarxiyanı dəstəkləsə də, 18-24 yaşlı gənclərin yalnız otuz səkkiz faizi monarxiyanı qalmasını məqbul sa­yır.

Tacqoyma mərasimində ciddi təh­lükəsizlik tədbirləri görülüb. Məsələn, mərasim zamanı Londonun mərkəzində pilotsuz uçuş aparatlarının havaya qaldı­rılması qadağan edilib. 

Beləliklə, III Çarlz rəsmən Böyük Bri­taniya və Şimali İrlandiya Birləşmiş Kral­lığının kralı oldu. Xatırladaq ki, III Çar­lz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarxdır. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

P.S. Qeyd edək ki, Azərbaycanı mə­rasimdə Milli Məclisin Sədri Sahibə Qa­farova təmsil edib.

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər