“Konstitusiya və Suverenlik İli” – 2025 çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və hüquq: müasir çağırışlar" adlı elmi-praktik forum keçirilib.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib. Son 22 ildə Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən dövlət siyasətində də mədəni sahənin fəal himayəsi önəmli yer tutur.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov mədəniyyət və hüquq sahəsindəki qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb. Parlament sədrinin müavini, akademik Rafael Hüseynov mədəniyyətin yalnız sənət və estetik dəyərlərlə məhdudlaşmadığını, eyni zamanda, cəmiyyətin hüquqi maariflləndirməni də əhatə etdiyini bildirib. Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov belə müzakirələrin hüquq və mədəniyyət sahəsində fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq üçün əlverişli imkan yaratığını qeyd edib.
Panel müzakirələrində “Mədəniyyət və Hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və mədəni dəyərlərimiz” və “Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri” mövzuları incələnib.
XQ



