Ermənistanda “Şimal küləkləri” güclənir, amma...
Rusiyanın müəyyən dairələri Ermənistanda vəziyyəti qarışdırmaq üçün özlərinin, obrazlı desək, son güllələrini atırlar. Bu güllələrin uçuş trayektoriyasının necə olacağı, hədəfə dəyib-dəyməyəcəyi şübhə doğurur. Amma hər halda ortada cəhd var. Söhbət Rusiyaya bağlı iş adamı və xeyriyyəçi kimi təqdim edilən “Tashir Group”un sahibi və rəhbəri Samvel Karapetyanın yeni partiya yaratmaq niyyətindən gedir. O, məqsədini yaydığı müraciətdə açıqlayıb. Müraciətin hazırlanma yeri isə Ermənistan İstintaq Komissiyasının təcridxanasıdır.
Bəli, S.Karapetyan bir müddət əvvəl, yəni azadlıqda olarkən Erməni Apostol Kilsəsini və bu dini qurumun rəhbəri II Qaregini müdafiə etmiş və bildirmişdi: “Kiçik bir qrup, Ermənistan tarixini və kilsəmizin min illik ənənələrini unudaraq, ona və erməni xalqına hücum çəkir. Mən hər zaman kilsənin və xalqın yanında olmuşam və özüm də bu dəyərləri müdafiə etmək üçün mübarizə aparacam. Əgər siyasətçilər buna müvəffəq olmasa, onda biz öz yolumuzla bu prosesdə iştirak edəcəyik”, - deyən Karapetyanın “kiçik bir qrup” məntiqi baş nazir Nikol Paşinyan və onun komandasına atmacadır. O komanda ki, bu çıxışından sonra Karapetyanı dəmir barmaqlıqlar arxasına göndərdi.
S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə, yəni ictimai çağırışlarla hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhddə ittiham olunub və İrəvan Məhkəməsinin hökmü ilə iki ay müddətinə azadlıqdan məhrum edilib. Çox güman, istintaq müddəti başa çatdıqdan sonra iş adamı barədə yekun qərar da çıxarılacaq. Heç şübhəsiz, gələcək qərarda onun dünənki müraciəti və siyasi partiya yaratmaq istəyi də nəzərə alınacaq. Əlbəttə, buna nəzərə alınmaq demək mümkündürsə.
Beləliklə, Karapetyan müraciətində bildirib ki, tərəfdarlarının iyulun 4-dəki ilk aksiyası hakimiyyətin əsas qorxusunu üzə çıxarıb. Onun fikrincə, bu aksiyadan sonra xalq, guya, öz gücünə inanır və repressiyalar qarşısında sınmır. Göründüyü kimi, Samvel “sabun köpürtməklə” məşğuldur. Yəni prinsipcə, N.Paşinyan hakimiyyətini devirmək yönümlü çağırışlar səsləndirən digərlərindən fərqlənmir. Onu fərqləndirən isə malik olduğu maliyyə resurslarıdır. O maliyyə resursları ki, mənbəyi Rusiyadır.
Heç şübhəsiz, Karapetyanın siyasi partiya yaratmaq eşqinin müəllifləri də məhz Rusiyada əyləşiblər. Onlar Samveli idarə edirlər. Hərçənd, nəzərə alsaq ki, iş adamı həbsxanadadır, indi onu necə müdafiə edəcəkləri qeyri-müəyyəndir. Üstəlik, Karapetyanın azadlığa çıxıb-çıxmayacağına da heç bir təminat yoxdur.
Əlqərəz, S.Karapetyan onu da bildirib ki, Paşinyanın anti-xalq siyasətinə qarşı indiyədək real mübarizə aparan siyasi qüvvələrə və xadimlərə böyük hörmətlə yanaşır. Amma: “Ermənistan üçün parlaq gələcəyə dair öz baxışımız var. Biz öz yolumuzla, yeni komandamızla irəliləyəcəyik. Bununla yanaşı, eyni düşüncədə olanlarla daxili siyasi əməkdaşlığı da istisna etmirik. Ədalətli və böyük hədəflər ətrafında xalqı birləşdirməyə çalışacağıq. Mövcud hakimiyyətin cəmiyyətə zorla sırıdığı ağ-qara və digər süni bölgüləri rədd edəcəyik. Bu bölgülər ölkəni parçalamaq və zəiflətmək üçündür. Hətta bu rejimin müxtəlif pillələrində indi də çalışan elə peşəkar insanlar var ki, dar hakim qrupun dəyərlərini bölüşmür, lakin mövcud vəziyyətdən çıxış yolu görmürlər. Bizim siyasi komandamızın formalaşması artıq başlayıb. Öz yolumuzla hərəkət edəcəyik”.
Əlbəttə, S.Karapetyan nə etdiyini yaxşı bilir. Məsələn, o bilir ki, erməni xalqının hazırda müxalifət kimi ortaya düşən qruplaşmalara ciddi nifrəti var. Buna görə də ayrıca partiya yaratmağa baş vurur, özünün və komandasının köhnə nomenklaturadan, guya, fərqləndiyini göstərmək istəyir. Halbuki onun da, hazırda üzdə olan və həyasızlıq salan ekslərin də “küləyinin” Şimaldan əsdiyini hər kəs çox gözəl bilir.
Başlıca məqam isə budur: S.Karapetyanın hansı metodlarla mübarizə aparmaq niyyətini açıqlamasından asılı olmayaraq, hazırda bu şəxsin siyasi komandası yoxdur. Komanda formalaşdırmaq isə asan məsələ deyil və indiki durumda iş adamı Ermənistanın siyasi mühitində kal armud kimi bir şeydir. Həm də ona görə ki, onu ortaya atanlar tələsiyə düşüblər. O qədər tələsiyə düşüblər ki, Karapetyanın Rusiya vətəndaşlığının olduğunun fərqinə varmayıblar.
Xatırladaq ki, indi Bakı Hərbi Məhkəməsinin özü barəsində çıxaracağı hökmünü gözləyən Qarabağdakı keçmiş separatçı rejimin oyuncaq “dövlət naziri” postunu tutmuş Ruben Vardanyan 2023-cü ilin yayında Rusiya tərəfindən dövriyyəyə buraxılanda onunla əlaqədar “ssenari” indiki qədər səliqəsiz və primitiv qurulmamışdı. Ruben pafoslu müraciət hazırlamış, Rusiya vətəndaşlığından imtina etdiyini bildirmiş və Qarabağda məskunlaşmaq qərarına gəldiyini bəyan etmişdi. Sonra baş verənlər də hər kəsin yaxşı xatirindədir. O cümlədən, Vardanyanın tutulub Bakıya aparılması...
Təsadüfi deyil ki, Samvelin Rusiya vətəndaşı olması rəsmi İrəvanın da mövzuya yanaşmasına təsir göstərir. Diqqət yetirək, Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan Karapetyanın siyasi partiya yaratmaq məsələsinə belə münasibət bildirib: “Rusiya vətəndaşının Ermənistanın daxili siyasi həyatına qarışması narahatlıq doğurur. Əgər sizi hakimiyyətin yeni siyasi komandanın yaranmasından qorxduğu maraqlandırırsa, onu deyim ki, 2018-ci ildən indiyədək xeyli sayda siyasi qüvvələr formalaşıb. Biz onların potensiallarının çatdığı qədər bacarıqlı olduqlarını görmüşük”.
T.Çaxoyan açıqlamasında onu da bildirib ki, 2026-cı ilin parlament seçkilərinə qədər gözləmək və hakimiyyətə qarşı çıxanların nə ortaya qoyacaqlarını görmək lazımdır. Məsələ isə ondadır ki, bir il ərzində heç nə dəyişməyəcək. Yəni, Karapetyanın hansısa fövqəladə imic toplaması və hazırkı iqtidara qarşı tutarlı alternativə çevrilməsi mümkünsüzdür. Onu da nəzərə alaq ki, bu şəxsin həbsə atılmasına ciddi əks reaksiya da yoxdur. Çünki böyük ölçüdə erməni cəmiyyəti anti-Rusiya ovqatına köklənib. Mövcud kökləniş fonunda Samvelin partiyası üçün “ölüm hökmünün” indidən çıxarıldığını söyləmək mümkündür. Daha dəqiq desək, Karapetyanın yaradacağını açıqladığı siyasi partiya ana bətnindəki ölü uşaq kimidir.
Ə.CAHANGİROĞLU
XQ