Azərbaycan –ABŞ: Dini məsələlər üzrə fikir mübadiləsi

post-img

Fevralın 27-də xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) nümayəndə heyəti ilə görüşüb.

Komissiyanın sədri Stefen Şnekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Azərbaycan–ABŞ ikitərəfli münasibətlərində humanitar sahənin komponenti kimi dini məsələlər üzrə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, o cümlədən dövrümüzdə qarşılıqlı hörmət əsasında və dinc yanaşı yaşamaq praktikasının inkişaf etdirilməsində multikulturalizm və dini dözümlülük kimi dəyərlərin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.

S.Şnek səfərin ötən bir il ərzində Azərbaycanda dini məsələlərin tənzimlənməsində əldə olunmuş təcrübə ilə bilavasitə tanış olmaq üçün həyata keçirildiyini bildirib. O, bu məqsədlə səfər çərçivəsində Azərbaycanda bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri və müxtəlif dini icmaların təmsilçiləri ilə görüşlərin nəzərdə tutulduğunu qeyd edib.

Nazir müavini E.Məmmədov Azərbaycanda tarixən mövcud olan köklü və nümunəvi multikulturalizm və dini dözümlülük ənənələrinin bu gün beynəlxalq miqyasda ən ali səviyyələrdə təqdir olunduğunu bildirərək ölkəmizin bu istiqamətdə hər zaman qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu vurğulayıb.

 

Son xəbərlər