Gənc mütəxəssis mineroloq-gemmoloq Nazir Nağıyev 12 ildir qiymətli daş-qaş və zərgərlik əşyalarının ekspertizası ilə məşğul olur. O, bu sahə üzrə ölkədə ən yaxşı mütəxəssislərdən biridir. Onunla söhbətimiz qiymətli daşların sirləri və insan sağlamlığına əhəmiyyəti barədədir.
- Nazir bəy, qiymətli daşlar deyəndə nə nəzərdə tutulur?
- Qiymətli daşlar bir növ yaradılışa bənzəyir. Tanrının yaratdığı ən qeyri-adi canlılardır sanki. Onlar keçmişi gələcəklə bağlayan bir körpü rolunu oynayır. Təbii daşlar insanlar üçün də faydalıdır. Qiymətli daşlar haqqında düzgün məlumatı olan insanlar bu daşlardan təkcə zinyət əşyaları kimi istifadə etmir. Eyni zamanda, çətin sağala bilən xəstəliklərin müalicəsi üçün də təbii daşları seçənlərin sayı kifayət qədərdir.
- Onları necə və hardan əldə edirsiniz?
- Qiymətli daşları xarici ölkələrdən, və yaxud ölkəmizə gələn əcnəbi qonaqlardan sifarişlə alıram. Müştəri daha çox aldığı daşın təmiz olub-olmadığını yoxlatdırmaq üçün müraciət edir. Ekspert kimi həmin daşa baxıram, sonra xüsusiyyətləri haqqında məlumat verirəm. Elə qiymətli daş satılan yerlər var ki, onlarla birgə əməkdaşlıq edirəm. Hansı daşı gətirmək, satmaq və s. lazım olduğu barədə məsləhətlər verirəm.
- Təbii qiymətli daşları saxta “qiymətli” daşdan necə ayırmaq olar?
- İlk növbədə, daşın kimyəvi xüsusiyyətlərini, tərkibinin nədən ibarət olduğunu, yerin altında nə cür və hansı şəraitdə yaranmasını bilmək vacibdir. Onu da xüsusi qeyd edim ki, saxta daş təbii daşla eyni tərkibdə olur. İndi mineroloqların özləri də saxta daş icad edirlər.
Məsələn, yaqutun tərkibi aliminium 2- oksiddən ibarətdir. Mütəxəssis icad etdiyi daşın tərkibinə aliminium əlavə edərək, termil işləmələr aparır. Artıq heç bir qazıntı işi aparmadan yaqutu hidrotermal formada hazırlaya və satışa çıxara bilir. Hətta bəzi işbazlar var ki, saxta yaquta rəsmi sənəd də verirlər.
Başqa bir misal çəkim. Məlumatı olanlar yaxşı bilirlər ki, kəhrəba şam ağacının şirəsindən hazırlanır. Ağac şirəsini torpağa tökür və nəticədə daş əmələ gəlir. Hazırda bəzi “mütəxəssislər” kəhrəbanı plastmasla qarışdırırlar. Ondan saxta bəzək əşyaları düzəldirlər. Onu əsl kəhraba qiymətinə - 1000 manata müştərilərə satırlar. Halbuki, əsl dəyəri 5-50 manat arasında dəyişir.
Əslində, qiymətləndirmə daşın tərkibinə görə aparılmalıdır. Yalnız, biz mütəxəssislər həmin daşa baxanda deyə bilirik ki, bu təbiidir, yoxsa yox. Saxta daşı təbii daşdan ayıran xüsusiyyətlərdən biri də daşın hansı enerjiyə sahib olmasını və ya kristal quruluşunu bilməkdir. Artıq, mütəxəssis onu yerdən qazıb çıxardıqda sinqoniyadan (daşın hansı simmetrik xüsusiyyətə malik olması) müəyyən edir ki, bu daş mineraldır, ya yox. Çünki, hər bir mineralın da öz sinqoniyası var. Məsələn, Yaqut, Turmalin daşları triqonal (üçkünc) sinqoniyadır. Ümumiyyətlə, daşların bu və ya digər xüsusiyyətlərini daha yaxından bələd olmaq üçün fizika, həndəsə, kimya, torpaqşünaslıq və geologiya elmlərini daha dərindən bilmək lazımdır.
- Ümumiyyətlə daş alarkən nələrə diqqət etməliyik?
- Təbii daş alarkən, onun üzərində olan vulkan yanmalarına xüsusi fikir vermək lazımdır. Bu, daşın üzərinə izlər, yəni kiçik çökəkliklər salır. Sonra daşın soyuqluq dərəcəsinə fikir verməliyik. Elə daş var ki, onun çəkisinə və kütləsinə diqqət yetirməliyik. Daşın çəkisinin yüngül və ya ağır olması yerin altında gedən turşuların reaksiyasından, onların kristollaqrafik quruluşundan asılıdır. Bəs təbii daşlar necə yaranır? Bütün daşların üzərində göy qurşağının rənglərini görə bilərik. Çünki, bu təbiət hadisəsinin daşlarla əlaqəsi çoxdur.
Göy qurşağından yarpaqlara düşən şeh damcıları torpağa qarışır və şüalanma nəticəsində torpağın alt qatında nəmlənmə yaranır. Nəticədə, yerin altında kimyəvi maddələr reaksiyaya girir. Təbii reaksiyadan yaranan daş dah enerjili və canlı daşdır. Bu daşlar istifadə zamanı rəngini dəyişir. Rəng dəyişimi daşın tərkibində olan metalların zəngin olmasından asılıdır. Məsələn, tərkibində titan qarışığı olan Yaqut sapfirə çevrilir və müxtəlif rəng çalarları əmələ gətirir. Daşın yaddaşı var. İnsanın yaxşı və ya pis vəziyyətdə olduğunu hiss edir. Ona görə də rəngini dəyişə bilir. Onu da bildirim ki, daşlar insan həyatında müəyyən dəyişikliklərə, pul, bolluq-bərəkətin çoxalmasına, enerji yüksəlməsinə və s. səbəb ola bilir. Hətta onların gücü sayəsində başqa insanları da idarə etmək mümkündür. Daşlara dini baxımdan yanaşsaq görərik ki, Həzrət Mühəmməd Peyğəmbər (s.ə.s) əqiq qaşlı üzük taxar (peyğəmbərlik üzüyündən başqa) və müsəlmanlara da bunu tövsiyə edərdi. O buyururdu ki, əqiq qaşlı üzük taxmağı ona Cəbrail məsləhət görüb. Peyğəmbər deyirdi: “Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən, bəd nəzərdən, pisliklərdən uzaq olarsınız”. Çox ağır enerjiyə malik daşlar da var. Məsələn, Aleksandrit daşını hər adama hədiyyə etmək düzgün deyil. Həmin insanın ailəsində bədbəxt hadisə baş verə bilər. Hətta o şəxsin ailəsindən bir neçə nəfərin dünyasını dəyişməsi ilə nəticələnə bilər.
- Təbii daşların insan sağlamlığına faydası nədir?
- Hələ daşlar elmə məlum olmamışdan əvvəl insanlar onlardan bir çox faydalı işlər üçün yararlanırdılar. Məsələn, qədimdə almazdan bədənin hərarətini ölçmək üçün istifadə olunurdu. Bir müddətdən sonra almaz texnologiyası inkişaf etdi, artıq ondan ziynət əşyaları düzəltməyə başladılar. Sonra, qədim dövrlərdə İbn Sina insanlar arasında ölümə səbəb olan Vəbanın müalicəsini daşlarda tapmışdı. Hətta onu da qeyd edim ki, dövrümüzdə müalicəsi heç kimə məlum olmayan xərçəng xəstəliyini belə daşlar vasitəsilə sağaltmaq olur. Bu, xüsusən də Opal daşıdır. Bu daş bir çox xəstəlikləri sağaltmaq üçün bioenergetik xüsusiyyətlərə malikdir.
Ümumiyyətlə, insan bədəninində məsamələr var. Üstümüzdə gəzdirdiyimiz daşın enerjisi həmin dəliklər vasitəsilə bədənimizə daxil olur. Enerji bədənimizə yayılaraq öz təsirini göstərir. Məsələn, kəhrəba istifadə edən insanın ürəyi həmişə sağlam olur. Tərkibində yod və şam ağacının şirəsi çox olan kəhrəbalar var ki, ürək və zob xəstəliklərinin müalicəsində əhəmiyyətli təsirə malikdir.
Onu müalicəvi edən xüsusiyyət tərkibində yodun daha çox olmasıdır. Kəhrəbanın ən bahalı forması “Yağbal” adlanır. Qədimdə Bakı kəndlərində - Maştağa, Şüvəlan, Nardaranda kəhrəbaları müxtəlif cür - daş yağbal, mərcanı, şirə daş yağbal adlandırırdılar. Nəsirəddin Tusi kəhrəbanın tozunu çaya və ya suya qataraq içməyi məsləhət görürdü.
İndiki dövrdə çinlilər alimin bu fikrindən bəhrələnərək, məişətdə bu üsuldan istifadə edirlər. Kəhrəba tozunu başqa ölkələrdən daha baha qiymətə alıb konfet, şirniyyat, çay və digər məhsulların tərkibinə qataraq istifadə edirlər. Ona görə də başqa ölkələrə nisbətən orada xəstəliklərin sayı daha azdır. Yaşlanmanın faizi isə olduqca aşağı səviyyədədir.
- Ölkəmizdə ən geniş yayılan daşlar hansılardır və harda tapılır?
- Ölkəmizdə tapılan qiymətli daşlar ən çox Ametist, Granad (nar daşı), Kəhrəba, Əqiq və s. daşlardır. Bunlara ən çox Ağcabədi, Daşkəsən, Gədəbəy rayonlarında rast gəlinir. Əsasən, silisium-oksid, yəni kvars və kalsedon qruplarına aid olan daşlar Azərbaycanda yeraltı qazıntılar zamanı aşkar edilir.
- Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik, Nazir bəy.
Fidan SALMANOVA
Elşən AĞALAROV
XQ