Ermənistana iqtisadi və hərbi dəstək verən Tehran dövləti Azərbaycana terror ixrac edir - Siyasi şərhçi

post-img

Azərbaycanın İsraildə səfirlik açmasını fələstinlilərə qarşı kimi göstərməyə çalışan İranın məqsədi Fələstinə dəstək, yaxud müsəlmanların müdafiəsi yox, öz maraqlarının təmin edilməsidir. İran Azərbaycanın müstəqil siyasətindən narahatdır və bunun qarşısını almaq üçün terrordan tutmuş, siyasi təzyiqlərə qədər bütün vasitələrə əl atır. İran parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar da məhz müstəqil siyasətimizə qarşı siyasi təzyiq cəhdidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı söyləyib.

Qərarda Azərbaycanın İsraildə səfirlik açmasının Fələstinə qarşı və anti-İslam addım olduğunun iddia edildiyini diqqətə çatdıran A.Nərimanlı deyib: “Birincisi, Azərbaycanın hansısa ölkədə səfirlik açması, diplomatik münasibətlər qurması beynəlxalq hüquqda təsbit edilmiş suveren hüququdur. İkincisi, İsraildə səfirlik açan Azərbaycan Fələstinlə münasibətləri də bərabər səviyyədə davam etdirir, bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin BMT nizamnaməsinə uyğun həllindən yanadır. Səfirliyin açılması mərasimində iştirak məqsədilə İsrailə gedən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ardınca Fələstinə də səfər etməsi rəsmi Bakının məsələyə münasibətinin əyani isbatıdır. Üçüncüsü, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 30 il ərzində İsraildə səfirlik açmadı. Burada İranın mövqeyi də müəyyən mənada nəzərə alınırdı. Tehran rejimi isə bu 30 ildə Azərbaycan torpaqlarını işğal edən, Allahın evində donuz saxlayan, İslam irsini məhv edən Ermənistanı qucaqlamaqla məşğul olub”.

Siyasi şərhçi qeyd edib ki, əgər İran həqiqətən müsəlmanların təəssübkeşidirsə, niyə müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən, müsəlman azərbaycanlılara qarşı soyqırımı aktları törətmiş Ermənistanı dəstəklədi və bu gün də eyni dəstək daha geniş formada həyata keçirilir?! Əgər İran İsraildə səfirliyin açılmasının, bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının Fələstinə və müsəlmanlara qarşı olduğunu hesab edirsə, nə üçün 3 il öncə İsraildə səfirlik açan Ermənistanla qardaşlıq edir?!

Bu iki məqam İranın məsələyə İslam dininin müdafiəsi üzərindən yox, öz siyasi maraqları üzərindən baxdığını deməyə əsas verir. Azərbaycanın müstəqil siyasətinin qarşısını ala bilmədiyi üçün məsələsini İslam Əməkdaşlıq Təşkilatına (İƏT) çıxarmağı, müsəlman ölkələrinin də bizə qarşı cəbhədə yer almasını istəyir. İran parlamentinin qərarında da qeyd olunur ki, məsələni İslam dünyasının gündəminə çıxarmağa hazırlaşırlar. Bu, İranın İslam dinini və İslam dünyasını özünün siyasi maraqlarının alətinə çevirmək, İƏT-i öz yalanları ilə aldatmaq cəhdidir. Hərçənd, bu, İranın İƏT-i aldatmaq cəhdi ilk deyil. Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın dövr ərzində İƏT Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı onlarla qətnamə və qərar qəbul edib. Kağız üzərində bu qərarları dəstəkləyən İran reallıqda işğalçı Ermənistana siyasi, iqtisadi və hərbi müstəvidə dəstək verib.

Asif Nərimanlının sözlərinə görə, 1990-cı illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, müsəlman azərbaycanlılara qarşı soyqırımları törədəndə Tehran dövləti bizə saqqız, ermənilərə isə silah göndərirdi. Torpaqlarımız işğal ediləndən sonra İran mövcud status-kvonu qorumaq naminə Ermənistanı dəstəkləyirdi. Hətta Azərbaycanın işğal altındakı torpaqlarında separatçı-terrorçu rejimlə də əməkdaşlıq edir, qondarma rejimi de-fakto tanıyan addımlar atırdı. İran məmurlarının qondarma rejimlə siyasi, iqtisadi, mədəni əlaqələr qurması, işğal altında qalan ərazilərimizdəki sərvətlərin talanmasında iştirakı, separatçıları legitimləşdirmək məqsədilə verdiyi media dəstəyi ilə bağlı faktlar var.

Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan həm də İslam dininin irsini məhv edir, məscidləri təhqir edirdi. İran həqiqətən də İslam təəssübkeşidirsə, niyə işğalçı Ermənistanın İslam irsini yox etməsinə heç bir reaksiya vermirdi? Əksinə, Qarabağı özünün qanunsuz əməlləri üçün “boz zona” kimi istifadə edən İran dolayısı ilə məscidlərin talanmasında da iştirak edir, ermənilərin müqəddəs məkanlar da daxil olmaqla Azərbaycan torpaqlarından əldə etdikləri “qənimət”lər üçün açıq bazar rolunu oynayırdı.

Qırx dörd günlük Vətən müharibəsində də İranın gerçək anti-İslam üzünü göstərdiyini vurğulayan siyasi şərhçi əlavə edib: “Tehran dövləti döyüşlərin getdiyi vaxt işğalçılara hərbi və kəşfiyyat dəstəyi verdi, müharibədən sonra isə bu dəstəyi açıq müstəviyə keçirdi. Müsəlmanları qətlə yetirən Ermənistanın maraqları naminə müsəlman ölkəsi Azərbaycanı açıq şəkildə təhdid edir, ermənilərə silah-sursat və hərbi dəstək göstərir, işğalçı ölkə ilə iqtisadi əməkdaşlığı genişləndirir. Tehranın əsas hədəfi növbəti 3 il ərzində Ermənistanla ticarət dövriyyəsini 3 milyarda, mal mübadiləsini isə 5 milyon tona çatdırmaqdır.

Buna paralel olaraq, Azərbaycana qarşı siyasətini artıq terror müstəvisinə keçirir. Səfirliyimizə qarşı törədilən terror aktı, Milli Məclisin deputatı Fazil Mustafaya hücum və hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində ortaya çıxan detallar Tehran dövlətinin terror siyasətini aktiv mərhələyə keçirdiyini deməyə əsas verir. 1990-cı illərdə torpaqlarımız işğal ediləndə Ermənistana silah, Azərbaycana saqqız, 44 günlük Vətən müharibəsində Ermənistana PUA, Azərbaycana dua göndərən İran hazırda Ermənistana iqtisadi və hərbi dəstək verir, Azərbaycana isə terror ixrac edir. Belə bir ölkənin İslamdan, müsəlman təəssübkeşliyindən bəhs etməsi qəbuledilən deyil. İranın bu siyasətini İslam dünyası da yaxşı bilir, o baxımdan, Tehranın müsəlman ölkələrin birliyini qondarma iddialarla Azərbaycana qarşı səfərbər etmək cəhdi baş tutmayacaq”.

Siyasət