Milli Məclisdə Tahir Əmiraslanovla görüş

post-img

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar mədəniyyət işçisi, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanovla görüşüb.

Milli Məclisdə baş tutan görüşdə Tahir Əmiraslanovun kulinariya sahəsində uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, yubilyara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. O, T.Əmiraslanovun 65 illik yubileyi münasibəti ilə ona xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.

Təbrik Məktubunda deyilir:

“Hörmətli Tahir müəllim,  Sizi 65 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, iş avandlığı və yeni uğurlar diləyirəm!

Siz Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordeni laureatı, Azərbaycanın Milli Kulinariya Mərkəzinə uzun illər (1991–2022) rəhbərlik etmiş təcrübəli ictimai xadim, bacarıqlı təşkilatçı, öz sahəniz üzrə yeniliklərə, beynəlxalq uğurlara imza atmış görkəmli mütəxəssissiniz. Siz elmi, ədəbi yaradıcı fəaliyyətinizlə də seçilirsiniz, tarix üzrə fəlsəfə doktoru, bir sıra yaddaqalan əsərlərin müəllifisiniz.

Siz keçmiş SSRİ-də nüfuzlu təhsil ocaqlarından sayılan Leninqrad Sovet Ticarəti İnstitutunun (indi Sankt-Peterburq Politexnik Universitetinin tərkibindəki Sənaye İdarəetmə, İqtisadiyyat və Ticarət İnstitutunun) Azərbaycandan o dönəmdə yeganə əyani tələbəsi olmusuz. İnstitutu 1984-cü ildə uğurla bitirib, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmisiz. Hələ ali məktəbin I kursunda oxuyarkən sizin “Çay Azərbaycan mətbəxində” adlı tələbə elmi işiniz (keçmiş) SSRİ-nin institutlararası tələbə elmi işlərinin yarışmasında II dərəcəli diploma layiq görülüb. Sizin “Diplom işi”nizsə Sankt-Peterburqdakı Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunub, fabrik “Diplom işi”nizə uyğun rekonstruksiya edilib.

Siz keçmiş SSRİ-də “Usta ixtisas dərəcəsi” almış ən gənc mütəxəssis olmusuz. Siz həm də Dünya Kulinariya Mədəniyyəti Ustasısınız.

Azərbaycan mətbəxinin, mətbəxşünaslığının inkişafında, milli mətbəxin toplanmasında, qorunmasında, qədim xörəklərin bərpasında, beynəlxalq səviyyədə təbliğatında müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəssissiniz.

Siz bir sıra nüfuzlu ictimai və dövlət mükafatlarına layiq görülmüsünüz.

Sizi 65 illik yubileyiniz və bütün uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Görüş və xoş sözlər üçün təşəkkür edən T.Əmiraslanov müəllifi olduğu yeni kitabı Q.Paşayeva üçün imzalayıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Son xəbərlər