Zamanın coğrafiyası...II yazı

post-img

II yazı

İnsan zamanı ölçər, zaman da insanı.
İtalyan atalar sözü

Zaman haqqında nə bilirik? “Bizdən əvvəl olan, bizdən sonra da olacaq” deyəcəksiniz. Doğrudur, amma bununla belə, zamanın da öz dilinin olduğunu bilirikmi? Zamanın bizə necə nəzarət etməsindən xəbərimiz varmı? Bəs zamanın idarə edilməsinin iqtisadi inkişafla birbaşa əlaqəsinin olması barədə düşünmüsükmü?Bu və ya digər maraqlı suallara cavab tapmaq üçün sizi zamanın coğrafiyasını qələmə almış amerikalı Robin Levinin kitabı ilə tanış etmək istəyirik.

Əvvəli https://shorturl.at/C70kw

Hərəkətlərdə sürətliliyin fərqi fərdiyyətçi və kollektivçi mədəniyyətlərdə də özünü göstərir. R.Levin yazır ki, fərdiyyətçi mədəniyyətlərdə insanlar daha sürətli hərəkət edirlər. Bu məsələnin mütəxəssisi hesab edilən İllinoys Universitetinin sosial psixoloqu Harri Triandis hesab edir ki, fərdiyyətçi mədəniyyətlər kollektivçi mədəniyyətlərlə müqayisədə münasibətlərdən daha çox uğura üstünlük verirlər. Uğura belə köklənmə ümumilikdə “Vaxt nağddır” düsturunu mənimsəyən, hər saniyəni dəyərləndirmə təlaşında olan bir zehniyyətə yol açır. Sosial əlaqələrə üstünlük verən mədəniyyətlərdə isə zamana istiqamətlənmiş daha rahat bir yanaşma müşahidə olunur. O halda kollektivçi mədəniyyət daha yavaş templərlə təsvir edilməlidir.

R.Levin qeyd edir ki, bu ehtimalı otuz bir ölkədə apardıqları araşdırmalar da təsdiqlədi. Yəni daha çox fərdiyyətçilik daha sürətli templə əlaqəli idi. Məsələn, antropoloq Pyer Bordo Əlcəzairdəki kollektivçi Kabil xalqını incələmiş, bu xalqın sürətlə maraqlanmaq istəmədiyini müşahidə etmişdi. Bu xalq sosial məsələlərdəki hər hansı bir təlaş əlamətini “şeytani hirslə birləşmiş mədəniyyətsizlik” kimi qəbul edərək, ona xor baxırlar. Saatı isə “şeytanın dəyirmanı” adlandırırlar!

Həyatın ən qəribə istehzası bundan ibarətdir ki, zaman ən qiymətli və az-çox yeri doldurula bilən resursdur, ancaq heç də hər zaman arzulanan hədiyyə deyil. Yəni avtomobil, ev alırıq, bu hədiyyələrin bizə verdiyi sevinci yaşamaqdan həzz duyuruq. Bahalı, faydalı hədiyyələri yüksək qiymətləndiririk. Amma bizə verilən havayı zamanla davranışımızda fərqli mənzərə ortaya çıxır. Zamanı “pulsuz” hədiyyə olaraq qəbul edir və vaxtımızı “öldürməyə” çalışırıq. Ancaq “öldürməyə” çalışdığımız zamanın bizi öldürdüyünün fərqinə varmırıq. Herbert Spenserin dediyi kimi, “Zaman insanın həmişə öldürməyə çalışdığı, ancaq sonda insanı öldürən anlayışdır”.

Heç birimiz gözləməyi sevmirik. Çünki gözləmə müddətində sanki bekar qalırıq, vaxtın boşa getdiyini düşünürük. Buna görə də, gözləməyi çox yerdə xoşlamırlar. Əbəs yerə yazıçı Aleksandr Rouz demir ki, “Yaşam əzabının yarısı gözləməkdir”. Buna görə də, bir çox xalqlar vaxtı planlamağı xoşlayırlar. Məsələn, hərəkətsizliyi ölü zaman kimi qiymətləndirən amerikalılar üçün boş vaxtlar belə önəmlidir və onu planlaşdırırlar. Amma heç də hər yerdə boş vaxtı ciddiyə almır, onu planlaşdırmırlar. Belə mədəniyyətlərdə bekar dayanmaqla fəal olmaq arasında fərq böyük deyil. 

R.Levin yazır ki, məsələn, Bruneydə insanlar “Görək, bu gün nə olmayacaq?” deyərək yuxudan oyanırlar.Bir çox mədəniyyətdə fəal olmaq və heç bir iş görməmək arasında daha az fərq var. Buna nümunə kimi müəllif Nepalda və Hindistanda qarşılaşdığı mənzərəni təsvir edir: "Nepalda və Hindistanda,sadəcə, oturmaq və səssiz durmaq üçün biri-birinə baş çəkən dostlarım vardı. Bu ziyarətlərdə hər kəs (məndən başqa) son dərəcə rahatdı. Bəzən səssizlik saatlarla, daha çox qəhqəhədolu söhbət sanki bir anda alovlanmış kimi başlayana qədər sürərdi. Sonra təkrar, ayrılma zamanına qədər davam edən səssizlik olurdu. Bu insanlar bir araya gəlib heç bir şey etmədiklərində qəribəlik hiss edib-etmədiklərini soruşduğumda təəccüblənmişdilər. “Sadəcə oturmaq” deyə açıqlamışdılar. Onlara görə oturmaq da elə bir iş görməkdir”.

R.Levinin toxunduğu daha bir maraqlı məqam mədəniyyətlərdə heç nə etməməyə, səssizliyə verilən dəyərlə bağlıdır. Müəllif yazır ki, bəzi mədəniyyətlərdə heç nə etməmək çox qiymətli hesab olunur. Belə mədəniyyətlərdə tətilə təkcə fasilə kimi yox, ona həm də məhsuldar və yaradıcı güc kimi yanaşılır. Məsələn, yaponlar "obyekt və tətil arasındakı boşluq və ya aralıq" mənasını  verən “ma” anlayışına çox yüksək sayğı göstərirlər. Qərblilər masa ilə stol arasındakı məsafəni "boşluq" adlandırırlar, yaponlar isə bu aralığa, məsafəyə “heçliklə dolu”  deyirlər. Yaponlar üçün nəyin olmasından çox, nəyin olmadığı önəmlidir. 

Məsələn, Yaponiyada sözlü  əlaqə üçün daha çox nəyin söylənmədiyinə diqqət etməyin zəruri olduğu önəmlidir. Buna görə də, "bəli" və "xeyr"  arasındakı fərqi anlamaq belə əcnəbinin çaş-baş qalmasına səbəb olur. Belə ki, yaponcada "xeyr" (iie) üçün dəqiq bir kəlmə olmasına baxmayaraq, bu sözdən nadir hallarda istifadə edilir. Çox hallarda sual, ya "bəli"(hai) ilə cavablanır, ya da heç cavablanmır. Cavab verən şəxsin "bəli", ya da "xeyr" nəzərdə tutması burada önəmli deyil. 

Keiko Uedanın "Yaponiyada "Xeyr" deməkdən qaçmağın on altı yolu" adlı araşdırmasında da  vurğuladığı kimi, yaponlara sual verənlərə birbaşa rədd cavabı verməyin ayıb olduğu öyrədilir. Bunun yerinə ümid edilir ki, sual verən şəxs söylənməyəni duyacaq. R.Levin yazır ki, “xeyr” kəlməsi, ümumilikdə, iki yolla ifadə edilir. Bunların ən geniş yayılanı "bəli" demədən öncə duruxmadır (tərəddütetmə). Cavab verənin "hai"(bəli) demədən öncəki duruxma müddəti nə qədər uzundursa, bu cavabın "iie"(yox) anlamına gəlmə ehtimalı da bir qədər artıqdır. Daha şəffaf olan ikinci yanaşma nə olursa-olsun, birbaşa cavab vernəməkdir. Hər iki vəziyyətdə də əsas mənanı daşıyan səssizlikdir, söylənən kəlmələr isə heç bir şey ifadə etmir. Ah, yaponlar, sizin qəribəlikləriniz tükənmir.

Zaman qızıldır, buna görə də, heç kim gözləməyi sevmir. Hətta çox gec gəlməyi tərbiyəsizlik kimi qiymətləndirən mədəniyyətlər var.Bəs gözləmə sürəsi nə qədər olmaldır? Burada R.Levin Meher Baba adlı müdrikin bu kəlamına yer ayırır: Sürətli zehin xəstədir.Yavaş zehin sağlamdır. Hərəkətsiz zehn ilahidir. Bir az qəribə tezisdir, elə deyilmi? Müasir həyatda sürət və çeviklik inkişafın, həyatda qalmağın təməl amili kimi önə çəkirlər. Amma bu müdrik məsləhət görür ki, zehnimizi az hərəkət etdirək. Bununla belə, hamı eyni düşünmür. Məsələn, çinlilər uyğun anı gözləməkdə ustadırlar. Gözləməyin o anı yaratdığına inanırlar.

Bəs gözləmə müddəti nə qədər olmalıdır? R.Levin yazır ki, çinlilər bunun lazım olduğu qədər sürməsini düşünürlər. Bu, kürt mərhələsini süni olaraq qısa tutmaq, bir binanın təməlini qoyarkən xəsislik etmək kimi mənasız olacaq. Bununla bağlı Helmut Kollisin dedikləri çox maraqlıdır: “Yarım əsr gözləmək çinlilərin zaman anlayışına görə çox da uzun bir müddət deyildir”. Necə deyərlər, Çin əjdəhası anı gözləməkdə çox səbrlidir. Amma asiyalı elm adamları bu düşüncəni çox mühafizəkar hesab edirlər. Bu məsələ açıq qalır ki, davranışdakı ətalət mədəniyyətlərdə eyni mənanı vermədiyi kimi, zamanın məcburi olaraq yavaş axmasına da səbəb olmaz. 

Ardı var

Səbuhi MƏMMƏDOV

XQ

 

Maraqlı