Hitomi teleskopunun məlumatları ifratyeni ulduzlar haqqında təsəvvürləri dəyişir

post-img

Persey topası eyniadlı bürc istiqamətində yerləşən nəhəng qalaktika topasıdır. Bu topada mindən çox qalaktika var və onlar çox isti qazla əhatə olunub. Bu qaz qalaktikalararası mühit adlanır və rentgen diapazonunda güclü şüalanma yaradır. Onun kimyəvi tərkibini öyrənməklə milyardlarla ifratyeni ulduz partlayışının qalaktikalararası mühitə hansı elementləri yaydığını müəyyən etmək mümkündür.

İfratyeni ulduz partlayışları zamanı kosmosa böyük sürətlə Al, Mg, Si, S, Ar, Ca və Fe kimi ağır elementlər atılır. Lakin Hitomi rentgen teleskopunun Persey topası üzrə apardığı dəqiq müşahidələr göstərdi ki, mövcud nəzəri modellər bəzi elementlərin miqdarını düzgün proqnozlaşdırmır. Xüsusilə modellər Si və S miqdarını müşahidələrdən daha çox, Ar və  Ca miqdarını isə daha az göstərir.

Tədqiqat 2016-cı ildə Yaponiya tərəfindən kosmosa göndərilmiş Hitomi rentgen teleskopunun müşahidə məlumatlarına əsaslanır. Hitomi cəmi təxminən bir ay fəaliyyət göstərsə də, onun topladığı yüksək dəqiqlikli rentgen spektrləri Persey topasının kimyəvi tərkibini öyrənmək üçün çox qiymətli məlumat verdi. Bu məlumatlar dünyanın müxtəlif elmi mərkəzlərindən olan tədqiqatçılar tərəfindən təhlil olunmuşdur.

Alınan nəticələr göstərir ki, massiv ulduzların və onların ifratyeni ulduz kimi partlayışlarının mövcud modelləri yenidən nəzərdən keçirilməlidir. Çünki Si, S, Ar və Ca kimi elementlər əsasən kütləsi təxminən 10M☉ kütləsindən böyük olan massiv ulduzlarda və onların nüvə kollapsı nəticəsində baş verən partlayışlarda yaranır. Əgər modellər bu elementlərin nisbətini düzgün vermirsə, deməli massiv ulduzların daxili quruluşu, konveksiyası və partlayış mexanizmləri haqqında təsəvvürlər dəqiqləşdirilməlidir.

Tədqiqatçılar bu uyğunsuzluğu aradan qaldırmaq üçün massiv ulduzların təkamülü və partlayışı üzrə yeni modellər hazırlayıblar. Bu modellər müxtəlif metallığa malik, yəni ağır elementlərlə zənginliyi fərqli olan 15–60 M☉ kütləli ulduzlara tətbiq edilmişdir. Metallıq ulduzun formalaşdığı mühitin əvvəlki nəsil ulduzlar tərəfindən nə dərəcədə zənginləşdirildiyini göstərən mühüm göstəricidir. Buna görə də belə modellər təkcə Persey topasının deyil, həm də Süd Yolunun, metallığı az olan ulduzların və uzaq qalaktikaların kimyəvi təkamülünü anlamaq üçün vacibdir.

Bu nəticələr qalaktikaların kimyəvi təkamülünü hesablayan modellərə daxil edilir. Məqsəd ifratyeni ulduzların nəsildən-nəslə ağır elementləri necə yaratdığını, onları kosmosa necə yaydığını və yeni ulduzların yaranmasına necə təsir etdiyini izləməkdir. Hal-hazırda isə 2023-cü ildə kosmosa buraxılmış yeni nəsil XRISM rentgen teleskopu Hitominin başladığı işi davam etdirir və ifratyeni ulduz qalıqları, qalaktika topaları və digər yüksək enerjili obyektlər üzrə daha dəqiq ölçmələr aparır.

Qeyd edək ki, tədqiqatın nəticələri “The Astrophysical Journal”da dərc olunmuşdur.

Maraqlı