Şəmkirdə akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anıldı

post-img

Şəmkir rayonunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   

Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva yalnız oftalmologiya sahəsində böyük elmi nailiyyətlərə imza atmış alim deyil, həm də yüksək mənəvi keyfiyyətləri, ailə dəyərlərinə sədaqəti və insanlara qayğısı ilə yaddaşlarda dərin iz qoymuş nümunəvi Azərbaycan qadınıdır.

Bildirilib ki, Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, həkimlik peşəsinə bağlılığı və pedaqoji xidmətləri bu gün də böyük ehtiramla xatırlanır. Onun rəhbərliyi və qayğısı ilə yetişən gənc oftalmoloqlar nəsli Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verib. Akademikin elmi irsi bu gün də araşdırılır, öyrənilir və yeni tədqiqatların mövzusuna çevrilir.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər çıxış edənlər də Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə, tibb elminə və cəmiyyətə verdiyi dəyərli töhfələrdən söz açıblar. Onlar bildiriblər ki, görkəmli alimin zəngin irsi gələcək nəsillər üçün də örnək olaraq qalacaq.

Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Əhməd Cavad adına Şəmkir rayon Mədəniyyət Mərkəzinin bədii kollektivi tərəfindən ədəbi-bədii kompozisiya və milli musiqilər təqdim edilib.

Sonda tibb işçilərinə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəxri fərmanları təqdim olunub. İştirakçılar Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın zəngin irsini əks etdirən sərgi ilə tanış olublar.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri



















Sosial həyat