Özbəkistanda Xurşidbanu Natəvanın əsərlərinin təqdimatı olub

post-img

Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddəki Turan Kitabxanasında Xurşidbanu Natəvanın əsərlərinin özbək dilində nəşrinin təqdimatı keçirilib. 

Tədbir iştirakçıları ilk olaraq Turan Kitabxanasında AMM tərəfindən yaradılan Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Azərbaycanın digər guşələri və Qarabağa aid nəşrlər hədiyyə edilib.

Daha sonra qonaqlar kitabxanada repressiya qurbanlarına həsr edilmiş muzeyi ziyarət ediblər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, Özbəkistanın Fəxri Mədəniyyət işçisi Dildora Abduazizova Şuşa günləri tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib.

Dildora Abuazizova Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, tarixən xalqlarımız arasında sıx qardaşlıq əlaqələri haqqında danışıb. O, Mədəniyyət Mərkəzi ilə birgə hər il Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı layihələrin həyata keçirildiyini, kitabxana ilə Şuşa rayon Mərkəzi Kitabxanası arasında qardaşlaşmış kitabxanalar müqaviləsinin imzalandığını  qeyd edib, Şuşanın yalnız Azərbaycan deyil, bütövlükdə Türk dünyası mədəniyyətinə misilsiz töhfələr verdiyini bildirib və Xurşidbanu Natəvanın yaradıcılığının Özbəkistanda da böyük maraq doğurduğunu qeyd edib. 

AMM-nin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri” tədbirləri haqqında məlumat verib, Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair  layihələrin keçiriləcəyini vurğulayıb. 

Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətə malik olduğunu qeyd edən direktor uzun illər erməni işğalı altında qalmış bu şəhərdə həyata keçirilən vandallıq haqqında danışaraq, bugün şəhərin Azərbaycan dövləti tərəfindən yenidən qurulması və onun Türk dünyasının mədəniyyət paytaxtına çevrilməsini fəxrlə qeyd edib. S. Abbasov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib. “Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir”.

Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələr, xalqlarımız arasında qardaşlıq münasibətləri barədə danışıb. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirib.  

G. Əfəndiyeva rəhbərlik etdiyi fond və onun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. O, ötən il Türkiyənin Bursa şəhərində təşkil edilmiş “Şuşa günləri” layihəsinin və bu il ilk dəfə Özbəkistanda keçirilən bu tədbirlərin əhəmiyyətini vurğulayıb. 

Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, Xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, yazıçı-publisist, Xurşidbanu Natəvan haqqında sənədli filmin müəllifi Ülviyyə Heydərova 2021-ci ildə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə iki əsr öncə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisinin özbək və azərbaycanlı şairlərin iştirakı ilə bərpa edilməsi və Şuşada hər iki ölkə şairlərinin iştirakı ilə baş tutan poeziya məclisinə dair  təəssüratlarını bölüşmüşlər. AMM-nin layihəsi olan Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitab haqqında məruzələr edilmişdir. 

Özbəkistan Ali Məclisinin deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışıb, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitində rolu haqqında danışaraq  qarabağlı şairə Natəvanın və özbək şairəsi Nadirabegimin yaradıcılığı və həyatı arasında oxşarlığı qeyd edib. 

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan-Özbəkistan dostluğunun tarixindən, dövlət başçılarının görüşləri barədə danışaraq, iki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələr barədə məlumat verib. O, işğaldan azad edilən Azərbaycan torpaqları, Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələrinin qürurverici olduğunu qeyd edib. 

Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qədiri adına İncəsənət və Yaradıcılıq Məktəbinin şagirdlərinin  ifasında Azərbaycana, Qarabağa aid musiqilər ifa olunub.  Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universitetinin tələbələri Xurşidbanu Natəvanın şeirlərini səsləndiriblər.

Sonda Günay Əfəndiyeva qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edib.

“Xurşidga yetar boshim” adlı kitab  Turan Kitabxanasına və  tədbir iştirakçılarına hədiyyə edilib.

Qulu Kəngərli,
Daşkənd









Mədəniyyət