Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Ali və yüksəksəviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə ev sahibliyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.
***
Özbəkistanın paytaxtı Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib. “Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.
Tədbirdə çıxış edən Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü Konfransının Bandunq Bəyannaməsinin qəbulunun ildönümünə təsadüf etməsi baxımından əlamətdar olduğunu deyib. Vurğulayıb ki, bu ay Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyan Bandunq prinsiplərinin 70 illiyi qeyd olunur. Ötən illər göstərir ki, Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib. Əksinə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir. Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimsəməkdə və onlara sadiq qalmaqda əzmkar olublar.
Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini daha da inkişaf etdirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün yaxşı imkanlar var. O, üzv parlamentləri bu prosesdə fəal iştirak etməyə və ümumi məqsədlərin təşviqi istiqamətində birgə işi davam etdirməyə çağırıb.
Sonra Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və digərləri çıxış edərək konfransın mövzusunun aktuallığı, müasir beynəlxalq münasibətlərdə Bandunq prinsiplərinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndiriblər.
Konfransın gündəliyində duran bir sıra təşkilati məsələlərə də baxılıb. S.Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub.
Konfransda, həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən Büro və daimi komitələrin fəaliyyətlərinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktına və COP29-un mühüm nəticələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
***
Həmin gün Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib.
Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb. Sənədi Sahibə Qafarova və Ahmed Aljarvan imzalayıblar.
Sənədin əhəmiyyətindən danışan Milli Məclisin sədri bildirib ki, memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
***
Dünən Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb.
Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Məclisinin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova imzalayıb.
XQ