Ramiz Məlik: Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hər bir sənət adamına xüsusi həssaslıqla, diqqətlə yanaşırdı

post-img

Bu il ölkəmizdə xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Dahi və uzaqgörən siyasətçinin adı dərin hörmət və ehtiram ünvanı kimi çəkilir. Onun xalqımızın mədəniyyət və incəsənətinin inkişafındakı unudulmaz xidmətləri hər zaman xatırlanaraq yad edilir.

Xalq artisti Ramiz Məlik də AZƏRTAC-ın müxbirinə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə teatr və kino sənətinin inkişafı naminə çoxşaxəli təşəbbüslərindən, sənət adamlarına diqqət və qayğısından danışıb: “Biz çox xoşbəxt xalqıq ki, müasir Azərbaycanın qurucusu məhz Ümummilli Lider Heydər Əliyev kimi şəxsiyyət olub. Ulu Öndər haqqında, onun müxtəlif sahələrdə fəaliyyətindən çox danışmaq olar. Mən istərdim o dahi şəxsiyyətin mədəniyyətə, incəsənətə olan münasibətindən söhbət açam. Hamıya yaxşı məlumdur ki, Ümummilli Lider Heydər Əliyev teatrı sevən və mədəniyyətə xüsusi qayğı ilə yanaşan bir insan idi. Onun incəsənət xadimlərinə münasibəti yüksək səviyyədə olub. 1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin zamandan başlayaraq Ulu Öndər bir çox istedadlı sənətkarlarımıza ən yüksək fəxri adlar verdi. 1974-cü ildə isə teatrımızın 100 illiyinin keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Həmin dövrdə də bir çox korifey sənətkarlarımız SSRİ Xalq artisti adına layiq görüldülər. Hətta mənzillə mükafatlandırılırdılar. Onlardan biri də mən idim. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə mənə Azadlıq prospektində 3 otaqlı mənzil verildi”.

Ulu Öndərin Azərbaycan xalqının tarixindəki böyük xidmətlərindən söhbət açan R.Məlik Ümummilli Lider Heydər Əliyevin sənət adamları ilə birgə unudulmaz görüşlərini belə xatırlayıb: “1984-cü il sentyabrın 24-də Ümummilli Lider Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. O, dahi şəxsiyyət Hüseyn Cavidin əsərlərini çox sevərdi. Həmin vaxt Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis” tamaşası hazırlanırdı. Biz o zaman məzuniyyətdən yeni qayıtmışdıq, xəbər gəldi ki, Heydər Əliyev gəlib, Bakıdadır və tamaşaya baxmaq istəyir. Bir həftə ərzində ciddi məşq etdik və tamaşanı yüksək səviyyədə nümayiş etdirdik. Əsərin baş qəhrəmanı Arifi mən canlandırırdım. Ulu Öndər adəti üzrə tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərlə görüşdü. Bu çox sevindirici və qürurverici idi ki, dövlət başçısı tamaşa barədə öz təəssüratlarını aktyorlarla bölüşürdü. Ümummilli Lider Hüseyn Cavid yaradıcılığını, dramaturgiyasını təhlil edərək, tamaşaya olan münasibətini, tövsiyələrini bildirdi və kollektivi bu münasibətlə təbrik etdi. Orada həmin an belə bir söz də işlətdi "Bu tamaşa mütləq öz mükafatını almalıdır”. Doğrudan da az bir müddətdən sonra “İblis” tamaşası Dövlət mükafatına layiq görüldü. Ümumilikdə səkkiz nəfər, başda rejissor Mehdi Məmmədov və iki rəssam, eləcə də beş aktyor - Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova və mən Dövlət mükafatı aldıq. Bu, Heydər Əliyev kimi şəxsiyyətin bizə və sənətimizə olan diqqətinin, qayğısının ən bariz nümunələrindən yalnız biridir”.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə növbəti dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyevin mədəniyyətimizə, incəsənətimizə, yaradıcı adamlara diqqət və yayğısını davam etdirdiyini söyləyən Xalq artisti 1997-ci ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışı zamanı Ulu Öndərlə illər sonrakı növbəti görüşlərini də unudulmaz günlərdən sayır: “Həmin vaxt respublikanın bir çox görkəmli nümayəndələri Naxçıvana, məqbərənin açılışına dəvət olunmuşdular, onların arasında mən də var idim. Təqribən 20-30 tanınmış şəxslə qədim Naxçıvan torpağında məqbərənin açılış mərasimində iştirak etdik. Orada Ulu Öndər Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. Hamı ilə görüşdükdən sonra mənim əlimi tutub saxladı və gözümün içinə baxaraq mənə Arif dedi. 1984-cü ildən 1997-ci ilə kimi dövlət başçısının hafizəsində qala bilmişdim və məni tanımışdı. Dedi ki, “Sən “İblis” əsəri ilə bizi feyzyab edəcəksənmi?” Dedim bəli. O vaxt Fuad Poladov Rus Dram Teatrında “İblis”i rus dilində oynayırdı. Biz birlikdə belə bir səhnə yaratdıq, o rus dilində İblisin sözlərini deyirdi, mənsə Azərbaycan dilində. Çox maraqlı bir səhnəcik alınmışdı. Murad Yegizarov da Şeyx Sənandan monoloq dedi. Sonra isə ziyafətə dəvət olunduq. Orada da çox maraqlı hadisələr oldu. Ümummilli Lider Heydər Əliyev çox sadə və səmimi bir insan idi. Hətta bizimlə zarafatlar da edirdi. Görüşümüz o qədər maraqlı keçdi ki, vaxtın necə ötdüyündən xəbərimiz olmadı. Ulu Öndərlə xudafizləşib ayrılarkən də maraqlı bir hadisə oldu. Belə ki, biz həmin məkandan çıxaraq, pilləkənlərin yanında gözlədik ki, Heydər Əliyev gəlsin, onu yola salaq, sonra gedək. Elə dayanmışdıq birdən Arif sözünü eşitdik. Unudulmaz bəstəkarımız Arif Məlikov da, mən də çevrildik. O, Arif Məlikovu çağırırdı. Ona dedi ki, “Arif, sən Naxçıvanda olmusan? dedi xeyr. Ulu Öndərin cavabı özünü çox gözlətmədi. “Hə, vəssalam, sən Naxçıvanda olmamısansa, deməli heç bir şey görməmisən. Sən əgər Naxçıvanda olsaydın, günəş qürub edəndə onun şəfəqlərinin Ordubad, Culfa yolunda dağın üzərinə düşərkən 7 rəng əmələ gətirdiyini görərdin və bundan təsirlənib simfonik əsər də yazardın...”

Danışdıqca xəyalən dünənə, çox da uzaq olmayan keçmiş günlərə boylanan Xalq artisti Ramiz Məlik xüsusi olaraq vurğulayır ki, Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə, sənətçilərə qarşı xüsusi həssaslıqla, diqqətlə yanaşırdı. Onun diqqəti və qayğısı sayəsində fəxri adı olmayan sənətçilər Əməkdar artist, digərləri isə Xalq artisti oldular: “Mən də o vaxtlar Əməkdar artist, Dövlət mükafatı laureatı idim və 1998-ci ildə Heydər Əliyevin imzası ilə Xalq artisti adına layiq görüldüm. O tez-tez teatra gəlir, tamaşalara baxır və sənət adamları ilə görüşərək onların qayğıları ilə maraqlanırdı. Bu cür görüşlər və onun mütəmadi olaraq tamaşalara gəlib baxması, sənət adamları üçün qürurverici idi. Yadımdadır ki, Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını da izləmişdi və tamaşa çox xoşuna gəlmişdi. Orada da tamaşadan sonra ənənəvi olaraq səhnə arxasında tamaşanın yaradıcı heyəti ilə görüşüb səhnə əsri ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Dedi ki, “Bu bizim türk kökümüzə layiq bir əsərdir”. İşinin gərgin olmasına baxmayaraq elə bir yeni tamaşa olmazdı ki, Ulu Öndər həmin tamaşaya gəlib baxmasın. Bu, onun Azərbaycan ədəbiyyatına sevgisindən, sözə həssas münasibətindən irəli gəlirdi”.

Xalq artisti vurğulayıb ki, bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Xalqımız bir daha dahi şəxsiyyətin xatirəsini hər zamankı kimi uca tutaraq, onu könül xoşluğu və sevgi ilə yad edir: “Ulu Öndərin dövlətimiz, xalqımız üçün gördüyü işləri unutmuruq və heç bir zaman da unutmayacağıq. Nə qədər xalqımız, dövlətimiz var Ulu Öndər Heydər Əliyev də daim qəlblərdə yaşayacaq”.

Mədəniyyət