Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası

post-img

“Sputnik Azərbaycan”la bağlı durum da müzakirə edilib

Dünən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Rəşad Məcid gündəlikdə dayanan məsələlər barədə məlumat verib.

Əvvəlcə Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq-müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.

MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun sözügedən müraciətinin rus və ingilis dillərində olmaqla, dünyanın bir çox aparıcı qurumlarına və onların rəhbər şəxslərinə göndərildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Şuranın sənədində RJİ-nin “Sputnik Azərbaycan”la əlaqədar durumu söz azadlığının pozulması kimi təqdim etməsinin yolverilməzliyi əsaslandırılıb.

MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Rusiya mediasındakı anti-Azərbaycan meyillərin hər zaman özünü göstərdiyini deyib. Komissiya sədri 2022-ci ildə ölkəmizin media resurslarının Rusiya ərazisində yayımının bloklandığı da vurğulayıb. Halbuki, Azərbaycan müharibə şəraitində olduğu dönəmdə Rusiyanın kütləvi informasiya vasitələrinə münasibətdə analoji addım atılmamışdı.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, “Sputnik Azərbaycan” 2022-ci ildə də ölkəmizlə bağlı təxribatçı mövqe tuturdu. Belə bir mövqenin hazırkı qanunazidd təzahürünün meydana çıxması təəccüblü deyil. Ona görə MŞ-nin beynəlxalq ictimaiyyətə müraciəti tam yerindədir.

MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli diqqəti Rusiya mediasının təmsilçilərinin, xüsusən, “Telegram” platformasında anti-Azərbaycan fəaliyyət həyata keçirmələrinə çəkib və belə hallara münasibətdə zəruri tədbirlərin görülməsinin vacibliyini əsaslandırıb.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Rusiyanın media cameəsində Azərbaycana qarşı qərəzli münasibətin hər zaman özünü göstərdiyindən söz açıb və Şuranın məlum müraciətinin beynəlxalq ictimai rəydə müsbət qarşılanacağına inandığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli çıxışında Şuranın müraciətinin kifayət qədər dolğun mahiyyət daşıdığını deyib. O bildirib ki, sənəd ölkəmizin media cameəsinin tutarlı mesajıdır.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Rusiya mediası ilə ideoloji müharibənin bundan sonra da davamlı olacağı birmənalıdır. Çünki qarşı tərəf xoşagəlməz kursuna ara vermir. R.Arifoğlu mövcud şəraitdə Mətbuat Şurasının da mütəşəkkil komanda kimi aktivliyinin vacibliyinə toxunub və bu məqsədlə sosial şəbəkələrdə sistemli fəaliyyətin aparılmasının zəruriliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva çıxışında media sahəsindəki anti-Azərbaycan yönümlü beynəlxalq təmayüllərə qarşı mübarizənin daha fundamental aparılması üçün bu sahə ilə bağlılığı olan ekspertlərin ideoloji fəaliyyətə cəlb edilməsinin zəruriliyi üzərində dayanıb.

Toplantıda Mətbuat Şurasının məlum müraciətinin Rusiyanın media cameəsi tərəfindən hiddətlə qarşılandığı da önə çəkilib və bildirilib ki, bu, Şuranın sənədinin RJİ-nin qərəz və yalan dolu məktubunu heçə endirməsindən qaynaqlanır. Hiddətlənənlərdən biri isə “Rossiya Segodnya”nın baş direktoru Dmitri Kiselyovdur. Kiselyovun MŞ-nin müraciətini əhəmiyyətsiz sənəd hesab edib.

İclasda “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsinin olmadığı bir daha vurğulanıb. Mövcud xüsusda bildirilib ki, indiyədək “Sputnik”in peşə müstəvisindən uzaq hərəkətlərinə dair həm yerli, həm də beynəlxalq miqyasda bir sıra insidentlər qeydə alınıb.

İkincisi, ümumən Rusiyanın xaricdəki media özəklərinin Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyaları aparmaları düşünülmüş strategiya halını alıb.

Üçüncüsü, Azərbaycanın hüquq-mühafizə orqanlarının işi qanunvericiliyə uyğundur. Hazırda İ.Kartavıx və Belousovla bağlı istintaq aparılır. RJİ-nin, eləcə də Rusiyanın media cameəsinin ayrı-ayrı təmsilçilərinin istintaqın nəticələrini gözləmədən adları çəkilən şəxslərin saxlanılmalarını söz azadlığı müstəvisinə daşımaları jurnalistika standartları ilə manipulyasiya və beynəlxalq ictimai rəyi yanlış məlumatlandırmaq cəhdidir. Bu cəhdlərin isə heç bir faydası olmayacaq.

MŞ İdarə Heyətinin iclasında o da vurğulanıb ki, Rusiyanın media cameəsindəki anti-Azərbaycan yönümlü fikir daşıyıcıları ədalət prinsiplərinə kölgə gətirə bilməyəcəklərinin fərqinə varmalıdırlar. Belələri, ilk növbədə, Rusiyada söz azadlığına, jurnalist hüquqlarına aşkar həqarət hallarına cəbhə açmalıdırlar. Bunu bacarmayıb, Azərbaycana qarşı beynəlxalq miqyasda mənfi rəy formalaşdırmaq istəmələri kənardan gülünc görünür. Şuranın müraciətinə həqarətli münasibətlə yanaşan D.Kiselyova gəlincə, o, gülünc durumun bənzərsiz və təkrarsız mənfi personajından başqa bir şey deyil.

***

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ Mətbuat Şurasının milli mətbuatımızın 150 illik yubileyi ilə əlaqədar olub. Şura yubileylə bağlı iki təşəbbüs irəli sürüb. Bunlardan birincisi elekton və çap formatında “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının nəşridir. Kitabda Azərbaycanda 150 il müddətində işıq üzü görmüş qəzet və jurnalların ilk sayları, ideya istiqamətləri, ölçü və tirajları, loqoları, redaksiyaların tərkibi, ünvanları, eləcə də onlar haqqında digər yığcam məlumatların toplanılması, çapı və PDF formatda hazırlanması nəzərdə tutulur. İkinci təşəbbüs isə “Əkinçi”nin 50 illiyinə həsr edilmiş kitabın nəşridir. 1925-ci il martın 16-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Rəyasət Heyəti “İlk türk qəzetinin 50 illiyi haqqında” qərar çıxarıb. Həmin ilin sentyabrında isə Azərbaycan Xalq Komissarları Şurası da yubileyin keçirilməsi ilə bağlı xüsusi qərar verib, yubiley komissiyası yaradıb. Komissiyaya türk mətbuatının tarixinin öyrənilməsi və Bakıda sərgi təşkili üçün Moskva, Sankt-Peterburq və Tiflis arxivlərində saxlanılan qəzetlərin nüsxələrini toplamaq tapşırılıb. Komissiya üzvləri həmin şəhərlərdə axtarışlar aparıb, Azərbaycan mətbuatının tarixi üçün bu gün də əhəmiyyətini itirməyən sənədlər toplayıblar. MŞ sədri sadalanan təşəbbüslərin həyata keçirilməsi üçün müvafiq müraciətin edildiyini və müsbət cavabın alındığını da diqqətə çatdırıb və tez bir zamanda işlərin görülməsinə başlanılacağını vurğulayıb.

İclasda Şuranın İdarə Heyətinin ötən iclasdan indiyədək gördüyü işlərə dair məlumatı dinlənilib, həmçinin MŞ-nin Katibliyi tərəfindən Şuraya daxil olmuş şikayətlərlə bağlı məlumat verilib.

İclasda məlumat verilib ki, iyulun 18-də MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin 65 yaşı tamam olur. Bildirilib ki, onun müstəqil medianın formalaşmasında əməyi böyükdür. Qurucusu olduğu “Bakı xəbər” qəzeti də müstəqil medianın ön sıralarında yer alan peşəkar yaradıcılıq nümunəsidir. Bütün bunlar əsas götürülərək, A.Quliyev MŞ-nin diplomuna layiq görülüb və diplom plaketini yubilyara təqdim edilib.

XQ

Son xəbərlər