Altıağac Milli Parkı Xızı və qonşu Siyəzən rayonları ərazisində yerləşir. Altıağac toponimi bu məkanın Şamaxıdan “altı ağac” məsafəsində olduğu anlamını verir. Qeyd edək ki, “ağac” ifadəsi orta əsrlərdə ölkəmizdə uzunluq ölçü vahidi olub. Bir “ağac” təxminən 5-6 kilometrə bərabər götürülüb. Bəziləri hətta 7 kilometr hesab edirlər
Qeyd edək ki, Alaçayın sahilində yerləşən Altıağac Xızı rayonunun ikinci böyük yaşayış məntəqəsidir. Dünyanın bir çox ölkələrini gəzmiş, o cümlədən Qafqazda olmuş məşhur türk səyyahı Övliya Çələbi (1611–1685) on cildlik “Səyahətnamə” əsərində bu yerlər haqda belə yazır: “Şimal səmtə doğru altı ağac yol gedərək Altıağac mənzilinə gəldik.Səfalı bir çəmənlikdə böyük bir karvansara vardır. Kənd viranədir. Bu yer Dəmirqapı sərhədində miskər nahiyəsinə tabedir".
Yeri gəlmişkən, Xızıdan 2 kilometr cənubda Kerban çayı sahilində qədim qala divarlarının qalıqları mövcuddur. Qalanın monqol işğalı zamanı dağıldığı ehtımal olunur. Görünür, monqol işğalından sarsılan ərazi uzun müddət özünə gələ bilməmişdir.
2004-cü ildə Altıağac Dövlət Təbiət Qoruğunun (4438 hektar) və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılan Altıağac Milli Parkı 11 035 hektar sahəni əhatə edir. Milli Parkın ərazisinin 8627 hektarı Xızı, 2408 hektarı isə Siyəzən rayonunun ərazisinə düşür.
Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərq yamaclarının təbii land-
şaftlarının qorunub saxlanması, flora və faunanın bərpasıdır. Burada vaxtaşırı ekoloji monitorinqlər təşkil olunur, eləcə də əhalinin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində işlər görülür.
Ərazidə qışı və yayı quraq keçən mülayim-isti və iqlim tipləri hakimdir. Buradan Ataçay çayı və onun bir sıra kiçik qolları keçir. Ataçay çayı öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən götürərək Xəzər dənizinə tökülür. Suyundan suvarma məqsədilə istifadə olunur.
Milli Parkın ərazisinin əsas hissəsi – 3585 hektarı meşəlikdir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, itiyarpaqlı ağcaqayın ağaclarıdır. Parkda yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir.
Hazırda Altıağac Milli Parkının ərazisində 500-ə
yaxın heyvan növü qorunur. Burada məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri də var.
Yerli və əcnəbi turistlər gözəl, zəngin təbiəti, təmiz havası və gözoxşayan mənzərələri olan Altıağac Milli Parkına səyahət etməyi sevirlər. Parka gedən yolda turistləri yay-qış özünün misə çalan rəngi ilə diqqəti cəlb edən Xızı dağları müşayiət edir.
Bu gözəlliklərə baxanda istedadlı şair rəhmətlik Hafiz Baxışın dillər əzbəri olan “Xızı dağları” şeiri yada düşür. Bəstəkar Ələkbər Tağıyevin bu gözəl şeirinə bəstələdiyi eyni adlı mahnı da şirin və unudulmaz melodiyası ilə möhtəşəmdir:
Ana təbiətin seyrinə dalıb
Min dəfə gəzmişəm azı dağları.
Ömrümdə əbədi bir məskən salıb,
Məni heyran etdi Xızı dağları.
M.HACIXANLI
XQ