Kosmosun sirri: Ölən ulduzdan rekord ölçüdə qaz və toz püskürməsi

post-img

Astronomiyada inqilabi kəşf – İsveçin Çalmers Texnologiya Universitetindən Mark Zibertin rəhbərliyi ilə çalışan beynəlxalq alimlər qrupu kosmosda qeyri-adi ölçülərə malik qaz və toz "qabarcığı"nı aşkarlayıb. ALMA teleskop kompleksi (Çili) vasitəsilə aparılan müşahidələr nəticəsində məlum olub ki, DFK 52 adlı qırmızı nəhəng ulduz ətrafında yaranmış bu qabarcıq təqribən Günəş sistemimizin yarısı qədər — 50 min astronomik vahidə bərabərdir. Bu, təxminən bir işıq ili qədər məsafəyə yayılmış strukturdur.

Qırmızı nəhənglər və onların sonu

Qırmızı nəhənglər kainatın ən iri ulduzlarıdır və ömrünün sonunda partlayaraq supernova halına gəlirlər. Bu mərhələdə ulduz radiusu Günəşin radiusunu 200-1500 dəfə üstələyə bilər. Bu dövrdə ulduz öz maddəsini kosmosa saçır, ətrafında isə qaz və tozdan ibarət "qabarcıq" əmələ gəlir. Bu qabarcıqların forması və miqyası adətən ulduzun kütləsi və parlaqlığı ilə izah olunur. Lakin DFK 52 bu baxımdan elmi nəzəriyyələrə sığmayan istisnadır.

Elm dünyasını çaşdıran ölçü və forma

DFK 52 ulduzunun yerləşdiyi Stefanon 2 ulduz qrupundan 20 min işıq ili uzaqda yerləşən bu cisim qeyri-adi xüsusiyyətlərə malikdir. Ulduzun parlaqlığı nisbətən zəifdir, lakin ətrafında yaranmış struktura – rekord ölçülü qabarcığa – nəzər saldıqda, suallar doğurur: belə nəhəng miqdarda maddə bu qədər zəif ulduzdan necə ayrılıb?

Əldə edilən məlumatlar göstərir ki, qabarcığın tərkibində çoxlu sayda kiçik struktur və sürətlə (saniyədə 30 km) genişlənən halqa formalı quruluşlar var. Alimlər hesab edir ki, bu hadisə təxminən 4000 il əvvəl baş verən kosmik fəlakətlə əlaqəlidir. Lakin bu partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib.

Hipotezlər və müəmmalar

Alimlər arasında əsas ehtimallar bunlardır: ya DFK 52 keçmişdə daha parlaq olub və zamanla sönüb, ya da ulduzun yaxınlığında gizli ulduz yoldaşı var, onun cazibə qüvvəsi maddənin bu qədər uzağa yayılmasına səbəb olub. Lakin müşahidə edilən asimmetrik struktura baxıldıqda bu izahlar da qaneedici görünmür.

Mark Zibert qeyd edir ki, ulduzun bu qədər toz və qazı təkbaşına “atması” qeyri-mümkündür – bunun üçün əlavə enerji mənbəyi tələb olunur. Bu mənbənin nə olduğu isə hələ də müəmmalıdır. Ulduz sanki hansısa görünməyən qüvvə tərəfindən "itələnib".

Gələcək supernovaya təsir

Böyük Britaniyanın Liverpul Con Murs Universitetindən astronom Emma Bízor qeyd edir ki, 4000 il əvvəl baş vermiş hadisə DFK 52-nin aqibətini dəyişməyəcək, ulduz istənilən halda supernova olacaq. Lakin partlayış anı və sonrakı görüntülər bu nəhəng və mürəkkəb strukturla qarşılıqlı təsir nəticəsində alışılmışdan tam fərqli ola bilər.

Bu qeyri-adi kəşf ulduzların son həyat mərhələləri və supernova partlayışlarının təbiəti ilə bağlı elmi fikirləri yenidən nəzərdən keçirməyə əsas verir.

Alimlərin ilkin nəticələri Cornell Universitetinin elmi məqalələr arxivində dərc olunub.

S.ELAY
XQ

Maraqlı