III yazı
İnsan zamanı ölçər, zaman da insanı.
İtalyan atalar sözü
Zaman haqqında nə bilirik? “Bizdən əvvəl olan, bizdən sonra da olacaq” deyəcəksiniz. Doğrudur, amma bununla belə, zamanın da öz dilinin olduğunu bilirikmi? Zamanın bizə necə nəzarət etməsindən xəbərimiz varmı? Bəs zamanın idarə edilməsinin iqtisadi inkişafla birbaşa əlaqəsinin olması barədə düşünmüsükmü?Bu və ya digər maraqlı suallara cavab tapmaq üçün sizi zamanın coğrafiyasını qələmə almış amerikalı Robin Levinin kitabı ilə tanış etmək istəyirik.
Əvvəli https://shorturl.at/jekAi
R.Levin yazır ki, nizam, dəqiqlik və sistemli olmaq-gənclərin zehnində həkk olunmaması vacib təməl prinsiplərdir. Bu prinsiplərin orta məktəbdə örnək olması üçün saat qədər təsirli olan vasitə yoxdur. Doğru təsbitdir, zamana dəyər verməyi uşaq yaşlarından öyrətmək lazımdır. Nə qədər çətin olsa da, uşaqlara, yeniyetmələrə və gənclərə öyrətmək lazımdır ki, dəqiqlik və zamanı planlaşdlrma qabiliyyəti gələcək uğurların ilkin pillələridir. Qərb dünyası məhz bu özəllyi sayəsində həyatın bütün sahələrində tərəqqiyə doğru sıçrayış etməyi bacarmışdı.
Biz həyatda eyni mənzərəni görməkdən, eyni sözləri eşitməkdən, hətta eyni qidaları qəbul etməkdən bezirik. Ona görə də yeknəsək olmayan, müxtəlifliyi təmin edən işləri, prosesləri dəstəkləyirik. R.Levin bu məqamla bağlı yazır ki, çeşitlik nə qədər çoxdursa, zaman da o qədər sürətli axırmış kimi görünür. Çeşitlik çatışmazlığı, tam mənası ilə saatın psixoloji yavaşlaması anlamına gələn can sıxıntısının ana ünsürüdür.
Ancaq Anglo-Amerika mədəniyyətinin müxtəlifliyə dair standartları, fəaliyyətlərdə olduğu kimi, hər yerdə yayılmaqdan uzaqdır. İngilis-Amerika mədəniyyəti modadan əyləncəyə, insanların yaşamağı seçdiyi evlərdən şəhərlərə qədər hər şeydə sürətli və davamlı dəyişikliklərdən asılıdır. Bununla birlikdə, dünyadakı insanların çoxu, fürsətlər imkan verərsə, harada yaşayacağını, nə edəcəyini və ömrünün sonuna qədər nə yeyəcəyini dəqiq bilir.
Zaman həm də böyük diktatordur. Sənayeləşmiş cəmiyyətlərdə saatla yaşamaq mütləqdir. R.Levin yazır ki, müasir cəmiyyətdə saatın neçə olduğunu bilməmək sosial bacarıqsızlıq kimi qiymətləndirilə bilər. Buna görə də, insanlar zamanın hökmündən qaçmağa, heç olmasa, ondan qaçmağa çalışırlar. Ancaq sonda tıktıkadam istehsal və inkişafı nəzarət altına alaraq, qarşımıza yenilməz fakt kimi çıxır. İlk baxışda qaçmaq mümkün olmayan bu qədəri fizik Alan Laytman İtaliyadakı xəyali qəsəbəni təsvir edərkən yaxşı izah etmişdi: İtaliyanın kiçik bir qəsəbəsində ilk mexaniki saat inşa edilmişdi. İnsanlar bundan ovsunlanmışdılar. Amma sonra dəhşətə gəlmişdilər. Çünki qəsəbədə qarşılarında zamanın keçişini miqdar olaraq müəyyənləşdirən, arzunun müddətini cədvələ və pərgara dayayan, həyatın bütün anlarını ölçən insan icadı vardı. Sehrliydi, dayanılmazdı, təbii ki, yaşamın xaricindəydi. Yenə də saatı gözardına almaq mümkün olmurdu. Ona boyun əymək lazım gəlirdi.
Müəllif sonra yazır:"Tarixə nəzər yetirdikdə görmək olar ki, saat-zamanı norması yaxın dövrlərdə meydana çıxmışdı. İnsan sivilizasiyasının əksəriyyətində insan dəqiq olmaq istəsə belə, bunu bacarmaq üçün hər hansı bir üsul yox idi və hətta insan bir yerə zamanında getsə belə, bunu təsdiqləmək mümkün deyildi. Çeviklik və saatın təzyiqi altında olduğu bir həyat haqqındakı müasir fikirlər, bizdən öncəkilərin əksəriyyəti üçün anlaşılmaz olurdu. Saatların və saat zamanının bizə indi tanış gələn ilahi-bənzəri vəziyyətini doğuran hadisələrin tarixi təbiətin zamanından saat zamanına doğru təkamül haqqında bir hadisə çalışmasıdır". Düşündürücü nəticədir, təbiət zamanı və saat zamanı...Hər birimizin hiss etmədən yaşadığımız zamanlardı. Fərqli, amma eyni nəticəyə işləyən zamanlardı. Bizi idarə edən, hər yerdə olan, amma görünməyən zamanlardı.
Sənaye inqilabı bəşəriyyətin təkcə siyasi və iqtisadi mənzərəsini dəyişdirmədi. O həm də insanı zamana münasibətini dəyişdirməyə məcbur etdi. XİX əsrdə bütün dünyada fərqli təqvim və zaman bölümləri vardı. R.Levin kitabında təkcə ABŞ-da təqribən yetmiş fərqli zaman bölümünün olduğunu yazır. Bu fərqliliyi və qarışıqlığı sənaye inqilabı dəyişdirdi. Yeni texnologiyalar indiyədək xəyal olunmayan tənzimləmə və ardıcıllığı tələb edirdi. Saat ana səhnəyə çıxdı. 1880-ci ildə zaman bölümlərinin sayı təqribən 50-ə düşdü və elm adamları zaman standartlarıın tamamilə koordinasiya oluna bilməsi üçün həyata keçiriləcək tətbiqlər barədə mübahisə etməyə başladılar.
Təbiət zamanına hücumlar ədəbiyyat sahəsindən də gəlirdi. R.Levin yazır ki, ən anlamlı hücumları da qələm ustadları edirdilər.Məsələn, Kurt Vonnequt "Sallaqxana N5" kitabında belə yazır: "Zaman keçmək bilmirdi. Biri saarlarla oynayırdı, üstəlik elektrikli saatla deyil, mexaniki olanlar da. Saatımın ikinci əqrəbi bir dəfə tərpənəndə bir il keçəcəkdi və sonra yenə tərpənəcəkdi. Mən bu məsələdə edəcəyim heç nə yoxdu. Bu dünyanın sakini olaraq saatların və təqvimlərin nə dediyinə inanmaq zorundaydım.
Hirsin digər hədəfi isə təbiət zamanın itirilməsi idi. Müəllif yazır ki, standart zamanın icadından həmən sonra, 1884-cü ildə amerikalı yazıçı, Mark Tvenin dostu Çarlz Dadli Uorner saatla yaşanan zamanın qatılığına və dəyişməzliyinə belə etiraz edirdi:"Zamanın sabit periodlara bölünməsi fərdi azadlığın istilasıdır, temperament və duyğularda fərqliliklərin formalaşmasına izn verməz".
Amerikalı sosial filosof, iqtisadçı, ictimai xadim və yazıçı Ceremi Rifkin kimi tənqidçilər də kömpüter çağının təbiət zamanının tabutuna son mismarları da vurduğuna inanırlar: "Kompüter dünyasındakı hadisələr əsla qəbul edə bilməyəcəyimiz zaman sahəsindədir. Yeni "məlumat zamanı" zamanın son mücərrədliyini, insanın varlığını və təbiətin ritmlərindən bütünü ilə qopmasını təmsil edir".Cənab Rifkin "Homo sapiens növünü "zamandan asılı" yeganə varlıq kimi xarakterizə edir.
Ardı var
Səbuhi MƏMMƏDOV
XQ